CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yarımadada yeni söküntü xəbərdarlığı narazılığa səbəb olub

"Azərsu həmin ərazilərə su təchizatı ilə bağlı icazə verib və hətta sayğaclar da quraşdırılıb"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb. Bu barədə Sputnik Azərbaycan-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı məlumat vermişdi.

Bakı və Sumqayıtda böyük söküntü dalğası gözlənilir, üstəlik kompensasiya ödənilmədən

Qurum sözçüsü bildirmişdi ki, Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib.

A.Cəbrayıllı qeyd etmişdi ki, sahibkarlar narazı olmalarına baxmayaraq məhkəmə iddiası qaldırılıb. Həmin obyektlərin söküləcəyi təqdirdə, sənədləri olsa belə, "Azərsu" ASC sahibkarlara obyektlərinin sökülməsinə görə heç bir kompensasiya ödəməyəcək.

Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında mövcud vəziyyəti şərh edib. O, bu məsələdə "Azərsu"nun da təqsirli olduğunu deyib: "Azərsu" ASC özü kifayət qədər böyük icra hakimiyyəti orqanıdır. Qurumun xeyli sayda rayon və regional şöbələri fəaliyyət göstərir. Həmin şöbələrdə yüzlərlə əməkdaşlar çalışır. Yaxşı, bu tikintilər aparılarkən "Azərsu" hara baxırdı?"

"Vətəndaş həmin əraziyə vəsait xərcləyəndə "Azərsu" nəyə görə tikintinin qarşısını almır, vətəndaşı izafi xərclərdən yayındırmırdı? Niyə vətəndaşa başa salmırdılar ki, bu ərazi qurumun ərazisidir və burada tikinti aparmaq olmaz? Və yaxud, niyə yerli icra hakimiyyəti orqanına sorğu göndərmirdilər ki, "sənin ərazində mənim balansımda olan torpaq sahəsi üzərində tikinti aparılır, tələb edirəm tikinti dayandırılsın"?" — ekspert sual edir.

Müsahimiz qeyd edir ki, "Azərsu" ASC bu məsələdə haqsız olsa da, obyektlərin sökülməsini tələb etməkdə haqlıdır: "Haqlıdır o mənada ki, çıxarışı verən icra qurumları fərqlidir. 2013-cü il yanvar ayının 1-də sərəncam konkret olaraq ləğv olundu. Yəni vətəndaş fərdi yaşayış evi tikərkən daha sərəncam almır. Həyata keçirmək istədiyi layihənin eskizini çəkir və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırır. Bundan sonra tikir".

"Çıxarış ən sonuncu mərhələdir. Çıxarış verilənə qədər müəyyən qeydiyyat sənədləri olur ki, bu sənədlər ayrı-ayrı qurumlara aiddir. Baxmaq lazımdır ki, yerli icra hakimiyyəti orqanları həmin tikintiyə hansı səbəblə icazə verib. Və əgər icazə verilibsə, həmin torpaq sahəsi vətəndaşın adına hansı kadastrla salınıb" — R.Osmanlı bildirib.

Həmsöhbətimiz əlavə edib ki, bu məsələlər bir-birinə bağlıdır: "Və bu gün nə "Azərsu", nə də digər qurumlar bu məsələni yazılı kağız parçası ilə üzərilərindən ata bilər. Ərazidə tikinti aparılıb, yaşayış və ya fəaliyyət var. "Azərsu" həmin ərazilərə su təchizatı ilə bağlı icazə verib və hətta sayğaclar da quraşdırılıb. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Məsələnin araşdırılması fərqli mərhələlərdən ibarətdir. Vətəndaş tikinti aparan zaman müvafiq icra hakimiyyəti orqanlarının xəbəri olur. Bu səbəbdən də qanunsuz tikili yoxdur, sənədsiz tikili var".