HADİSƏ

Bakının iki qəsəbəsində vəziyyət gərginləşir

Ərazidə çat qeydə alınan evlərin sayı artıb
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Yeni Günəşli və Zığ sürüşmə sahəsində vəziyyət gərginləşir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Bakının cənub-şərqində evlər dağılır, əhali ərazini tərk edir

Onun sözlərinə görə, bu gün səhər saatlarında əraziyə baxış keçirilib: "Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki "Günəşli Yaylası" çökmə-oturma sahəsi və Zığ sürüşmə sahəsindəki çatlarda müəyyən qədər artım var. Ərazidə çat qeydə alınan evlərin sayı artıb. Eyni zamanda çatların eni də genişlənib".

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun bir müddət əvvəl verdiyi məlumata görə, Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında — ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb.