HADİSƏ

Qazaxın kəndində canavarlarla qanlı çarpışma gedib

Yırtıcılar onlarla xırdabuynuzlu heyvanı, itlər isə bir canavarı parçalayıb
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Qazax rayonunda son günlər ərzində ikinci dəfə fərdi təssərüfata canavar hücumu baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kosalar kənd sakini Müzəffər Yusifova məxsus, kəndin ətrafında yerləşən təssərüfata hücum edən yırtıcılar 39 baş qoyunu parçalayıb, 10 baş qoyunu isə yaralayıb.

M.Yusifovun sözlərinə görə hadisə baş verən gün heyvanları tövləyə salıb evə gedib. Səhər qayıtdığında isə artıq heyvanların parçalandığını, 3 itdən birinin isə yaralandığını görüb.

"Bir neçə gündür kəndin ətrafında 3 canavarın dolaşdığı haqda söz-söhbət gəzirdi. Nə bilim ki, gəlib mənim neçə ildir yeməyib artırdığım heyvanları bir gecənin içində məhv edəcək" — deyə Yusifov bildirib.

Təsərrüfat sahibi itlərin yırtıcılardan birini məhv etdiyini də söyləyib.

Qazaxda gecə vahiməsi: Yırtıcılar qabağına çıxanı parçalayıb

Xatırladaq ki, Qazax rayonunda analoji hadisə bu il yanvarın 11-ə keçən gecə də baş verib. Rayon sakini Pərviz Sadiqinin həyətinə girərək 15 baş heyvanı parçalayıb, 10 baş qoyunu isə yaralayıb. Zərərçəkənin dediyinə görə, təsərrüfatında 25 qoyun və keçi olub ki, yırtıcılar bütün sürüyə hücum edib.

Canavarlar tövləyə tikilinin arxa tərəfindən daxil olub. Hadisə vaxtı təsərrüfat sahibi evdə olsa da, baş verənlərdən səhər saatlarında xəbər tutub.

Hadisə yerinə Qazax Rayon Baytarlıq İdarəsinin əməkdaşları baxış keçiriblər. Ölən və yaralanan heyvanlardan nümunələr götürülərək lazımi tədbirlər görülüb.