BAKI, 15 yanvar — Sputnik. ABŞ tərəfindən ortaya atılmış kosmosun hərbiləşdirilməsi planı beynəlxalq təhlükəsizliyə yeni "çox neqativ dəyişikliklər" gətirəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfrasında bildirib.
Lavrov qeyd edib ki, Rusiya və Çinin silahların kosmosda yerləşdirilməməsi haqqında saziş layihəsi ilə əlaqədar birgə təşəbbüsü var. Bu təşəbbüs bir neçə il əvvəl BMT-nin silahsızlaşdırma ilə bağlı konfransında təqdim edilmişdi.
"Təəssüf ki, ABŞ-ın mövqeyi ucbatından hələ həmin sazişin müzakirəsinə başlanmayıb. Qalan hamı bu məsələnin aktuallığını başa düşür. Amma ABŞ kosmik məkana silahların yerləşdirilməsi ilə hərbiləşdirmə planını aşılamağa davam edir. Əlbəttə ki, bu, beynəlxalq təhlükəsizlik problemlərinə çox neqativ dəyişikliklər gətirəcək" — deyə Lavrov bildirib.
Bundan başqa, o qeyd edib ki, BMT-nin silahsızlaşdırma ilə bağlı konfransı çərçivəsində Çin də kimyəvi və bioloji terrorizmin qarşının alınmasına dair Konvensiya layihəsində Rusiya ilə həmmüəllifdir. Lavrov bu layihəyə də "ABŞ tərəfindən maneçilik törədildiyini" vurğulayıb.