CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu aralar xüsusilə diqqətli olun - Çıxış yolları

"Qış aylarında sürücülər nasaz avtomobillə uzun yola çıxmamalıdır"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Qışda avtomobillərin xüsusi qulluğa ehtiyacı olur. Təkər dişlərinin dərinliklərinə və təkər havasına, şüşə suyu və pəncərə silənlərə, işıqlandırma lampalarına nəzarət qışda sizi təhlükələrdən qorumaqla yanaşı, avtomobildə də bir sıra problemlərin yaranmasının qarşısını alır.

Sürücülərə müraciət olundu: Təhlükə var

Avtomobil ustası Malik Əliyevin Sputnik Azərbaycan-a danışdığına görə, mühərrikli vasitələr üçün bütün baxışlarda ilk şərt mühərrik yağının dəyişdirilməsidir: "Bu yağ mühərrikin detallarının daha yaxşı çalışması üçün olan vasitədir. Yağ istifadə edildikcə azalır və keyfiyyəti dəyişir. Və vaxtaşırı dəyişdirilməsinə ehtiyac yaranır".

M.Əliyev bildirir ki, bəzi sürücülər mühərriki hərəkətə gətirən kimi sürməyə başlayır: "Bu da avtomobilin mühərrikində müəyyən problemlərin yaranmasına səbəb olur".

Usta qeyd edir ki, bəzən sürücülər bilmədikləri üçün qışda donan şüşəyə isti su tökürlər: "Bu, qətiyyən olmaz. Çünki şüşə anında parçalanmasa belə, sonradan parçalana, çatlaya bilər. Şüşənin donunu açmaq üçün az-az adi su tökülməlidir. Şüşələr içəridən sabunlu su ilə silinməməlidir. Əks halda buxarlanmaya səbəb ola bilər".

"Məsləhətdir ki, sərt qış başlamamışdan sürücülər avtomobillərini müayinə etdirsinlər. Qış aylarında avtomobilin daha çox qulluğa ehtiyacı olur. Buna görə də çalışın ki, avtomobili müayinədən keçirib problemlərini həll edəsiniz. Problemsiz avtomobil həm də təhlükəsiz həyat deməkdir. Qış aylarında nasaz avtomobillə əsla uzun yola çıxmaq olmaz".

Bunun üçün ustanın sadaladıqları mütləq nəzərə alınmalıdır: "Antifrizi ölçdürün. Radiator sistemindəki suyun donmaması üçün antifriz istifadə edilməlidir. Hava filtirlərinə baxdırın. Qışda hava filtirlərini təmizləmək, istifadə edilməyəcək vəziyyətdədirsə, dəyişdirmək lazımdır. Siləcəklərə baxdırın, sıradan çıxıbsa, dəyişdirin".

Malik Əliyev sürücülərə təkərlərin xarici diş dərinliklərinə fikir verməyi də tövsiyə edir: "Əslində qış aylarında bu dəliklər 3 mm olmalıdır. Əgər təkərlər yeyilibsə, yolda qalmamaq və ya hər hansı qəza yaşamamaq üçün mütləq qış təkərlərindən istifadə edin. Elektrik sistemini mütləq müayinə etdirin. Çünki qış aylarında soyuq hava avtomobilin elektrik sistemini tez sıradan çıxarır".