Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Lənkəran rayonunun Liman şəhərində daha iki nəfər döyülüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, naməlum şəxs orta yaşlı Nəcəfqulu Həsənovun evinə girərək onu yatdığı yerdə döyüb.
"Yenicə yuxuya getmişdim ki, birdən mənə zərbə dəydi. "Tok" vurduğunu zənn etdim. Tez ayağa qalmaq istədim ki, növbəti zərbələri aldım. Ayağa qalxmağa çalışdım, zərbənin təsirindən yerə yıxıldım. Son həmin adam qaçdı" — zərərçəkmiş şəxs danışıb.
N. Həsənov əl və baş nahiyyələrindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti normal olduğundan evə buraxılıb.
Eyni ərazidə və eyni gecə saatlarında daha bir döyülmə faktı qeydə alınıb. Liman şəhərinin 16 yaşlı sakini Heybət Abdullayev də naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılan yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, həmin gün Lənkəranda daha bir analoji cinayət hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, Lənkəran rayonu Liman şəhər sakinləri, 1949-cu ilə təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdül Samirə Miriyeva naməlum şəxslər tərəfindən və naməlum şəraitdə döyülüb.
Hər iki şəxs dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Döyülən H.Qarayeva və S.Miriyevanın vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən dərhal sonra reanimasiya şöbəsinə yerləşdiriliblər.
Samirə Miriyeva ağır kəllə-beyin travması aldığından bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. Hazırda döyülmə faktı ilə bağlı araşdırmalar aparılır.