BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda uşaqların 95%-i qızılca və məxmərəyə qarşı peyvənd olunub.
Bunu Sputnik Azərbaycan-a respublikanın baş pediatrı, AR Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun rəhbəri Nəsib Quliyev bildirib.
O, qeyd edib ki, 2015-ci ildən etibarən ölkəmizdə bu xəstəliklər aradan qalxıb. Son illərdə Azərbaycanda bu xəstəliklərlə demək olar ki, heç kəs tutulmayıb. Hətta Ukraynada yayılmış qızılca xəstəliyi belə Azərbaycandakı uşaqları təhdid edə bilməz.
Baş pediatr ölkəmizə gələn, eləcə də xəstəliklərə qarşı peyvənd edilməmiş uşaqlar arasında infeksiyanın olma ehtimalını istisna etmir. Buna görə də, o, valideynləri mühüm tibbi prosedurlara laqeyd yanaşmamağa çağırıb.