CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sarı gəlin"in sədaları altında belə qeyri-adi rəqs heç olmamışdı

Qeyri-adi adı olan Azərbaycan kollektivi rəqsin səviyyəsini yeni pilləyə qaldırmaq istəyir
Sputnik

BAKI, 11 yanvar — Sputnik. SILENCE ("Sükut") rəqs şousu bu günlərdə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında ifa etdiyi teatrallaşdırılmış debüt klipini təqdim edib.

Bu kollektivin fəaliyyəti ilə bağlı Sputnik Azərbaycan-a xoreoqraf Fariz Musayev ətraflı məlumat verib.

İnanılmaz "Sarı gəlin" layihəsi: fərqli yanaşma, fərqli rəqs – VİDEO

Onun sözlərinə görə, layihə bir neçə ay bundan əvvəl doğulub. Buna baxmayaraq, qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb. Başlanğıcda şounun heyətinə beş nəfər daxil olub: Fariz Musayev, Fərman Lazımov, Ramil Məmmədli, Aytən Musayeva və Əsmər Əsmər. Sonra onlara Zülfiyə Qazıyeva, Zəffər Kərimov və Nərminə Aslanova qoşulub.

Musayevin sözlərinə görə, uzun müddət bu cür layihəni necə qurmaq barədə fikirləşiblər. Onlar bunu yüksək səviyyədə etmək istəyiblər ki, gələcəkdə xaricdə də təqdim etsinlər.

"Komandamızın fərqli cəhəti odur ki, biz artıq ölkəmizdə gördüyümüz standart rəqs şousu göstərmirik, rəqslərin və aktyor ustalığının hesabına tamaşaçılara həyat realizmi və teatr şousu təqdim etməyə çalışırıq. Məqsədimiz insanları təəccübləndirmək və valeh etməkdir" – deyə Musayev bildirib.

Kollektivin ifa etdiyi rəqs janrı çox qeyri-adidir. Ona görə də onların konkret hansı stildə rəqs etdiyini demək mümkün deyil. Musayev hesab edir ki, onlar hər stildə rəqs edirlər: Breykinq, kontemp, voq, dənsholl, hip-hop, step və s. Onun sözlərinə görə, istənilən rəqs teatral, gözəl və aydın olmalıdır. Ən əsası isə onu tamaşaçılara düzgün şəkildə çatdırmaqdır.

Kollektiv musiqi seçimində də fərqlənir, çox spesifik zövqü var. Musayev qeyd edib ki, onlar tamaşadan asılı olaraq əksərən embient (elektron musiqi stili) və klassik janrdakı kompozisiyaları seçirlər.

"Azərbaycanda dünya səhnəsində öz ustalıq məharətini dəfələrlə nümayiş etdirmiş güclü rəqqaslar az deyil, amma belə komandalar azdır. Bizim sahədə rəqabət çox azdır. Hamı əsasən məlum stildə rəqs edir. Biz istərdik ki, XXI əsrin əvvəllərində olduğu kimi, rəqabət mühiti olsun" – deyə Musayev bildirib.

Bir eşqin naləsini ifadə edən “Sarı gəlin” təqdim olundu

Onun sözlərinə görə, rəqs sahəsində yaxşı hesab oluna biləcək kollektivlər var. Onlardan Bigga Boo, Nero, Alarm, Crazy Eyes, JamSS, Challenge Soul və Caspian Flava-nın adları çəkilə bilər.

Musayev şaddır ki, onların ideya müəllifi Fərman Lazımov olan debüt videosu tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Onların bu çarxı hazırlamaqda məqsədi Azərbaycan musiqisinin gözəlliyi fonunda rəqsin gözəlliyini müxtəlif istiqamətlərdə göstərməkdir. Onlar seçim edərkən "Sarı gəlin" mahnısı üzərində dayanmaqla göstərmək istəyiblər ki, müasir gənclik öz ölkəsinin keçmişinə hörmət bəsləyir və bunu gələcək naminə edir.

Kollektivin bu səviyyədə dayanmaq fikri yoxdur. Niyyəti rəqsin səviyyəsini yeni pilləyə qaldırmağı davam etdirmək və öz məharətini bütün dünyaya göstərməkdir.

Musayev hazırda xaricə qastrol səfərinə hazırlaşdıqlarını bildirib. SILENCE layihəsinin qalan planlarını isə xoreoqraf hələlik sirr saxlayıb.