HADİSƏ

Azərbaycanda müdhiş bank soyğunu baş verib

"Bank of Baku"-nun əməkdaşı niyə yarım milyonu oğurlamaq qərarına gəlib?
Sputnik

BAKI, 11 yanvar — Sputnik. "Bank of Baku"-nun keçmiş baş eksperti Eldar İsmayılov üst-üstə yığılmış borcları səbəbindən iri məbləğdə pul oğurlamaq qərarına gəlib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ləğv edilən bankla əlaqəsi olanlar diqqət etsinlər - MÜRACİƏT

Qeyd edək ki, İsmayılov 26 dekabr 2017-ci il tarixində mənimsəmə yolu ilə bank müştərilərinin hesablarından öz hesabına 425 min ABŞ dolları məbləğində pulu köçürməkdə və onu nağdlaşdırmaqda ittiham edilərək saxlanılıb. Sözügedən faktın araşdırılması zamanı həmin bank oğurluğunun təfərrüatları müəyyənləşdirilib.

Aydın olub ki, İsmayılov Bakı-Moskva aviareysi ilə uçduğu təyyarədən enərkən Moskva aeroportunda saxlanılıb. Bu, oğurluğun olduğunu təsbit edən bank əməkdaşlarının sayıqlığı və məsələyə vaxtında reaksiya verməsi nəticəsində mümkün olub.

İlkin məlumatlara görə, İsmayılovun öz biznesi olub. Maliyyə böhranı səbəbindən onun biznesi zəifləməyə başlayıb və öz biznes ortaqlarına borcu yaranıb. Ortaqları daim ona borcu xatırladırmış.

İsmayılov axırda bu pulu bankdan oğurlamağa qərar verib. O, qabaqcadan ayrı-ayrı bank müştərilərinin hesablarından öz hesabına pul köçürmə sxemini düşünüb və bunu hər gün axşam saat 5-də bankda pulların təkrar sayılması prosesindən əvvəl edib.

O, qabaqcadan təyyarə bileti sifariş edib və oğurladığı vəsaitin bir hissəsini nağdlaşdıraraq bankdan çıxıb. Bankdakı vəsaitlərin təkrar hesablanması zamanı bank əməkdaşları uyğunsuzluq aşkar ediblər və bununla bağlı dərhal İsmayılovdan şübhələniblər. Polis lazımi tədbirləri görüb və İsmayılov kütlənin arasına qarışıb yoxa çıxmadan onu saxlayıb.

Qeyd edək ki, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma davam edir.