CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahkı hava şəraiti ehtiyatlı olmağı tələb edir

Güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 10-da hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Diqqət: Hava xəbərdarlığı gəldi

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 10-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Yanvarın 9-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.