BAKI, 9 yanvar — Sputnik. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunun 7-ci maddəsinə (Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, qanunun 7.2-ci maddəsinə "stadionların" sözündən sonra ", qəbiristanlıqların" sözü əlavə edilib.
Təklif olunan redaksiyada deyilir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Mövcud redaksiyada deyilir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Qanun layihəsi qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilə bilməməsini təsbit etmək məqsədilə hazırlanıb. Dəyişiklik Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.