İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 8 yanvar — Sputnik. Özəl məktəb və uşaq bağçalarında müşahidə kameraları quraşdırılıb. Valideynlər bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləyə bilirlər.
Dövlət təhsil müəssisələrinin çoxunda isə buna rast gəlinmir. Olanlarda kameraların geniş yaddaş və kənardan müşahidə olunma imkanları yoxdur. Bu, həm valideynlərin narahatlığına, həm də dövlət məktəb və bağçalarında özbaşınalıq hallarının baş verməsinə səbəb olur.
Övladı orta məktəbdə təhsil alan Samirə İbrahimova deyir ki, bəzən oğlu məktəbdən üst-başı bulaşıq halda gəlir və bildirir ki, sinifdə uşaqlarla dalaşıb: "Dəfələrlə məktəbə getsəm də, bu hal tez-tez təkrarlanır. Uşaqlar öz aralarında dalaşır. Bir neçə dəfə direktora da müraciət etdim, amma sübut olmadığı üçün həmin uşaqlar cəzasız qalır. Bundan çox narahatam. Düşünürəm ki, siniflərdə kamera olsa, uşaqlar da, müəllimlər də diqqətli olar".
Ölkənin bir çox məktəblərində şagirdlərin bir-biri ilə, həmçinin müəllimlərin şagirdlərlə davranışları və bunun fəsadları haqqında çoxumuz məlumatlıyıq. Dövlət hesablı bağça və məktəblər də kameralaşdırılsa, bu problemlərin aradan qalxacağı, azalacağı şübhəsizdir.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, orta məktəblərdə, bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı: "Bəzi məktəb direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı".
Ekspertin sözlərinə görə, bəzi hallarda məktəb direktorları özləri məktəblərində bu tipli kameranın quraşdırılmasında maraqlı olmurlar: "Ona görə də onların rəhbərlik etdiyi təhsil ocağında kameralaşdırılma aparılmır. Əgər dövlət hesablı orta məktəblərdə yaddaş həcmi geniş olan və kənardan müşahidə olunma imkanları olan kameralar quraşdırılsa, valideynlər istənilən an kamera vasitəsilə müəllimlərin necə dərs keçdiyini, uşaqları ilə necə rəftar edildiyini görə bilərlər".
"Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Bir var, müdiriyyət ara-sıra gedib dərslərdə oturub, dərsin gedişatına nəzarət edir, bir də var ki, həm müdiriyyət, həm də valideynlər bunu həmişə izləyə bilirlər" — deyən Əsədov bütün təhsil ocaqlarının kameralaşdırılmasını vacib sayır.
Ekspertin fikrincə, təhsil ocaqlarının kameralaşdırılması böyük məbləğdə vəsait tələb etsə də, hər il təhsilin, infrastrukturun inkişafına ciddi şəkildə dövlət büdcəsindən vəsaiti ayrılır və bütün bu məsələlər məhz dövlət hesabına həyata keçirilir: "Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, Bakı şəhərində və şəhər, rayon mərkəzində yerləşən təhsil müəssisələri buna tam hazır olsa da, kəndlərdə bunu tətbiq etmək hələ mümkün deyil. Bunu isə kənd yerlərində yerləşən müəssisələrin diqqətdən kənar qalması ilə əlaqələndirmək olar".
"Bununla yanaşı, kənd yerlərində valideynlər buna o qədər də maraqlı deyillər. Kənd yerlərində xüsusi maarifləndirmə tədbirləri də həyata keçirmək lazımdır ki, valideynlər bu xidməti başa düşsünlər" — K.Əsədov bildirir.
Həmsöhbətimiz hesab edir ki, kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər: "Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir. Şagirdlərin təhlükəsizlik məsələsi də bu yolla həll olur".
"Bilirsiniz ki, son illər ərzində orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Əgər kameralar quraşdırılsa, valideynlər kamerada baxar ki, şagirdlər nə edir. Məktəbdə yaranan hansısa məsələ ilə bağlı valideyn narazılıq edə bilər. Narazılıqlar olanda valideynlə əlaqə yaradılar və nöqsanları aradan qaldırmaq, başa salmaq kamera görüntüləri ilə daha asan olar" – deyə ekspert əlavə edir.
Qeyd edək ki, bir çox dövlət hesablı məktəblərin dəhlizlərində kamera sistemi quraşdırılsa da, siniflərdə bu kameralardan quraşdırılmayıb. Bu səbəbdən də dəhlizlərə nəzarət mümkün olsa da, sinif otaqlarında müəllimlərin və şagirdlərin davranışları nəzarətdən kənar qalır. Ekspert hesab edir ki, baş verən problemlərin qarşısının alınması kameralaşdırılmadan keçir.