Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 3 yanvar — Sputnik. Bir neçə il öncə yaradılan Azərbaycan pantomim teatrının ilk kollektivində yer alan, qısa zamanda oynadığı obrazlar ilə sevilən Əməkdar artist Pərviz Məmmədrzayev uzun müddətdir ki, səhnədə görünmür. Aktyor Sputnik Azərbaycan-a müsahibə verərək səhnədə görünməməsi, hazırkı fəaliyyəti ilə bağlı sualları cavablandırıb.
— Pərviz bəy, qəfildən gözdən uzağa çəkildiniz, səhnədən uzaqlaşdınız. Buna səbəb nə oldu?
— Qəbul etmədiyim məqamlar oldu və uzaqlaşdım. "Simsar" adlı studiya yaratdım. Studiyada ilk tamaşada özüm çıxış elədim. Sonra isə səhnəyə çıxmadım. Hamı sual verirdi ki, niyə uşaqlarla bir səhnəni bölüşmürəm. Səmimi deyim ki, uşaqlarla səhnəni bölüşüb yanımda zəif görünmələrini, onları tamaşaçı gözündən salmağı istəmirdim. Axı onlar mənim balalarımdır. Qeyd edirdim ki, nə vaxt studiyada mənimlə çalışan aktyorlar yüksək səviyyəyə çatacaqlar, o zaman onlar ilə bir səhnəyə çıxacağam. Studiyanı yaratmaqda da məqsədim o idi ki, özümə silahdaş hazırlayım. Amma bəzi səbəblərdən studiya bağlandı, buna baxmayaraq işlərimizi başqa yerdə davam etdirdik.
— Hansı işlərinizi? Nə kimi işlər gördünüz sonra?
— O ərəfələrdə, Akademik Milli Dram Teatrında İsrafil İsrafilovun rəhbərlik etdiyi dövrdə Vidadi Həsənov məni dəvət etdi ki, teatrda studiya açılır. Məni də ora ritm və plastika üzrə müəllim kimi dəvət etdilər. Razılaşdım və tələbələrimi də götürüb getdim ora. Amma İsrafil İsrafilov vəzifədən gedən kimi studiya da bağlandı. Mən də oradan işdən çıxdım.
— Hazırda nə işlə məşğulsunuz?
— Hazırda aktyor hazırlamaqla məşğulam. Amma sizə bir sirr açım. Azərbaycan Dövlət Musiqili Teatrında rejissor Mehriban Ələkbərzadə "Nuri didə Ceyhun" adlı tamaşa hazırlayır. Mən də o tamaşada baş rolda — Ceyhun Hacıbəylini oynayıram. Bu tamaşa Üzeyir Hacıbəylinin mühacirətdə olan qardaşı haqqındadır. Ümid edirəm ki, maraqlı olacaq. Bir sözlə, fəaliyyətim bir səpgidə getmir.
— Daha pantomima tamaşaları oynamırsınız?
— Bu ilin əvvəllərində Yeni "Human" teatrı yaratdım. Qısa zaman ərzində iki tamaşa hazırladıq. Sadəcə məkanımız olmadığı üçün müvəqqəti fəaliyyətimizi dondurmuşuq. Nə zamansa binamız olarsa, davam edərik. Amma bir necə teatr festivalına dəvət almışıq. 2018-ci ilin mart ayında səfərimiz gözlənilir.
— Sənət adamları arasında xaricə gedib, orada fəaliyyətini davam etdirmək dəbdədir. Siz necə, nə vaxtsa, xaricə getmək istəmisiniz?
— Bir neçə ölkədə yaşayıb, işləmək üçün dəvət almışam. Ancaq qəbul etməmişəm, düşünmüşəm ki, millətimin övladını öyrədə biləcəyim halda, niyə başqa yerə gedib başqalarını öyrətməliyəm?! Bəlkə də maddiyyat məni çox sıxsa, məcbur olub gedəcəm. Amma saman çöpündən yapışana qədər çalışacağam. Görsəm ki, artıq boğuluram, ailəni dolandırmaq lazımdı, o zaman artıq qərar verməli olacağam. Təbii ki, mənim üçün ailə birinci növbədədir.
— Pantomima aktyoru kimi ilk simalardansınız…
— Əslində uşaq vaxtı heç vaxt aktyor olmaq istəməmişəm. İngilis dilindən tərcüməçi olmaq istəyirdim. İngilis dili müəllimim mənə dedi ki, tərcüməçi qadın peşəsidir, sən aktyor ol. Bir neçə il mənə dərs dediyi ərəfədə yavaş-yavaş mənə aktyor olmağı aşıladı, öyrəşdirdi və mən də qərar verdim. Doğrudur, imtahanlardan iki dəfə kəsildim. Amma sona kimi getdim. Universitetə imtahan verən zaman məni aktyorluq imtahanından kəsən müəllim tamaşaların birində ayağımın altına gül qoyub. O özü də heç vaxt məni imtahandan kəsdiyini bilməyib, bilməyəcək də. Əslində onlar məni imtahandan kəsməklə mənə böyük kömək olublar. Ömrüm boyu onlara minnətdar olacağam. Amma onlar bunu heç vaxt bilməyəcək.
— Bilirik ki, keçmiş idmançı olmuşunuz. Bu, plastikanıza təsir edib?
— Bəli, gənclik dövründə taekvando ilə məşğul olmuşam. Bəxtiyar Xanızadə də məni idmançı kimi yaxşı tanıyırdı. Bir gün zalda tamaşanı məşq edirdim. Bəxtiyar müəllim içəri daxil oldu və mən məşqi dayandırdım. Bəxtiyar Xanızadə xahiş etdi ki, məşqi davam edim. Mən də dayanmadan öz çıxışımı bitirdim. Sonra Bəxtiyar müəllim məni yanına çağırdı və çıxışımı çox bəyəndiyini dedi ki: "Səni indiyə kimi idmançı kimi tanımışam, bu gün səndə əsl aktyorluq gördüm". Ardınca da soruşdu ki, nə vaxtsa teatr yaratsa, məni dəvət etsə gedərəm? Təbii ki, böyük məmnuniyyətlə təklifini qəbul etdim. Beləliklə, bir müddət sonra Pantomima Teatrı yarandı və biz orada çıxışlara başladıq.