Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ və Rusiya liderləri arasında telefon danışığı olub - Putin Trampı Moskvaya dəvət edib

© Sputnik / Mikhail Klimentev / Mediabanka keçidVladimir Putin və Donald Tramp, arxiv
Vladimir Putin və Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 12.02.2025
Abunə olmaq
Peskov deyib ki, bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi.
BAKI, 12 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.
“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.
Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı amerikalı həmkarı Donald Trampı Moskvaya səfərə dəvət edib.
“Rusiya Prezidenti ABŞ Prezidentini Moskvaya səfərə dəvət edib” – Peskov jurnalistlərə deyib.
Tramp və Putin Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt və “dolların gücü” məsələlərini müzakirə ediblər
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat verib və “dərhal danışıqlara başlamaq” niyyətini vurğulayıb.
Bu barədə Ağ evin başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, söhbət zamanı Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt və “dolların gücü” məsələləri müzakirə edilib.
Tramp vurğulayıb ki, onlar Putinlə ölkələrinin “böyük tarixini” və İkinci Dünya müharibəsindəki əməkdaşlığını xatırlayıblar. Onun sözlərinə görə, xüsusi diqqət Rusiya – Ukrayna müharibəsinə yönəlib. Tramp bildirib ki, tərəflər “milyonlarla ölümü” dayandırmaq istəyir və qarşılıqlı səfərlər də daxil olmaqla sıx əməkdaşlıq barədə razılığa gəliblər.
Tramp qeyd edib ki, “danışıqlar dərhal başlamalıdır”, ilk iş Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək söhbət barədə məlumat vermək olacaq.
“Mən dövlət katibi Marko Rubio, MKİ direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Maykl Uolts və xüsusi elçi Stiv Uitkoffa uğurlu olacağına qəti əmin olduğum danışıqlara başçılıq etməyi tapşırmışam”, – Tramp yazıb.
O həmçinin dünən azad edilmiş Mark Fogelin buraxılmasına görə Putinə təşəkkür edib. ABŞ Prezidenti başlanan səylərin münaqişənin “uğurlu həlli” ilə sonuclanacağına əminliyini ifadə edib.
BMT təqdir etdi
Bu arada BMT ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirib.
BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bu danışığı Rusiya – Ukrayna münaqişəsinin həlli yolunda atılmış müsbət addım olduğunu deyib.
“Birləşmiş Ştatlar və Rusiya Federasiyasının qlobal önəmini nəzərə alaraq, BMT problemlərin həlli istiqamətində müntəzəm təmasları və bu cür diplomatik səyləri alqışlayır. Təbii ki, bu, müsbət bir haldır” – o, bildirib.
Tramp son həftələrdə Rusiya Prezidenti ilə danışıq planları barədə dəfələrlə bəyanat vermişdi.
09.02.25, 15:13
Putin və Tramp arasında telefon danışığı olub - Kreml nə təsdiq, nə də təkzib edir
Moskva ilə Vaşinqton arasında təmaslar müxtəlif kanallar vasitəsilə baş verir.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentii Donald Trampın söhbətinə dair məlumatları nə təsdiq edə, nə də təkzib edə biləcəyini söyləyib.
Qeyd edək ki, Donald Tramp özü rusiyalı həmkarı ilə telefon danışığı apardığını açıqlayıb.
***
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.
Bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.
“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.
“Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.
Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.
27.01.25, 19:15
Putin və Tramp arasında telefon danışığı olacaq?
Putin və Tramp arasında telefon danışığı planlaşdırılmır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, bununla bağlı heç bir razılaşma yoxdur.
Ryabkov qeyd edib ki, Rusiya Federasiyasının yeni ABŞ rəhbərliyi ilə təmasları hələ başlamayıb.
Nazir müavini vurğulayıb ki, Rusiya Federasiyası ABŞ ilə təmaslar üçün açıqdır.
Bununla belə, Moskvanın ABŞ-ın yeni administrasiyası ilə təmasların qurulması üçün heç bir təşəbbüs göstərmədiyi məlum olub.
20.01.25, 09:37
Tramp köməkçilərinə Putinlə telefon danışığı təşkil etməyi tapşırıb - CNN
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiyadan bir neçə gün sonra köməkçilərinə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb. Bu barədə RİA Novosti CNN-ə istinadən məlumat yayıb.
“Yeni seçilmiş prezident Donald Tramp öz köməkçilərinə and içməsindən sonrakı günlərdə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb”, - telekanalın açıqlamasında deyilir.
CNN-in məlumatına görə, söhbətin mövzusu “Ukraynada müharibəni bitirməyə çalışmaq” məqsədi ilə yaxın aylarda siyasətçilər arasında şəxsi görüşün müzakirəsi olacaq.
Telekanalın məlumatına görə, söhbətin tarixinin razılaşdırılıb- razılaşdırılmadığı hələlik bəlli deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0