QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşa istiqamətində yerlər azalıb, Ağdama isə son iki yer

© Baku International Bus Terminal ComplexAvtovağzalda avtobuslar, arxiv şəkli
Avtovağzalda avtobuslar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Bu məqsədlə "yolumuzqarabaga.az" portalı da yaradılıb. Bu işlər Elektron Hökumətin İnkişaf Mərkəzinə həvalə edilib.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az saytı bu gün aktivləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, 18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.
Qeyd edək ki, ilk marşrut xəttinin təşkil olunacağı 24 yanvar tarixində Şuşa istiqamətində satışa çıxarılan 49 yerdən 19-u alınmayıb. Ümumilikdə gedib-qayıtmaq üçün biletin qiyməti isə 20.80 AZN-dir. Ağdam istiqamətində satışa çıxarılan 45 yerdən sadəcə ikisi alınmayıb. Bakı-Ağdam-Bakı biletinin qiyməti isə 18.80 AZN-dir.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşurutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.
***
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə biləcəyi məsələsinə aydınlıq gətirib.
Bu barədə Report-un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qurum bəyan edib ki, ilk mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətandaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır. Burada məqsəd bütün vətandaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq.
***
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək. Sputnik Azərbaycan-ın məlumata əsasən, ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda video təlimat nümayiş olunacaq.
Avtobuslar konkret marşrut üzrə hərəkət edəcəklər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə biləcəklər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı da yaradılıb. Bu işlər Elektron Hökumətin İnkişaf Mərkəzinə həvalə edilib.
Qeyd edək ki, məlumat bazasında hər bir sərnişinin bu ərazilərə daxil olmaları üçün xüsusi icazəsi, həmçinin COVID-19 əleyhinə peyvənd olunmaları barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.
Şuşa və Ağdama gedəcək avtobusların qiymətləri də açıqlanıb: Bakı-Şuşa və Şuşa-Bakı - 10.4 AZN, Bakı-Ağdam və Ağdam-Bakı – 9.4 AZN, Füzuli hava limanı - Şuşa və Şuşa - Füzuli hava limanı – 6 AZN, Əhmədbəyli-Şuşa və Şuşa-Əhmədbəyli – 7 AZN, Bərdə-Ağdam və Ağdam-Bərdə - 7 AZN.
Qeyd: Qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar
“Qarabağa səfər bileti almaq üçün yolumuzqarabaga.az saytında yalnız vətəndaş şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etmək lazım olacaq”.
Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
“ASAN loqin vasitəsi ilə sayta daxil olanlar üçün məlumat daxil etməyə ehtiyac yoxdur. Vətəndaş digər şəxs üçün bilet almaq istəyirsə bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir”, - o qeyd edib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov isə bildirib ki, səfərlərlə bağlı bir sıra işlər görülüb:
"İlkin olaraq bütün səfərlər müşayiətlə həyata keçirəcək. Vətəndaşlar azad olunmuş ərazilərə daxil olmamış son duracaqda onlar tabletlər vasitəsilə bir daha yoxlanacaq və polis əməkdaşı avtobusa əyləşəcək. Səfər onun iştirakı ilə təşkil ediləcək".
“Bütün şəxslərə ildə yalnız 1 dəfə səfər etmək icazə verilir. Sərnişinlər fərdi qəza sığortası ilə təmin edilir. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin “COVID-19” virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub. Hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla birgə marşrutun hərəkət sxemi və dayanacaq yerləri müəyyən olunub. Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib", - o bildirib.
"Qarabağa səfər üçün bilet almış şəxsin icazəsi elə həmin tarixdən başlayır. Bu ərazilərə səfərlər zamanı üstünlük hüququ olan insanlar yoxdur. Hamıya bərabər şərait yaradılıb".
Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov deyib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, hazırda hər kəs işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir, amma avtobusların sayı buna imkan vermir:
"Bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub. Prosesin gedişində avtobusların sayı artırıla bilər. Həmçinin tələb irəli sürülüb ki, insanlar gediş-dönüş biletini eyni anda alsınlar. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub”.
Rəis müavini onu da bildirib ki, bu səfərlər yalnız ölkə vətəndaşlarına aiddir:
"Gələcəkdə lazım gələrsə xarici vətəndaşlar üçün turizm səfərləri təşkil olunacaq”, - o əlavə edib.
Xatırladaq ki, azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.
Xatırladaq ki, edək ki, hələ ötən il işğaldan azad edilən şəhər və rayonlarımıza marşrutların təşkilinə dair pasportlar hazırlanıb. Bu, 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatda öz əksini tapıb.
Hesabata görə, işğal altından azad olunan Cocuq Mərcanlıya 2020-ci ilin yanvar ayında ilk marşrut xəttinin açılışı təmin edilib: "İlin sonunda Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, qətiyyəti, iradəsi və əzmi, rəşadətli ordumuzun şücaəti və qəhrəmanlıq nümayişi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilən şəhər və rayonlarına marşrutların açılması üzrə pasportlar hazırlanıb. Daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azad edilmiş ərazilərə avtobus reysləri açılır
Xəbər lenti
0