CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir ailə il yarımdır şam işığında yaşayır

© Sputnik / Kamal AlmuradlıQasım Qasımov
Qasım Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Fərdi evə elektrik xətti çəkilməsi üçün, az qala bir evin pulu istənilir

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 23 dek — Sputnik. Demə Azərbaycanda son vaxtlar artan təkcə elektrik enerjisinin istehlak qiyməti deyilmiş. Enerji təchizatı ilə bağlı digər xidmətlərin də haqqı "ceyran belinə" qalxıb. Özü də o dərəcədə ki, artıq bəzi vətəndaşlar bu xidmətlərdən istifadə edə bilmir.

54 metrlik xəttə görə böyük smeta tutulub

İmişli şəhəri, Kür küçəsi, 18 ünvanında yaşayan qasımovlar ailəsi il yarımdır ki, gecəni şam işığında keçirir. Dərdini Sputnik-lə bölüşən ailə başçısı Qasım Qasımov deyir ki, bu qədər dözüb gözləməyinə səbəb, enerji təchizat idarəsinin müraciətlərinə rəsmi qaydada cavab verməməyi, süründürməçiliyi və ondan tələb olunan məbləği ödəyə bilməməyi olub: "Əvvəl evin dövlət reyestrində qeydə alınmağı barədə sənəd istənildi, deyirdilər "kupça"sız mümkün deyil. Ötən ilin iyulunda məndən 270 manat istənildi. Bu məbləği ödəmək imkanım olmadı. Rəsmi sənəd təqdim olunmadığından fikirləşdim ki, bu da əsassız tələb ola bilər. Ora-bura şikayət edəndən sonra ərizəmi it-bata saldılar."

Çoxsaylı müraciətlərdən, şikayətlərdən, qəbullardan sonra "Azərişıq" ASC-ni Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi bu "müşkül" məsələnin çözümünə başlayıb. Q. Qasımovun "itən" ərizəsi tapılıb, müraciəti qeydə alınıb, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib. Sonra təchizatı təmin etmək üçün smeta tutulub. Vətəndaşa bildirilib ki, 54 metr uzaqda olan mənbədən evə elektrik xətti çəkməyin xərci 1346 manat təşkil edir.

© Sputnik / Kamal Almuradlı"Azərişıq" ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin tərtib etdiyi smeta
Azərişıq ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin tərtib etdiyi smeta - Sputnik Azərbaycan
"Azərişıq" ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin tərtib etdiyi smeta

Qasım kişi xəttin öz hesabına çəkilməyini heç cür qəbul edə bilmir: "Mən niyə işıq idarəsinə dirək, kabel, digər avadanlıqlar almalıyam? Əgər bura yaşayış yeridirsə, qaz, işıq, su, kanalizasiya xətti, yol çəkmək dövlətin üzərinə düşür. Bu şərti qoyanlar bilmirmi ki, kasıb adam həmin məbləği ödəyə bilməz? Ödəyə bilmirəmsə, qaranlıqda qalmalıyam?"

"Azərişıq" adından təqdim olunan smetada 19 adda malın, yaxud iş və ya xidmətin adı keçir. Vətəndaş iddia edir ki, onların dəyəri real bazar qiymətindən xeyli bahadır: "Baxın, 8 metrlik 100-lük dəmir boruya 193 manat qiymət qoyublar. Halbuki tikinti mağazalarından onu 70-80 manata almaq olar. 2 dirək basdırmaq üçün yeri qazmağa 42, onları həmin yerə dik qoymağa 49, diblərinə cəmi 3-4 vedrəlik beton tökməyə 26 manat pul istənilir. Kabeli 8,8 manatdan hesablamaqla 54 metrə görə 475 manat xərc yazıblar. Halbuki onun metrəsi 3 manatdan baha deyil və bu, təxminən 150 manat edir. Sayğac pulsuz quraşdırılmalı olduğu halda, buna görə 50 manat tələb olunr. Hansını deyəsən?.."

Yerli işıq idarəsi "bizlik bir şey yoxdur" deyir

İmişli Elektrik İstismarı Şəbəkəsinin baş mühəndisi Tofiq Ocaqov isə Sputnik-ə bildirir ki, bu, cənab Q. Qasımova münasibətdə qanunvericiliyin tələblərinə tam əməl olunub: "Vətəndaşın etirazı bizə- xidmət təşkilatına yox, qanunvericiliyədir. Bu smetanı biz tutmuruq, mal-materialın, iş və xidmətin dəyərini müstəqil olaraq müəyyən etmirik, pulu da nağd şəkildə istəmirik ki, kimdəsə şübhə yaransın. Vahid tarif olduğundan, bu işin dəyəri "Asan xidmət"də də belə hesablanır. Vətəndaş, nəyinsə qanunsuz olduğunu iddia edirsə, bu halla bağlı məhkəməyə müraciət edə bilər."

© Sputnik / Kamal Almuradlıİmişli şəhəri, Kür küçəsi, 18 ünvanı
İmişli şəhəri, Kür küçəsi, 18 ünvanı - Sputnik Azərbaycan
İmişli şəhəri, Kür küçəsi, 18 ünvanı

Cənab Ocaqov "qanunvericiliyin tələbi" deyərkən çox güman ki, Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 234 saylı qərarı ilə təsdiqlənmiş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları"nı nəzərdə tutur. Həmin normativ hüquqi aktı biz də diqqətlə oxuduq. "Qaydalar"a görə, tikinti obyekti ilə şəbəkəyə qoşulma nöqtəsi arasında məsafə 50 metrədək olanda, xərc təchizat idarəsinin, bundan artıq olanda isə sifarişçinin üzərinə düşür. Qasım kişini "yandıran" evi ilə ən yaxın elektrik şəbəkəsi arasında məsafənin güzəştli həddən 4 metr artıq olmağıdır.

Ekspert: "Dövlət elə şərait yaratmalıdır ki…"

İqtisadçı Rövşən Ağayev elektrik enerjisi ilə təchizatdakı şərtləri ədalətli hesab etmir: "Bu, ölkə üzrə orta aylıq əmək haqqı, əhalinin pul gəliri ilə uyğun gəlmir. Enerji təchizatı idarəsi tərəfindən yeni açılan sahibkarlıq obyektləri qarşısında daha böyük tələblər qoyulması barədə də məlumatlar alırıq. Əhalinin həyat səviyyəsinin yüksəlməyində, sahibkarlığın inkişafında maraqlı olan dövlət elə şərait yaratmalıdır ki, yeni ev tikən, yaxud sahibkarlıq fəaliyyətinə başlayan şəxslərin kommunal xidmətlərdən istifadəsi belə ağır yükə çevrilməsin."
"Azərişıq"ı "don vurub"

Azərenerji ASC-nin baş ofisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qışda əhalinin işıq problemi olmayacaq"

Yuxarıda istinad etdiyimiz "Qaydalar"a görə, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı haqq Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunur. Vətəndaşa təqdim edilən "Smeta"dakı malların, iş və xidmətlərin dəyərinin rəsmi qaydada təsdiqlənməyini öyrənmək üçün adıçəkilən qurumla əlaqə saxladıq.

Sputnik-in sorğusunu cavablandıran Tarif (qiymət) Şurasının sektor müdiri Kənan Məmişov bildirdi ki, "qoşulma haqqı" və "qoşulma xərcləri" fərqli anlayışlardır: "Tatif Şurası tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqını müəyyənləşdirməlidir. Hələlik bu haqq müəyyən edilməyib. Qoşulma ilə bağlı görülən işləri, göstərilən xidmətləri enerji təchizatı müəssisəsi özü dəyərləndirir."

Sektor müdiri həmçinin onu da xatırlatdı ki, Nazirlər Kabineti 27 avqust 2013-cü il tarixli, 234 saylı qərarı ilə təsdiqlənmiş "Qaydalar"a bu ilin noyabrın 16-da dəyişiklik edib: "Artıq məsafədən asılı olmayaraq 0,4 KV-luq şəbəkədən 7 kvt-dək güclə olan bütün qoşulma işləri sifarişçinin hesabına həyata keçirilir."

Elektrik şəbəkəsinə qoşulma xərclərinin süni surətdə şişirdilməsi və elektrik sayğacına görə qanunsuz olaraq pul tələb edilməsi ilə bağlı Q. Qasımovun iddiasına "Azərişıq" ASC-dən mövqe öyrənə bilmədik. Qurumun həm xidməti, həm də "qaynar xətt" telefonlarına günlərlə cavab verən olmadı.

Şam işığında yazılan məktublara cavab gəlmir…

Qasım Qasımovun ailəsi 5 nəfərdən ibarətdir. Övladlarından biri tələbə, digəri isə məktəblidir. Ailə, onun günəmuzdçuluqla əldə etdiyi qazanc hesabına dolanır. İçərisində yaşamağa başlasalar da, ev tam hazır deyil- bəzi otaqların qapı və pəncərələri yoxdur, divarlara suvaq vurulmayıb. Amma işıq məsələsi ona, bütün digər dərd-sərini unutdurub. Şam işığında "yuxarılara" yazdığı məktublara son vaxtlar cavab verilməməyi onu daha da ümidsiz edir.

…İşıq yolu olmamağı ağır dərddir — sözün bütün mənalarında…

Xəbər lenti
0