04:19 19 Yanvar 2017
Canlı yayım
Tələbə. Arxiv şəkli

Tələbələr valideynləri təlaşda

© Sputnik / Pavel Lisitsyn
CƏMİYYƏT
Qısa URL
60710

Ali məktəblərə dərslərin başlamasına sayılı günlər qaldıqca, kirayə mənzillərin tapılması da müşkülə çevirilir

BAKI, 2 sen — Sputnik. Ali məktəblərə tələbə qəbulu başa çatandan sonra tələbə adını qazanan hər kəsi və ailələri düşündürən əsas məsələlərdən biri uyğun ev tapa bilməkdir. Xüsusilə rayondan gələn tələbələr təhsil alacaqları universitetlərə yaxın yerdə kirayə mənzil axtarırlar. Bu isə getdikcə müşkül məsələyə çevrilməkdədir. Çünki universitetlərə yaxın evlər aylar öncədən tutulub.

Rieltor Orxan Abdullayevin Sputnik-ə dediyinə görə, bir çox uzaqgörən valideynlər hələ ay yarım öncədən, övladları instituta girən kimi mənzilləri tutmağa başlayıblar. Bu isə gec tərpənən ailələri çətin vəziyyətə salıb: "Hazırda bu sahədə, sözün əsl mənasında qıtlıq yaranıb. Tələbələrə istədikləri yerdən ev tapmaqda çətinlik çəkirik".

Rieltorun sözlərinə görə, universitetlərə yaxın yerdən mənzil tapa bilməyən tələbələr əlacsız qalaraq aralı yerlərə üz tuturlar: "Əslində evlər çoxdur, ancaq tələbələr dərsə piyada gedib-gəlmək istədikləri üçün oxuyacaqları təhsil müəssisələrinə yaxın yer istəyir. İndi belə yer tapmaq çətindir. Ona görə də, onlar məcbur qalıb nisbətən uzaq yerlərə yönəlirlər".

Əmlak satışı və kirayəsi
© Sputnik / Fuad Hasanov
Əmlak satışı və kirayəsi

"Rayondan gələn tələbələr, xüsusilə oğlanlar nisbətən ucuz olan şəhərətrafı yerlərdən ev axtarırlar. Qızlar isə şəhərdən uzaqlaşmamaq üçün bir neçə nəfər bir yerdə kirayə qalmaqla problemin həllinə çalışırlar".

Bunu isə Sputnik-in əməkdaşı ilə söhbətində, "28 may" metrostansiyası yaxınlığında ofis işlədən rieltor Arif Bayramov deyib. Onun sözlərinə görə, ən yaxşı variant bir neçə tələbənin birləşərək geniş mənzil tutmasıdır: "Belə vəziyyət tələbələr üçün də rahatdır. Çünki xərc yükü də azalır. Məsələn, əgər 4 nəfər tələbə 3 otaqlı geniş evdə qalarsa və evin də qiyməti 450 manat edərsə, o zaman hər tələbəyə, təxminən 110 manat düşür ki, bu da pis qiymət deyil".

Bununla belə, A. Bayramov qeyd edib ki, ev sahibləri nədənsə oğlan tələbələrə evlərini etibar etmirlər: "Səbəblər müxtəlifdir. Kimisi düşünür ki, oğlanlar evə təmiz baxmır, bəziləri hesab edirlər ki, evə əxlaqsız qadınlar gətirirlər və s. Buna görə də oğlan tələbələr məcbur qalaraq şəhərətrafı həyət evlərinə gedir, ya da uçuq-tökük yataqxanalarda qalırlar".

Apardığımız müşahidələr göstərir ki, kirayə bazarında və qiymətlərdə canlanma var. Lakin ən əsas canlanmanın dərslər başlayana 2-3 gün qalmış olacağı gözlənilir. Çünki məhz o zaman, valideynlər övladları çöldə qalmasın deyə, hər cür baha qiymətə razılaşıb evi götürəcəklər.

Rieltorların sözlərinə görə, bu bahalaşma ani olacaq və uzun müddət davam etməyəcək. Yəni adi insanların narahat olmalarına heç bir əsas yoxdur.

Bundan başqa, qeyd olunur ki, mənzillərin kirayə verilməsində tələbələrə daha çox üstünlük verilir. "Çünki evlərini kirayə verənlər bilirlər ki, tələbə, ən azı kursu bitirənə qədər, yəni uzun müddət götürdüyü evdə qalacaq. Və ev sahibləri get-gəldə qalmayacaqlar", — deyə rieltor A. Bayramov deyib.

Statistikaya görə, Azərbaycanda təhsil alan tələbələrin çoxu paytaxtda yerləşən ali məktəblərə qəbul olunur. Və belə görünür ki, universitetlərin bölgələrdə filialları açılmadıqca, paytaxta yüklənmə və bu yüklənmənin gətirdiyi problem hələ də davam edəcək.

Əlaqədar

Tələbələr qarşısında ağılasığmaz tələb
Azərbaycanlı tələbələrə bəd xəbər
Qafqaz Universitetinin tələbələrinin aqibəti bəlli oldu
Valideynini itirmiş tələbəyə təhsil haqqında güzəşt oluna bilərmi?
Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinin şərtləri açıqlandı
Teqlər:
rieltor, kirayə mənzil, dərs, ali məktəb, tələbə

Əsas mövzular