CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xanımı Suriyaya qaçan kişinin gözyaşardıcı həyat hekayəsi

© Sputnik / Irade CELILİlqar Yusifzadə
İlqar Yusifzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Sevdiyi qadınla evlənmişdi İlqar. Düşünürdü ki, əbədi bir sevgisi olacaq. Ev almışdı, sevdiyi qadının arzuladığı hər bir əşyanı almışdı evinə. İki gözəl qızı da gəlmişdi dünyaya...

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Telefonuna zəg elədim.
— İlqardı danışan?
— Bəli.

Kim olduğumu dedim, dedim, sizin probleminizi işqlandırmaq istəyirəm. Sanki bu zəngi gözləyirmiş. Dedi, "gəlirəm". İki saat sonra qarşımda idi…

Sevdiyi qadınla evlənmişdi İlqar. Düşünürdü ki, əbədi bir sevgisi olacaq. Ev almışdı, sevdiyi qadının arzuladığı hər bir əşyanı almışdı evinə. İki gözəl qızı da gəlmişdi dünyaya — Nəzrin və Lalə atalarının sevimlisi idilər.

İlqar vaxt tapan kimi övladlarını gəzməyə aparır, ən əziz tikəsini onlar üçün gətirirdi. Yoldaşı da başıaşağı, sadə, savadsız kənd qızı idi. 2003-cü ildə rəsmi nigaha girmişdi İlqar və Pərvanə.

Nailə xala, qızı və iki nəvəsi ilə Bakıxanovda kirayədə yaşayır - Sputnik Azərbaycan
"Qızım kiminləsə gəzsə, uşaqlarına da baxmağa imkanı olar"...

İlqar deyir ki, Pərvanənin ailəsinin kasıb olması onun üçün problem deyildi: "Düşünürdüm ki, hər şeyi sıfırdan özümüz yığsaq, ailəmiz daha möhkəm olar. İnsanın sevdiyi qız çox olur, amma bu başqa məhəbbət idi….".

"Qonşularımız var idi — Rəsulovlar ailəsi. Çox kasıb ailə idilər. Mən heç vaxt evimə dost-tanış gətirməmişəm. Rəsulovların xanımı Əfsanə mənim yoldaşımla yaxınlıq etməyə başlayır. Yoldaşım deyirdi ki, kasıb ailədilər. Mən də əlimdən gələn köməkliyi edirdim. Bir ailə kimi idik. Bir gün yoldaşım dedi ki, Əfsanə namaza başlayır, mən də namaza başlayacağam", —deyir İlqar.

Pərvanə 2009-cu ilin may ayından namaz qılmağa başlayır. Oktyabr ayında isə qadın qapanır, hicaba keçir. İlqar əvvəlcə narazılıq etsə də, sonradan sevimli xanımın ürəyini qırmamaq üçün razılıq verir. Aradan bir neçə il keçir.

İlqar deyir ki, Pərvanə namaza keçdikdən sonra evdə kiçik problemlər yaranmağa başlayır: "Gəlirdim evə, yemək hazır deyil, uşaq məktəbə getməyib. Məcbur olub danışırdım ki, niyə etmirsən. Evdə hər şey ola-ola uşaqlara bütün gün kartof soyutması verirdi. Məcbur idim danışım ki, axı mən evə yaxşı baxıram. Niyə hazırlamırsan?".

İlqar yenə həyat yoldaşının xətrinə dəymək istəmir. 2013-cü ildə qərar verir ki, Xırdalan bazarında meyvə-tərəvəz alveri ilə məşğul olsun: "İşimi dəyişdiyim üçün Pərvanə də çox sevinirdi. Qonşularımız da köçüb getmişdilər kəndə. Qonşuluqda Şəhla adında bir qadın var idi. Ara-sıra gəlib gedirmiş bizə. Mən evdə olanda heç kim gəlmirdi. Amma evdən çıxan kimi qonşular doluşurdu evə. Onlar Pərvanəyə cihaddan danışır, onu cihada çağırırmışlar".

Bunları İlqara baldızı danışıb, xəbərdar edib onu olub-bitənlərdən: "Mənim internetin nə olduğunu bilməyən yoldaşım üçün "Facebook" səhifəsi və whatshapp açırlar və yoldaşım Əfsanə ilə danışır. Son zamanalar kiçik çəkişmələrimiz çox olurdu. 2014-cü ilin yanvar ayı idi. Heç bir səbəb olmadan evdə dava saldı. Bacısı da məətəl qalmışdı. Axşam çıxdı getdi bacısıgilə. Mənə dedi ki, məni başa düş, əsəblərim korlanıb, qoy bir az burda qalım sakitləşim".

© Sputnik / Irade CELILİlqar Yusifzadə həyat yoldaşı Pərvanə ilə.
İlqar Yusifzadə həyat yoldaşı Pərvanə ilə - Sputnik Azərbaycan
1/4
İlqar Yusifzadə həyat yoldaşı Pərvanə ilə.
© Sputnik / Irade CELILİlqar və Pərvanənin böyük qızı Nəzrin.
İlqar və Pərvanənin böyük qızı Nəzrin - Sputnik Azərbaycan
2/4
İlqar və Pərvanənin böyük qızı Nəzrin.
© Sputnik / Irade CELILİlqar Yusifzadə: İndi uşaqlarım Rakkadadır, Suriyada. Nə qədər yalvarsam da, bura gəlməyəcəklərini deyirlər.
İlqar Yusifzadə: İndi uşaqlarım Rakkadadır, Suriyada. Nə qədər yalvarsam da, bura gəlməyəcəklərini deyirlər - Sputnik Azərbaycan
3/4
İlqar Yusifzadə: İndi uşaqlarım Rakkadadır, Suriyada. Nə qədər yalvarsam da, bura gəlməyəcəklərini deyirlər.
© Sputnik / Irade CELILAtalarının icazəsi olmadan Pərvanənin uşaqları sərhəddən necə keçirdiyi sirr olaraq qalır.
Atalarının icazəsi olmadan Pərvanənin uşaqları sərhəddən necə keçirdiyi sirr olaraq qalır - Sputnik Azərbaycan
4/4
Atalarının icazəsi olmadan Pərvanənin uşaqları sərhəddən necə keçirdiyi sirr olaraq qalır.
1/4
İlqar Yusifzadə həyat yoldaşı Pərvanə ilə.
2/4
İlqar və Pərvanənin böyük qızı Nəzrin.
3/4
İlqar Yusifzadə: İndi uşaqlarım Rakkadadır, Suriyada. Nə qədər yalvarsam da, bura gəlməyəcəklərini deyirlər.
4/4
Atalarının icazəsi olmadan Pərvanənin uşaqları sərhəddən necə keçirdiyi sirr olaraq qalır.

Qadın gecə bacısıgildə qalır, səhər isə ondan 10 manat alaraq, Əfsanənin qohumugilə gedir: "Əfsanə də kənddən ora gəlir. Yoldaşım onlarla birlikdə məhkəməyə boşanmaq üçün iddia ərizəsi verir. Və sonra kəndə qayıdırlar. Əfsanə də öz həyat yoldaşından ayrılıb, mənim yoldaşımla birlikdə Suriyaya getməyi planlaşdırırmış".

İlqar deyir ki, yoldaşının kəndə getdiyini öyrənəndən sonra onların qapısına gedib, yalvarır, həyat yoldaşını geri qaytarmağa çalışır: "Yalvardım, diz çökdüm, ağladım. Pərvanə sevdiyim qadın idi, başımı aşağı etməmişdi. Nəhayət Pərvanəni razı salıb, evə gətirdim. Şirin dillə məhkəməyə verdiyi ərizəni də geri götürdük".

Amma aradan bir müddət keçməmiş Pərvanə yenə evdən gedir. İlqar onu çox axtarır, bu dəfə tapa bilmir. Sonra İlqar Pərvanənin istifadə etdyi nömrələrdən birini tapır, açdırır. Və beləliklə yoldaşının Qaraçuxurda olduğunu öyrənir. Daha sonra İlqarın telefonuna müxtəlif zənglər gəlir və onu yaxından tanımağa, dininin, firqəsinin nə olduğunu öyrənməyə çalışırlar.

Daha sonra Pərvanəni atası rayona aparır və Pərvanə yenidən boşanmaq üçün məhkəməyə müraciət edir: "Deyirdi heç bir səbəb yoxdur. Mən səni, səninlə yaşamağı istəmirəm".

İlqar uşaqlarını, ailəsini itirməmək üçün müxtəlif dövlət qurumlarına məktubla müraciət edib, vəziyyəti anladır: "Deyirdim, heç olmasa, uşaqların birini mənə ver ki, yaşaya bilim. Yox, razılaşmırdı. Yoldaşımın ətrafındakı qadınlar, hansısa dini firqənin üzvü idilər. Heç biri heç yerdə işləmirdi, amma çox yaxşı yaşayırdılar".

Uzun çəkişmədən sonra məhkəmənin son qərarı ilə uşaqlar İlqarda qalır. Və bir gün 2015-ci ilin may ayında İlqara Suriyadan mesaj gəlir: "Ata, biz Suriyadayıq".

İlqar deyir ki, həyat yoldaşı onun icazəsi olmadan uşaqlarını hansısa yolla ölkədən çıxarıb Suriyaya aparıb. Artıq 2 ildən çoxdur ki, övladlarını görməyən İlqar çox acınacaqlı vəziyyətdədir. Bütün dövlət qurumlarına mraciət etsə də, İlqarın səsini eşidən olmur.

Hazırda İlqarın keçmiş həyat yoldaşı mesajlarında onu Suriyaya dəvət edir və onunla yenidən evlənəcəyini deyir: "Mənə çox maraqlıdır, o, uşaqlarımı sərhəddən necə keçirib? Mən buna icazə verməmişəmsə, uşaqlarımı necə ölkədən çıxara bilərlər?".

İndi İlqarın hər günü dövlət qurumlarının qapısını döyməklə keçir. Amma heç bir nəticə əldə edə bilmir. Bu günə kimi dövlət qurumlarında ona yardım edəcəyini bildirən insanlar da ailəsindən, uşaqlarından imtina etməyi məsləhət görürlər. İlqar isə hər gün ailəsinə, sevimli həyat yoldaşına, qızlarına qovuşacağı günü gözləyir.

Deyir ümidlər sonda ölür: "İndi uşaqlarım Rakkadadır — Suriyada. Mənə ara-sıra mesaj yazırlar. Nə qədər dil töksəm də, yalvarsam da, bura gəlməyəcəklərini deyirlər. Deyirlər, "sən bura gəl". Mən isə Vətənimə, dinimə xəyanət etmərəm. Ümid edirəm ki, nə vaxtsa Prezidentimiz mənim səsimi eşidəcək və müəyyən qurumlara mənim məsələmin həllini tapşıracaq".

İlqar 2 ildən çoxdur ki, uşaqlarının həsrəti ilə yaşayır: "Evə girəndə ev üstümə gəlir. Onların geyimləri, oyuncaqları, onlarla keçirdiyim günlər. Güclə yaşayıram. Axı mən ailəmi, uşaqlarımı sevirdim. Mən bunları niyə yaşamalıyam? Həyatda tək istəyim qızlarıma qovuşmağımdır. Yoldaşımı da qəbul edərəm. Çünki onu hələ də sevirəm, o, mənim uşaqlarımın anasıdır".

İlqar danışır, danışır… Hiss edirəm ki, ürəyi doludur. Çarəsizdir. Gəlib ki, dərdini danışsın, fikrini bölüşsün. Səsini eşitdirsin.

P.S

Yazıda etik normalar xatirinə, bu proseslərdə iştirak etmiş şəxslərin adlarını çəkmirik. Ümid edirik ki, İlqar Yusifzadənin bu problemi tezliklə həllini tapacaq…

Xəbər lenti
0