16:09 06 Dekabr 2016
Canlı yayım
Maliyyə hesabatı, arxiv şəkli

Məhdud büdcə ilə sosialyönümlü xərcləri artırmaq...

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
138 0 0

Büdcənin tərkibində sosial xərclərin artırılmasına baxmayaraq, büdcənin özündə artım baş verməyib

BAKI, 2 dek — Sputnik. 2017-ci il dövlət büdcəsindən sosialyönümlü xərclərə ötən illə müqayisədə 292 milyon manat artıq vəsait ayrılmasının nəzərdə tutulduğu barədə xəbər vermişdik. Sputnik xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışı zamanı məlumat verib.

Milli Məclis
© Sputnik / Murad Orujov

"2017-ci il dövlət büdcəsi xərclərinin 5 milyard 615 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşməsinə yönəldilmək üçün nəzərdə tutulub", — Samir Şərifov deyib.

"Layihədə sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faizi səviyyəsində müəyyən edilib. Bu xərclər cari illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub", — nazir bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faizi və ya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub: "Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Müdafiə xərclərinə isə 2017-ci ilin dövlət büdcəsinin xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu, cari illə müqayisədə 2,9 faiz çoxdur".

Anar Rzayev
Anar Rzayev

Büdcədən sosialyönümlü xərclərin keçən illə müqayisədə artırılmasını Sputnik-ə şərh edən iqtisadçı-ekspert Anar Rzayev deyib ki, bu artımlar büdcənin həcminin çoxaldığı anlamına gəlməməlidir: "Büdcənin tərkibində sosial xərclərin artırılmasına baxmayaraq, büdcənin özündə artım baş verməyib. Hazırda büdcəmiz əvvəlki illərə nisbətən kifayət qədər azalıb. Çünki bizim gəlirimiz neftdəndir. Neft qiymətləri isə hazırda istədiyimiz səviyyədə deyil. Ona görə də, deputatların gələn illə bağlı verdikləri neqativ proqnozda məntiq var".

"Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, neftin qiymətində artım ola bilər. Bu da vəziyyəti idarə eləmək üçün hökumətimizə kömək edə bilər", — ekspert bildirib.

A. Rzayev, iqtisadi böhran olmasına baxmayaraq, müdafiə xərclərinin artırılmasını müsbət hesab edir: "Məsələyə təkcə hazırki iqtisadi durum fonunda baxmaq doğru deyil. Yerləşdiyimiz coğrafiyada bu gün yaşananlara diqqət yetirmək kifayətdir ki, hökumətin müdafiə xərclərini nə üçün artırdığını anlayaq. Problem təkcə Ermənistanla aramızda olan müharibədən getmir. Bölgəni cənginə alan İŞİD terrorunu, digər etnik-dini münaqişələri də gözardı edə bilmərik. Bu səbəblə də, büdcədən müdafiə üçün artırılan xərcləri düzgün qiymətləndirirəm".

"Maliyyə naziri Samir Şərifovun "sosial təminat və sosial müdafiə sahələrinə bu il üçün daha artıq vəsaitlər nəzərdə tutulub" açıqlaması cəmiyyətdə müəyyən nikbinlik yaradıb. Nazirin bəyanatı əksər insanlarda əmək haqları və təqaüdlərdə artım olacağı ümidini yaradıb".

Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov
© Sputnik / Murad Orujov
Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov

Bu barədə isə Sputnik-ə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı Çingiz İsmayılov açıqlama verib. O deyib ki, sosial əhəmiyyətli layihələrə ayrılan vəsaitlər büdcədə nəzərdə tutulan məqsədlər əsasında sərf olunur.

"Əmək haqlarının, təqaüdlərin artırılması isə ayrı mənbələrdən idarə edilir. Büdcədə isə nəzərdə tutulur ki, konkret nə üçün vəsaitlər xərclənsin. Əgər ayrılan vəsaitlər maaşlar üçün nəzərdə tutulsa, nazir özü birbaşa bunu açıqlayardı. Yəni rəsmi necə bəyan olunubsa, elə də olacaq. Başqa cür ola bilməz", — deyə Ç. İsmayılov bildirib.

Əsas mövzular