06:16 19 Yanvar 2017
Canlı yayım
Televizora baxan adam. Arxiv şəkli

Mavi ekran vəbası

© Flickr/
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
282 0 0

Bu məmləkətdə həyatlarını sənətə fəda edən o qədər çox insan var ki... Azacıq bir təkanla dünyanın ən yaxşı incəsənətinə sahib ola bilərik.

BAKI, 4 okt — Sputnik. Texnologiyanın vəbasıdır mavi ekran. Buna hər biriniz tez-tez rast gəlmisiniz. Kompüterinizdə işlədiyiniz zaman ekran qəfildən maviyə boyanar və ağ hərflərlə nəsə yazılar. Heç anlamazsınız da nə yazıldığını. Lap aşağı hissədə də dəqiqələr, saniyələr geriyə doğru sayılar. Bu hala telefonunuzda, televizorunuzda da rast gələ bilərsiniz.

Bu gün Azərbaycan televiziyası bütünlükdə mavi ekran vəbasının caynağında çabalayır. Mübaliğə deyil, sadə həqiqətdir. Televiziyamız bütünlükdə bir rəngə boyanıb və üzərində heç anlamadığımız bir şeylərin təsviri var. Bir də ki, hər gün geriyə doğru, tənəzzülə addımlayır. Eyni ilə mavi ekrandakı dəqiqələrin, saniyələrin geriyə doğru sayıldığı kimi.

Dünyanın ən məşhur telelayihələri özünün ən bayağı forması ilə və ən sonuncu olaraq bizim telekanallara gəlib çıxır. Məsələn, bütün ölkələrdə yayımlanan "The Voice" yarışması özünün ən bərbad variantını məhz bizim teleməkanda yaşadı.

Hələ də başqa ölkələrin reklam filmləri yöndəmsiz dublyajlarla xalqa sırınmaqdadır. Bizim isə başqa ölkələrin televiziyalarında nümayiş olunan kiçik bir reklam filmimiz də yoxdur. Son dönəm tez-tez göstərilən yuyucu maddələrin reklamlarını buna misal çəkmək olar. Süniliyi əttökən, məzmunu, mətni, montajı ürək bulandıran bu reklam filmləri bir nəfərlik də olsa, peşəkar əməyi görməyib.

Film sahəsi isə 90-cı illərdə iflasa uğrayıb. Dünya ölkələri film sahəsinə milyonlarla ölçülən vəsait ayırarkən, biz toy kamerası ilə filmlər çəkib kinoteatrların beş-altı jurnalistdən ibarət auditoriyalarına təqdimat keçirməkdən qeyri bir şey bacarmamışıq. Görəsən, dünya ölkələrinin bizdən satın aldığı, beynəlxalq müsabiqələrdə birincilik qazanan neçə filmimiz var?

Əgər səbəb ssenarist qıtlığıdırsa, İsa Muğanna, Ənvər Əlibəyli, İsi Məlikzadə, Məcid Şamxalov, Maqsud İbrahimbəyov, Ramiz Rövşən kimi ssenari müəllifləri bu ölkədən çıxmayıblarmı? Problem rejissorlardadırsa, Arif Babayev, Əlisəttar Atakişiyev, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Tofiq Tağızadə kimi rejissorlar bu ölkədən çıxmayıblarmı?

Nəzərinizə çatdırım ki, 90-cı ilə qədər (24 ildə) filmoqrafiyasında on beş filmin yer aldığı Eldar Quliyev, son 25 ildə cəmi səkkiz filmə imza ata bilib. Bu həqiqətin özü kifayət edir ki, mədəniyyətin tənəzzülündə ssenarist, rejissor, aktyor-aktrisa çatışmazlığını bəhanə gətirənləri birdəfəlik susdurmaq olsun.

Problem isə daha böyükdür. Dövlət büdcəsindən bu sahəyə onsuz da az məbləğ ayrılır və həmin məbləğ filmin, yaxud serialın yaradıcı heyətinə çatana qədər aidiyyəti qurumların nümayəndələri tərəfindən mənimsənilir. Belə ki, yaradıcı heyətə olduqca kiçik bir məbləğ çatır, hansı ki, el dilində buna "dilənçi payı" deyirlər. Bu dilənçi payı ilə hansı müasir texnoloji avadanlığı əldə etmək olar? Neçə lazımi məkanı icarələməyə yetər? Hansı peşəkar kollektivə məvacib vermək mümkündür? Əlbəttə, bunların heç biri mümkün deyil.

Bu yaxınlarda eşitdim ki, "Oskar"a namizəd olan filmlərin siyahısında bir Azərbaycan filmi də var. Bir dəqiqə… Bu zarafatı aprelin birində edərəm.

İndi sizə olduqca ciddi bir tarixi hadisəni danışmalıyam:1930-cu ildə Ankarada səfərdə olan aktyorların "Türk Ocağı" binasındakı tamaşasına Atatürk də gəlir. Nümayişdən sonra kollektivin rəhbəri olan rejissor Muhsin Ərtoğruldan onlara necə kömək edə biləcəyini soruşur və rejissor bir teatr məktəbi istəyir. Bu zaman Atatürk üzünü yanındakı dövlət məmurlarına tutub belə deyir: "Əfəndilər, hamınız bir məbus ola bilərsiniz, bir vəkil ola bilərsiniz, hətta rəisi-cumhur ola bilərsiniz, amma bir sənətkar ola bilməzsiniz! Həyatlarını sənətə fəda edən bu adamları sevməliyik!".

Bizim zavallı məmləkətdə həyatlarını sənətə fəda edən o qədər çox insan var ki, azacıq bir təkanla dünyanın ən yaxşı incəsənətinə sahib ola bilərik. Amma o təkan yoxdur ki, yoxdur…!

(yazının davamı olacaq…)

Əlaqədar

Mədəniyyəti əsarətdən xilas etməli
Serial düşüklüyü
Sənət rüşvətə yoluxanda...
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar
Seks-simvol olmaq istədilər, amma...
Teqlər:
rejissor, aktyor, kino, sənət, film, televiziya, telekanal

Əsas mövzular