Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti aksiyalarla bağlı məlumat yayıb

© AP PhotoGürcüstanda etiraz aksiyaları
Gürcüstanda etiraz aksiyaları - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Məlumata görə, ölkədə mitinqlərdə xaricdən olan Gürcüstan vətəndaşlarının, xüsusən də Ukraynada döyüşən və Tbilisiyə gəlməyə hazır olanların iştirakı planlaşdırılır.
BAKI, 8 may — Sputnik. Gürcüstanda etiraz aksiyalarının təşkilatçıları öz planlarının bir hissəsi kimi nəqliyyat qovşaqlarını iflic etməyi və dövlət idarələrini bağlamağı düşünürlər. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
"Planın bir hissəsi olaraq aksiyaların təşkilatçıları Tbilisinin nəqliyyat qovşaqlarını iflic etmək, dövlət qurumlarını və strateji obyektləri bağlamaq barədə düşünürlər" - DTX-dan Sputnik Gürcüstan-a bildiriblər.
Məlumata görə, ölkədə mitinqlərə xaricdən olan Gürcüstan vətəndaşlarının, xüsusən də Ukraynada döyüşən və Tbilisiyə gəlməyə hazır olanların iştirakı planlaşdırılır.
"Aksiyanın təşkilatçıları xüsusi təyinatlılara və polisə hücum etmək üçün gənclərə tezalışan maddələr, daş və dəmir dəyənəklər gətirməyi tapşırır. Aksiyaların təşkilatçıları etirazların insan tələfatına səbəb olmasını istərdilər, çünki bu, onların fikrincə, etirazları və radikallığı artıracaq" - qeyd olunub.
Mayın 1-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bununla əlaqədar Tbilisidə hər gün mitinqlər keçirilir. Bu ilin aprelində hakim "Gürcü Arzusu" partiyası xarici agentlər haqqında qanun layihəsini rəsmi olaraq parlamentə yenidən təqdim edib. "Xarici təsirin şəffaflığı haqqında" adlı qanun layihəsində "xarici təsir agenti" ifadəsi əvəzinə "xarici dövlətin maraqlarını güdən təşkilat" ifadəsi işlədilir.
Qanun layihəsi gəlirləri, xüsusən də 20%-dən çoxu xaricdən əldə edilən qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin qeydiyyatını nəzərdə tutur. Layihəyə əsasən, xarici qüvvələrin maraqlarını təbliğ edən təşkilat hesab edilən hər kəs dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək, həmçinin bəyannamə doldurmaq lazımdır. Qeydiyyatdan və ya bəyannamə doldurmaqdan imtina edənlər 25 min lari (təxminən 9,5 min dollar) məbləğində cərimə ilə cəzalandırılacaq.
Bu layihənin əleyhdarları Rusiyadan nümunə götürərək qanunvericiliyə xarici agent anlayışının daxil edilməsinə görə onu Rusiya qanunvericiliyinin analoqu adlandırırlar. ABŞ-da uzun illərdir Xarici Agentin Qeydiyyatı Aktı olsa da, opponentlər iddia edirlər ki, ABŞ və Gürcüstan qanunları arasındakı əsas fərq ondan ibarətdir ki, ABŞ qanunu düşmənlərin fəaliyyətinə nəzarət etmək məqsədi daşıyırdı, Gürcüstan qanunu isə ölkənin dostlarına qarşı yönəlib.
Gürcüstan hakimiyyəti iddia edir ki, qanun bütün əsas hüquqi prinsiplərə tam uyğundur və qeyri-hökumət təşkilatlarının və əlaqəli KİV-lərin maliyyə vəsaitlərinin illik açıqlanması məqsədinə xidmət edir.
Xəbər lenti
0