CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bolt" taksi qiymətlərini 9 faiz bahalaşdırdı - RƏSMİ

© iStock.com / ByoungJooTaksi
Taksi - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Sürücülərə bununla bağlı dünən axşam saatlarında mesaj göndərilib.
BAKI, 8 may — Sputnik. "Bolt" taksi şirkəti taksilərdə bu gündən 9 faiz qiymət artımı ilə bağlı müştərilərin sorğusu cavablandırıb. Şirkətdən bu gündən etibarən qiymətlərdə 9 faiz bahalaşma olduğunu təsdiqləyiblər.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a taksi şirkətlərinin qiymət artımını şərh edərkən bildirib ki, taksilərin qiymətini bazar tənzimləyir. Onun sözlərinə görə, dövlətin bu sahədə qiymətə təsir göstərmək imkanı yoxdur: "Sadəcə taksidə aşağı qiymət həddi müəyyən edilib. Yuxarı qiymətlər isə rəqabət mühitində yaranır".
Elməddin Muradlı onu da əlavə edib ki, taksi şirkətlərinin qiyməti artırması taksilərə qoyulan tələblərlə bağlı ola bilər:
"Yeni qaydalarla taksi sürücüləri qoyulmuş vaxtdan artıq işləyə bilməyəcək. Bu taksi sürücüləri üçün də faydalıdır. İndiyədək taksi sürücüləri istirahətsiz işləyirdilər. Onlar üçün iş rejiminin qoyulması təbii ki qiymətə təsir göstərəcək. Amma taksi şirkətləri qiymət artımına vaxtından tez gediblər. Çünki, taksilərlə bağlı əsas tələblər iyun ayının 1-dən qüvvəyə minəcək".
Muradlı taksilərlə bağlı tələblərin bu sahədə xidmətin keyfiyyətini artıracağını, amma əhali üçün də müəyyən çətinliklər yaranacağı qənaətindədir. Ekspert deyir ki, taksilərə yeni tələblərlə yanaşı, ictimai nəqliyyat da paralel inkişaf etdirilməli, sərnişinlərə alternativlər verilməlidir.
"Sərnişinlərə dünənə qədər 4 manata getdiyi yolu bu gündən sonra 8-9 manata getmək sərf etməyəck. Çünki, sərnişini taksi ilə getməyə vadar edən əsas səbəb avtobus çatışmazlığı, uzun intervallar, avtobusun dolu olması və sairdir. Bundan bezən insanlar məcbur taksi sifariş verərək işə gedirdi. Hazırda taksidə qiymətlər bahalaşdığından sərnişinlər məcbur olacaq ki, saatlarla dayanacaqda avtobus gözləsin, sıxlıq olsa da avtobusa, metroya minsin. Ona görə də əvvəlcə taksilərlə yox, ictimai nəqliyyatla məşğul olmaq lazım idi. Əvvəlcə ictimai nəqliyyat vasitələrinin sayı artırılmalı idi ki, insanlar taksiyə yönəlməsin. Amma əksinə oldu. Əvvəlcə taksilərlə bağlı məsələ tənzimlənməyə başlanıldığından, taksilərdə də qiymətlər artıdığından, hər kəs məcbur olub özünə gedib avtomobil alacaq. Beləcə məqsəd avtomobilləşmənin qarşısını almaq olsa da, əks vəziyyət yaranacaq. Nəticədə insanlar vəziyyətdən çıxış yolunu avtomobil almaqda görəcəklər. Halbuki, əvvəlcə avtobusların sayı artırılmalı, ictimai nəqliyyat növləri yaradılmalı idi ki, insanlar taksidən düşüb ictimai nəqliyyata yönəlsinlər. İndiki kimi özlərinə avtomobil almaq məcburiyyətində qalmasınlar", - ekspert bildirib.
İqtisadçı Natiq Cəfərli isə deyib ki, taksilərin qiymət artımı gözlənilən idi. Onun sözlərinə görə, taksilərlə bağlı yeni tələblər taksi fəaliyyəti ilə məşğul olmanı çətinləşdirib. İqtisadçı deyir ki, bu hələ ilkin addımdır. Əgər gələcəkdə taksilərə qoyulmuş tələblər daha da artırılarsa, qiymət artımı da davamlı olacaq.
***
Bolt taksi şirkəti taksi qiymətlərini 9 faiz bahalaşdırıb. Bu barədə Sputnik Azərbaycan-a taksi sürücüləri bildirib. Onların verdiyi məlumata görə, sürücülərə bununla bağlı dünən axşam saatlarında mesaj göndərilib.
Mesajın mətnində bildirilib: "Diqqət! Bakı şəhərində Eco, Bolt, *1020, Comfort, ABB Comfort, Comfort+, XL, Business kateqoriyaları üzrə sifarişlərin qiymətini 9% artırdıq.
Qeyd edək ki, bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. "Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər" - deyə qurum qeyd edib.
@sputnik.azerbaycan ‼️Bolt taksi qiymətlərini 9 faiz bahalaşdırdı #baki #bakı #azerbaycan #xeber #xeberler #xəbər #taksi #taxi #qiymət #bolt #kəşfetazərbaycan ♬ оригинальный звук - Sputnik Azərbaycan
Xatırladaq ki, Azərbaycanda taksi xidməti ilə bağlı müəyyən tələblər müəyyənləşib. Həmin tələblərə görə, taksilərdə sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi, taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz, gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal, taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokamera olmalıdır. Məlumat üçün onu da bildirək ki,1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.
Xəbər lenti
0