SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır

© Sputnik / Murad OrujovXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir.
BAKI, 26 aprel - Sputnik. Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib.
O qeyd edib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir:
"Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib.
Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil".
XİN rəsmisi vurğulayıb ki, belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar:
"Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır.
Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir".
25.04.24
Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.
Bu barədə Azərbaycan parlamentinin Avroparlamentin qətnaməsinə münasibətində deyilir.
Qeyd edilib ki, bu beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur:
"Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin bu sülh prosesinə zərbə vuran, Azərbaycan Respublikasının nüfuzuna xələl gətirməyə yönələn bir addımdır".
Qətnamədə yer alan iddialara gəlincə Milli Məclisdə bildirilib ki, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir:
"Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atmaqdan çəkinməyən Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə doğma yurdlarından qovularaq, etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün insan ləyaqətinin tapdalanması barədə həmişə susmağa üstünlük verib".
Qeyd edilib ki, Azərbaycana qarşı yönələn bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna yeni bir zərbə vurur. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan hərəkətlərdən çəkinməyə, ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe tutmağa, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməməyə çağırır:
"Eyni zamanda, Azərbaycan parlamenti bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz".
Xəbər lenti
0