CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat dövlət qurumlarında "yeyinti yeri" olan tikinti şöbələrinin ləğvini təklif edir

© SputnikRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Nurullayev əlavə edib ki, hazırda yarımçıq tikililərin tutduğu yüzlərlə hektar ərazilərlə bağlı qərar verilməlidir.
BAKI, 19 aprel — Sputnik. "Şəhər gözəlləşir, infrastruktur yaradılır və insanların rahatlığı üçün xeyli addımlar atılır. Bu işlərin fonunda yarımçıq tikililər narahatlıq yaradır. Yarımçıq tikililər bütün şəhər ərazisində var. Onlar böyük əraziləri tutub və istifadəsiz qalıb".
Bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat əlavə edib ki, hazırda yarımçıq tikililərin tutduğu yüzlərlə hektar ərazilərlə bağlı qərar verilmir: "Yüz hektarlarla hasarlanmış ərazilər ilə bağlı niyə addımlar atılmır? Bunlar kiminsə əmlakı ola bilər, amma bu o demək deyil ki, kimsə "ərazimdir, özüm bilərəm" deyib keçməlidir. Özümüzü müqayisə etdiyimiz Avropa ölkələrində həyətyanı sahələrdə əkilən qazonun biçilməsi və hündürlüyü ilə də bağlı standart var. Yarımçıq tikililər həm də ona görə var ki, hansısa vəzifəli şəxslər, yaxud onlara bağlı biznesmenlər zamanında tikməyə başlayıb, vəzifədən alınıb, yaxud həbs edilib və biznes imperiyası alt-üst olub. Amma bu yarımçıq tikililəri illərlə saxlamaq düzgün deyil. Ya onlardan qanuni yollarla alınıb istifadəyə verilsin, ya da özlərinə vaxt qoyulsun ki, tikintini başa çatdırsınlar. Yox, qanunsuzdursa, baş plana uyğun deyilsə, o zaman sökülməsi və ya başqa məqsədlər üçün istifadəsi ilə bağlı qərarlar verilsin".
R.Nurullayev qeyd edib ki, müxtəlif nazirliklərin, komitələrin, əksər dövlət qurumlarının təkribində tikinti şöbələri var:
"Bilmirəm bu sovetlərdən qalma ənənədir, yoxsa sonradan yaradılıb. Nazirliklərin, dövlət qurumlarının öz işləri var, birbaşa səlahiyyətləri ilə məşğul olsunlar, tikinti ilə yox. Ona görə də təklif edirəm ki, dövlət qurumlarındakı aidiyyətsiz tikinti şöbələri ləğv edilsin, onların yerinə ayrıca agentlik və ya komitə yaradılsın ki, onlar tikinti ilə məşğul olsun. Bu, çox səmərəli bir yanaşma olar".
Xəbər lenti
0