Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"Harvard" və "Oksford"da oxumaq arzusuna dövlət proqramının siyahısı mane olur?

© AFP 2023 / Scott EisenHarvard Universiteti
Harvard Universiteti - Sputnik Azərbaycan, 1920, 13.04.2024
Abunə olmaq
Kamran Əsədovun sözlərinə görə, beynəlxalq imtahanların nəticələrinə görə hər xaricdə təhsil imkanı əldə edən gəncin xərclərini dövlətin maliyyələşdirmək öhdəliyi yoxdur.
BAKI, 13 aprel — Sputnik. Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindən qəbul təklifi alan bir neçə azərbaycanlı gənc maddi imkanları çatmadığından bu təklifi dəyərləndirə bilmirlər. Harvard universitetində qəbul təklifi alan Qəndab Məmmədovanın qardaşı, bir müddət öncə ABŞ-nin ən nüfuzlu universitetlərindən olan Dreksl Universitetinə qəbul təklifi alan Mehdi Məmmədov təhsil xərclərini ödəyə bilmir. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Mehdi paylaşımında bildirib ki, Dreksl Universitetində maksimum verilən təqaüd 35 700 dollar olduğu üçün, yerdə qalan xərcləri ödəmək onlar üçün çətindir:
"Atam bərbər kimi fəaliyyət göstərir, anam isə evdar xanımdır. Ümumilikdə məbləğ 86 000 dollardır. Bütün xərclər, yataqxana, yemək, kitablar və sairə bu ödənişə aiddir. Bizə yerdə qalan 51 000 dolları ödəmək üçün köməklik lazımdır. Mayın 1-nə qədər bu məbləği toplamalıyıq".
Mehdi bildirir ki, bir neçə yerə müraciət etsə də, hələ müsbət cavab almayıb. Dövlət Proqramında Amerika universitetlərinin olmaması da onların işini çətinləşdirir.
Qeyd edək ki, Mehdi Məmmədov 5 proqramlaşdırma və kodlaşdırma dili bilir. 2 il Respublika İnformatika Olimpiadası finalçısı olub. Amerika Səfirliyinin dəstəklədiyi Bakı Amerika Mərkəzində könüllü proqramlaşdırma müəllimi kimi dərslər verib. İştirak etdiyi müsabiqə və yarışlarda qızıl, gümüş medallar qazanıb. Mehdi ilə yanaşı onunla eyni məktəbdə, eyni sinifdə oxuyan bacısı Qəndab Məmmədova Harvard Universitetindən Astrofizika sahəsi üzrə qəbul alıb.
Gənclərin xaricdə təhsillə bağlı şikayətlərinə nəzər salsaq görərik ki, onların əksəriyyəti Amerika universitetlərinin xaricdə təhsil dövlət proqramına salınmamasından narazıdır.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda 41500 gənc xaricdə təhsil alır. Onun sözlərinə görə, gənclərin xaricdə təhsili üçün bir neçə dövlət proqramı var. K. Əsədov bildirir ki, , gənclərin xaricdə təhsilinə dövlət qayğısı var. Əsas məqsəd Azərbaycanda ehtiyac duyulan sahələr üzrə xaricdə mütəxəssislərin hazırlanmasıdır. K. Əsədov hazırda kifayət qədər azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını söyləyib.
Amma ekspert deyir ki, hazırda dövlət xaricdə təhsillə bağlı siyahı müəyyənləşdirib. O, iddia edir ki, dövlətin müəyyənləşdirdiyi universitetlər daha nüfuzlu universitetlərdir. K. Əsədovun sözlərinə görə, beynəlxalq imtahanların nəticələrinə görə hər xaricdə təhsil imkanı əldə edən gəncin xərclərini dövlətin maliyyələşdirmək öhdəliyi yoxdur.
"Xaricdə təhsil haqqı kifayət qədər yüksək olan istənilən ali təhsil müəssisəsindən qəbul təklifi alan gənclərin hamısının təhsilini dövlətin qarşılamaq öhdəliyi yoxdur. Onda hər kəs bu nəticəni təqdim edib dövlətdən təhsil xərcinin çəkilməsini tələb edə bilər. Nüfuzlu ali təhsil müəssisəsinə qəbul olmaq işin 70 faizidir. Siyahı var, gənclər istəyirlərsə onların xaricdə təhsil haqlarını dövlət ödəsin, bu zaman dövlət proqramına daxil olunmuş ali təhsil müəssisələrini seçməlidirlər. Onlar Azərbaycan vətəndaşları olsa da, dövlətin savadlı gənclərin xaricdə təhsilinə dövlət qayğısı olsa da, onlar siyahıya diqqət edilməlidir. Gənclər bilməlidirlər ki, ancaq döclət proqramının siyahısına daxil olan universitetlər üzrə xaricdə təhsil xərcləri qarşılanacaq. Xaricdə təhsil üçün seçim edərkən də buna diqqət yetirməlidirlər", - Kamran Əsədov bildirib.
Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə elan edilmiş “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı” əsas götürülərək həyata keçirilir: "https://dp.edu.az/uploads/fileuploads/2023/11/0599d1ea0c724fb7999659e43658329f.pdf?fbclid=IwAR1cBTv5qzS8r0z6pP0ksSrK80QXYlRANowM8CEMNF5sfKjr7_YziCsilow_aem_AWF-ryZuTX9V6cfEDuTWfCaglZD-i2iploiy-ph7QAbV9k1nc6r5QsMMWZgsvy_X782mjLoMziEPVBB-iXYVT5tE".
"Sözügedən siyahı müvafiq Sərəncamda müəyyən olunmuş 15 prioritet sahə əsas götürülməklə hər il Elm və Təhsil Nazirliyi tərəfindən yenilərək ictimaiyyətə elan edilir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin “universitetlər üzrə top10”da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulmuşdur. Bildirmək istərdik ki, “Drexel University” müvafiq siyahıda yer almamışdır. Siyahıda yer alan universitet və proqramlarla aşağıdakı linkdən keçid edərək tanış ola bilərsiniz:
Qeyd edək ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində təhsil üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının xarici ali təhsil müəssisələri üzrə siyahı mövcuddur. Hazırda bu proqrama Almaniya Federativ Respublikası, Birləşmiş Krallıq, Çin Xalq Respublikası, İsrail Dövləti, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Rusiya Federasiyası, Sinqapur Respublikası, Türkiyə Respublikası, Yaponiyada yerləşən ali təhsil müəssisələrinin adları daxildir.
Xatırladaq ki, 2023-2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 997 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çinin ali təhsil müəssisələrində təhsil alır.
Xəbər lenti
0