CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda pensiyaçıların sayı niyə azalıb?

© Sputnik / Elvin AhmadPensiyaçı qadınlar
Pensiyaçı qadınlar - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
İqtisadçı-ekspert bildirib ki, növbəti illərdə pensiyaçıların sayında artımlar yüksək olmaya bilər. Amma 2028-ci ildən başlayaraq ölkədə pensiyaçıların sayında artımlar müşahidə edə biləcəyik.
BAKI, 4 aprel — Sputnik. Azərbaycanda pensiyaçıların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda pensiyaçıların sayı illik müqayisədə 1,6 faiz azalaraq 1 096 000 nəfər olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Bəs, pensiyaçıların sayı niyə azalır?
İqtisadçı-ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyib ki, son statistik məlumatlara əsasən, ölkədə pensiya alan şəxslərin sayında azalma müşahidə edilir:
"Pensiyaçıların sayının azalmasının bir neçə səbəbi var. Birincisi, qeyri-qanuni yolla pensiya alan şəxslərin bu hüquqdan məhrum edilməsidir. İkincisi, pensiya yaşının mütəmadi olaraq qaldırılmasıdır. Bu, pensiyaçıların artmasına mənfi təsir göstərir".
Ekspert bildirib ki, yaşa görə pensiya alanların sayında nisbətən artım olsa da amma əhalinin artım sayı ilə müqayisədə bu kateqoriyada olan pensiyaçıların sayında artım o qədər də ürəkaçan deyil:

"Bunun səbəbi isə pensiya yaşının artırılmasıdır. Ötən il ərzində əlilliyə görə pensiya alanların sayında isə 15 min nəfərədək azalma var. Bunun da əsas səbəbi pensiya təyinatı prosesinin ağardılmasıdır".

"2028-ci ildən başlayaraq pensiyaçıların sayında artım müşahidə edə biləcəyik"
"Növbəti illərdə pensiyaçıların sayında artımlar yüksək olmaya bilər. Amma 2028-ci ildən başlayaraq ölkədə pensiyaçıların sayında artımlar müşahidə edə biləcəyik. Çünki 2027-ci ildə pensiya yaşının artımı bitəcək", - ekspert əlavə edib.
© Photo : courtesy of Eldaniz Amirovİqtisadçı-ekspert Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirov - Sputnik Azərbaycan, 1920, 03.04.2024
İqtisadçı-ekspert Eldəniz Əmirov
"Yaşa görə pensiyaya çıxanların sayında azalma yoxdur"
Deputat Vüqar Bayramov bildirib ki, ötən il pensiyaçıların sayı illik müqayisədə 18200 nəfər azalıb:
"2022-ci ildə yaşa görə pensiya alanların sayı 696375 nəfər olub. 2023-cü ildə isə bu rəqəm 701440 nəfər olub. Deməli, yaşa görə pensiyaya çıxanların sayında azalma yoxdur. Əksinə yaşa görə pensiya alanların sayı 5065 nəfər artıb".
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Deputat qeyd edib ki, ötən il əlilliyə görə pensiya alanların sayı 258656 nəfər olub:
"2022-ci ildə isə ölkədə 272979 nəfər əllillyə görə pensiya alıb. Bu isə o deməkdir ki, ötən il ərzində əlilliyə görə pensiya alanların sayı 14323 nəfər azalıb".
Bayramov bildirib ki, ailə başçısını itirməyə görə pensiya alanların sayı keçən il 135904 nəfər olub:

"2022-ci ildə isə bu rəqəm 144846 nəfər idi. Deməli, ailə başçısını itirməyə görə pensiya alanların sayı 8942 nəfər azalıb. Bütövlükdə əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanların sayı ötən il ərzində 23265 nəfər azalıb. Bu statistik təhlil göstərir ki, yaşa görə pensiya alanların sayında artımın olmasına baxmayaraq digər iki əmək pensiyası üzrə azalma ümumi pensiya alanların sayını azaldıb. Beləliklə, əlilliyə və ailə başçısını itirməyə görə pensiyaçıların sayı 23265 nəfər azalıb. Yaşa görə pensiyaçıların sayı isə 5065 nəfər artıb. Nəticədə 18200 nəfər ümumi azalma qeydə alınıb".

Aylıq pensiyaların orta məbləği 441,3 manat təşkil edib
Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2024-cü il yanvarın 1-i vəziyyətinə aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 47,3 faizinə bərabər olub.
Bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2024-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 143,7 min nəfər, əlilliyə görə 217,7 min nəfər, ailə başçısını itirməyə görə 57,2 min nəfər, digər müavinət növlərini alanların sayı isə 23,4 min nəfər olub. Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 180 nəfər qəyyumuna aylıq müavinət verilib və s.
© Sputnik / Elvin AhmadPensiyaçı, arxiv
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Pensiyaçı, arxiv
Xatırladaq ki, əvvəllər Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq. "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Əmək pensiyasının növləri
Azərbaycanda əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyasıailə başçısını itirməyə görə əmək pensiyası.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0