CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahalaşma, işsizlik - Taksilərin sayının azaldılması nə vəd edir?

© Sputnik / Murad OrujovBakıda taksi, arxiv
Bakıda taksi, arxiv - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Bu günədək 10 fiziki və hüquqi şəxsə taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə verilib.
BAKI, 15 mart — Sputnik. Bugünədək yaşı 15 ildən çox olan 7000-ə yaxın taksi xidməti göstərən nəqliyyat vasitəsi bu xidmətləri dayandırıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib.
Azərbaycanda taksi sayının azaldılması məsələsi son günlər daha da aktuallaşıb. Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, yaydan bu yana taksilər 67 mindən 60 minə qədər azalıb. Onun sözlərinə görə, Bakıda olan adam sayına görə isə 20 minə qədər taksi bəs edər: "Bu eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. Bizim ictimai nəqliyyatda sürücü çatışmazlığımız var, yük daşıyıcılar arasında da sürücü ehtiyacımız var".
Bəs görəsən taksilərin sayının azaldılması sərnişindaşımaya, əhalinin məşğulluğuna, eləcə də taksi bazarında qiymətlərə necə təsir edəcək?

AYNA-nın mətbuat katibi Sputnik Azərbaycan-a bildirib ki, taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlar həyata keçirilir. Bu məqsədlə ilk növbədə, qanunvericilik bazası təkmilləşdirilib.

"Avtomobil nəqliyyatı", "Yol hərəkəti", "Lisenziyalar və icazələr" və "Dövlət rüsumu" haqqında qanunlara, eləcə də İnzibati Xətalar və Vergi məcəllələrinə edilən dəyişikliklər taksi fəaliyyətində səmərəli nəzarət mexanizmlərinin yaradılması baxımından olduqca əhəmiyyətlidir. Dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verir, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına hədəflənib. Taksi sahəsində aparılan islahatlar nəticəsində Bakı şəhərində taksi səfərlərinin sayı azalıb. Təhlillər onu göstərir ki, taksi nəqliyyat vasitəsilə metroya və ya metrodan edilən səfərlərin sayı da azalıb. Əsasən yaşı 15 ildən çox olan 7000-ə yaxın taksi xidməti göstərən nəqliyyat vasitəsi bu xidmətləri dayandırıb. Bu günədək 10 fiziki və hüquqi şəxsə taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə verilib.
Vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi üçün taksi sürücləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığa cəlb edilib. AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən təlimlərdən bu günədək 14 mindən çox sürücü keçib. Xüsusi hazırlığı keçməyən və müvafiq şəhadətnaməsi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartını ala bilməyəcəklər. Buraxılış kartı almayan sürücülər isə nə fərdi qaydada fəaliyyət göstərə, nə də ki, taksi sifarişi operatoruna qoşula biləcəklər. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək", - deyə Tural Orucov bildirib.

Onun sözlərinə görə, yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq.

AYNA sözçüsünün sözündən də göründüyü kimi, taksilərin sayının azalması prosesi davamlı olacaq.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə taksilərə kvota qoyulması gündəmdə deyil. Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə əsasən taksi sürücüləri ələkdən keçiriləcək.
© Sputnik / Murad OrujovNəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 14.03.2024
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı
"Zamanla qanunvericiliyin tələbinə cavab verməyən taski sürücüləri özləri bu fəaliyyətdən kənar qalacaqlar. Hazırda taksi fəaliyyəti göstərmək istəyənlər təlim keçərək sertifikat almalıdırlar. Amma indiyədək 60-70 min taksi sürücüsündən 14 mini sertifikat alıb. Gələcəkdə taksi sürücülərinin tibbi müayinədən keçməsi nəzərdə tutulub. Əgər bu proses şəffaf aparılarsa, narkotik maddə aludəçisi olan, psixi sağlamlıq problemi olan taksi sürücüləri də taksi xidməti göstərə bilməyəcək. Bu zaman taksi sürücülərinin bir qismi də belə taksi xidməti göstərməkdən kənarda qalacaq. Tələblərdən biri də taksilərin texniki tələblərə cavab verməsidir. Texniki vəziyyəti uyğun olmayanlara da taksi fəaliyyəti göstərməyə icazə verilməyəcək. Növbəti mərhələ isə 10-15 ildən köhnə olan avtomobillərlə taksi fəaliyyətinə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı olacaq. Bu tələblər zamanla taksilərinin sayının azalmasına gətirib çıxardacaq".
Ekspert deyib ki, taksilərin sayının artmasının səbəbləri müxtəlifir. Bu iqtisadi amillərlə də bağlı olduğundan, problemin öhdəsindən gəlmək tək bir nazirliyin işi deyil: "Bu gün Bakıda taksi xidməti göstərən sürücülərin bir qismi doğurdan da işsiz olduğu üçün taksi fəaliyyəti göstərir. Bir qisim isə rayonlardan Bakıya məhz taksi işləmək üçün gələnlərdir. Onların arasında işsiz olanlar da var, qonşudan geri qalmamaq prinsipi ilə Bakıya gələnlər də. Ona görə də taksi sürücülərinin sayının artması məsələsi hökumətlə birgə müzakirə olunmalı, səbəbləri araşdırılmalı, çıxış yolları tapılmaldıır. Bu məsələ İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirlikləri, hökumətlə birgə müzakirə olunmalıdır".

E. Muradlı bildirib ki, taksilərin sayının azaldılmasının ziyanı ilk növbədə taksi fəaliyyətindən kənar qalanlara dəyəcək.

"Ona görə də araşdırılmalıdır ki, taksi fəaliyyətindən kənarda qalanlar niyə özlərinə bu peşəni seçiblər. Bu gün Bakıda taksi xidməti göstərənlərin bir qismi illərdir bu işlə peşəkar məşğul olanlardır. Düşünürəm ki, taksi işlədənlərin heç birini bu prosesdən kortəbii kənarda saxlamaq olmaz. Onların da məşğulluğu barədə hökumət düşünməlidir", - ekspert deyib.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, taksilərin sayının azalması taksi bazarında qiymətlərə təsirsiz ötüşməyəcək. Ekspert deyib ki, taksilərin sayı azaldıqca qiymətlərdə artım müşahidə olunacaq.

"Taksi sayının çoxluğunun ziyanı yoxdur. Taksilərin tıxaclara elə ciddi təsiri yoxdur. Əksinə, taksilər paytatxda ictimai nəqliyyatın yükünü götürür. İctimai nəqliyyat inkişaf etmədiyindən taksilərə təlabat yaranıb. Ona görə də, taksilərin sayının azaldılması üçün inzibati tədbirlər görülərsə qiymətlər artacaq. Halbuki, taksi sektoru yeganə sahədir ki, qiymətləri insanları qane edir", - deyə iqtisadçı bildirib.
Natiq Cəfərli onu da əlavə edib ki, bu gün paytaxt əhalisinin məşğulluq probleminin həllində taksi sektoru mühüm rol oynayır. İşsiz insanlar taksi fəaliyyəti göstərməklə ailələrini dolandırırlar. İqtisadçı taksi sayının azaldılmasının əhalinin məşğulluğuna mənfi təsirlərinin olacağını söyləyir. Bildirir ki, bu minlərlə insanın işsiz qalması ilə nəticələnə bilər. Odur ki, ekspert taksilərlə bağlı qərarlar qəbul edilərkən ciddi düşünülməli olduğunu söyləyib.
Xəbər lenti
0