CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Satılan ətlərin mənşəyini QR kod vasitəsilə öyrənəcəksiz - Yeni sistem gəlir

© Sputnik / Ilham MustafayevƏt
Ət - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
Bu sistem vasitəsilə "fermadan süfrəyədək" prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq.
BAKI, 8 mart — Sputnik. Azərbaycanda heyvanların və heyvan məhsullarının izlənmə sistemi qurulub. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvanların və məhsulların elektron izlənmə sistemi yaradılıb. Bu sistem vasitəsilə "fermadan süfrəyədək" prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq. Hazırda həmin sistem pilot olaraq bir satış şəbəkəsində sınaqdan keçirilib.
İzlənilmə nədir?
Qeyd edək ki, izlənilmə - doğulduğu vaxtdan kəsilənədək bir heyvanın növü, cinsi, sağlamlığı, yetişdirilmə məqsədləri və s. məlumatların qeydiyyata alınmasıdır. Ona görə də izlənilmə biotəhlükəsizlik sistemi olub, "fermadan süfrəyədək" prinsipinə uyğun olaraq, qida təhlükəsizliyini təmin edir.
"Bu sistemin qurulması dövrün tələbidir"
Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Sputnik Azərbaycan-a deyib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu sistemin qurulması dövrün tələblərindən irəli gəlir və eyni zamanda bilavasitə insanların sağlamlığının qorunmasına xidmət edir:
"Qida təhlükəsizliyi haqqında" qanunda bu müddəalar öz əksini tapıb və sənəddə "fermadan süfrəyədək" prinsipi aydın şəkildə göstərilib. Bu, çox vacib məsələdir. Çünki heyvanların mənşəyinin bilinməsi, onların sağlamlığı haqqında məlumatın əldə edilməsi, harada kəsilməsi, kəsim məntəqəsinin ünvanı, məhsulun daşınma tarixi və digər məsələlərin bu sistemdə yer alması istehlakçını arxayınlaşdırır. Bu, istehlakçıda inam yaradır ki, aldığı heyvan məhsulu təmizdir, yararlıdır".
"At və eşşək ətlərinin bazara çıxarılması halları olur"
Komitə sədri bildirib ki, bu sistem ilk növbədə insanların sağlamlığının qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib: "Digər tərəfdən, gələcəkdə fəsadların qarşısının alınması üçün çox mühümdür. Çünki bu gün biz tez-tez təsadüf edirik ki, mənşəyi məlum olmayan ətlər satışa çıxarılır. At ətinin, eşşək ətinin hətta bəzən digər heyvanların ətinin bazara çıxarılması halları olur. Çox təəssüf olsun ki, bu ətlərin insan həyatı üçün ciddi təhlükə olduğuna baxmayaraq bəzi işbazlar pul qazanmaqdan ötrü bütün vasitələrə əl atırlar. Ancaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu sistemin yaradılması xoşagəlməz halların qarşısının alınmasında mühüm rol oyanayacaq. Bu, həm bizim səhhətimiz üçün həm də vətəndaşların özlərinin rahatlığı üçün çox vacibdir".
"Bu sistemin tətbiqi dövlətin öz vətəndaşının sağlamlığına göstərdiyi qayğının əyani nümunəsidir. Belə tədbirlər bütün sahələrdə həyata keçirilməlidir" - komitə sədri əlavə edib.
© Photo : AZƏRTACTahir Rzayev
Tahir Rzayev - Sputnik Azərbaycan, 1920, 07.03.2024
Tahir Rzayev
Heyvan haqqında məlumatı QR kod vasitəsilə oxumaq olar
Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Agentlik tərəfindən ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması məqsədilə avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi (AQTİS) üzərindən heyvanların və məhsulların elektron izlənmə sistemi yaradılıb:
"Ölkə ərazisində Agentliyin mütəxəssisləri tərəfindən ailə-kəndli və fermer təsərrüfatlarında identikləşdirilmiş heyvanlar və təsərrüfatlar haqqında məlumatlar AQTİS-ə daxil edilir. Bu sistem vasitəsilə "fermadan süfrəyədək" prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq. Belə ki, kəsilən hər bir heyvan haqqında məlumat istehlak məhsulunun üzərindəki QR kod (ştrix-kod növlərindən biri) vasitəsilə oxunacaq. İstehlakçı diri heyvanın haradan və nə vaxt gətirildiyi, məhsulun (ətin) mənşəyi, kəsim məntəqəsinin ünvanı, kəsilmə və satış şəbəkələrinə göndərilmə tarixləri, məhsulun daşınması haqqında sənədin nömrəsi barədə müfəssəl məlumatlar əldə edəcək. İzləmə sistemi vasitəsilə istehlakçı həmçinin məhsulun aid olduğu heyvanın sağlamlıq vəziyyəti, aparılmış sonuncu peyvəndləmənin tarixi, yaşı və s. məlumatları da əldə edə bilər. Bununla yanaşı, QR kodda məhsulun daşınmasına verilmiş müşayiətedici baytarlıq sənədinin nömrəsi də əks olunur ki, bu nömrə ilə istehlakçı sənədin əslini tələb edə bilər. Beləliklə, sistem vasitəsilə istehlakçı son məhsula uyğun tam qida zənciri üzrə məlumat əldə etmək imkanı qazanacaq. Bu isə izlənmə imkanlarının genişlənməsi ilə biotəhlükəsizlik tələblərinin ödənilməsinə şərait yaradacaq".
Agentlik diqqətə çatdırıb ki, sözügedən sistem pilot olaraq hazırda bir satış şəbəkəsində sınaqdan keçirilib: "Müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyeklərinin də izləmə sisteminə qoşulması istiqamətində işlər davam etdirilir".
Heyvanların və məhsulların izlənmə sistemi barədə aşağıdakı linkə keçid edərək, məlumat əldə etmək mümkündür: https://e-afsa.gov.az/Certification/GetVeterinaryCertificatesData/d7665afe-b6a3-4aea-abc0-0421beb1e775
"İlkin sınaqlar uğurla nəticələnib"
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, artıq bazarlarda, ticarət şəbəkələrində kəsilərək satılan heyvan haqqında məlumatlar (heyvanın mənşəyi, cinsi, yaşı və s.) istehlak məhsulunun üzərindəki QR kod vasitəsilə oxunacaq: "Bu da bizə imkan verir ki, fermadan süfrəyədək məhsulların tam izlənilməsini həyata keçirək. Hazırda AQTİS-də bu sistem qurulub və ikin sınaqlar uğurla nəticələnib. Ət məhsullarının üzərindəki QR kod vasitəsilə istehlakçı məlumatları əldə edə bilər".
Avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi (AQTİS) nədir?
Xatırladaq ki, "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanan AQTİS istismara verilib.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlar AQTİS-də "Şəxsi kabinet"ə "ASAN İmza" və ya "ASAN Login" ilə daxil olurlar. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, qida təhlükəsizliyi sertifikatının verilməsi, baytarlıq nəzarətinə aid məhsulların idxalına rəy verilməsi və s. bu sistem vasitəsilə həyata keçirilir. Ümumilikdə "Şəxsi kabinet" vasitəsilə sahibkarlar Agentliklə olan münasibətlərini tənzimləyir, müraciətlərini edir və bu müraciətlərə elektron olaraq cavab ala bilirlər. 2021-2025-ci illər üzrə AQTİS-də bir çox yeni modulların hazırlanması da nəzərdə tutulub.
Heyvanların identifikasiyası
Əlavə edək ki, heyvan və heyvan mənşəli məhsulların izlənilməsi heyvanların fərdi şəkildə identifikasiyası və qeydiyyata alınması ilə başlayır. Heyvan növləri, cinsləri, yetişdirilmə məqsədləri və s. nəzərə alınaraq, praktikada bir çox identifikasiya üsullarından istifadə edilir. Hazırda heyvanların identifikasiyasında əsasən damğalama, qulaq işarətləmə, elektron identifikasiya və biometrik metodlardan istifadə olunur.
Xəbər lenti
0