Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Rusiyadan diri qoyun idxalını kəskin artırıb - Orta idxal qiyməti 137 manatdır

© Sputnik / Алексей СухоруковQoyun
Qoyun - Sputnik Azərbaycan, 1920, 12.01.2024
Abunə olmaq
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda diri çəkidə 485,4 min ton ət istehsal olunub. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz artıb.
BAKI, 12 yanvar — Sputnik. Azərbaycan Rusiyadan diri qoyunların idxalını kəskin artırıb. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiyadan Azərbaycana 7,9 milyon dollar dəyərində 98,1 min baş diri qoyun idxal edilib. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ötən ilin eyni dövründə Rusiyadan diri qoyunların idxalı say baxımından 6,3 dəfə, dəyər baxımından 6,5 dəfə artıb. Rusiyadan ölkəmizə 1 baş diri qoyunun orta idxal qiyməti 80 dollar (137 manat) təşkil edib.
Qeyd edək ki, diri qoyunların ən çox Rusiyadan gətirilməsinin əsas səbəbi alternativ bazarlardan daha ucuz başa gəlməsidir.
"Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər"
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sputnik Azərbaycan-a deyib ki, artıq xeyli vaxtdır iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı ölkədə azalır:

"Təxminən 2014-2015-ci illərdən başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı aşağı düşür. Həmin dövrdə pambıq strateji məhsul kimi önə çıxarıldı və bir sıra heyvandarlıq təsərrüfatlarına aid torpaqlarda, örüş sahələrində pambıq əkildi. Ona görə də ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalır. Digər tərəfdən, yemlərin bahalaşması da heyvanların sayının azalmasına təsir göstərdi".

Ekspert diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlıq sahəsinin inkişafı üçün əlverişli şərait var:
"Kütləvi şəkildə heyvanların Laçın və Kəlbəcər yaylaqlarına aparılması məqsədəuyğun olar. Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər və bunun üçün potensial var".
Ətin həm istehsalı həm də idxalı artıb
Onu da qeyd edək ki, ölkədə ət istehsalının və idxalının artması ətə olan tələbatın yüksəldiyini göstərir. Başqa sözlə, ölkədə ətə tələbat artır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda diri çəkidə 485,4 min ton ət istehsal olunub. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 10 ayında xaricdən Azərbaycana 70 milyon dollar dəyərində 34,8 min ton ət gətirilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 3,1 faiz, dəyər baxımından isə 11,7 faiz çoxdur.
Süni mayalanma yolu ilə alınan hər buzova görə subsidiya verilir
Azərbaycan Prezidentinin 19 avqust 2015-ci il tarixli "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat subsidiya ödənilir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) əkinçilər kimi heyvandarlar da qeydiyyatdan keçərək öz təsərrüfatlarını bəyan etməli və fəaliyyətləri barədə məlumat yerləşdirməlidirlər.
Süni mayalanma ilə alınan buzova görə subsidiya müraciəti üçün bütün proses – bala verəcək heyvan haqqında məlumat, süni mayalanma mütəxəssisi, mayalandırma tarixi, doğulacaq balanın cinsi və doğulma tarixi EKTİS-də qeyd olunmalıdır. Bu məlumatların bir hissəsini fermer özü, bir hissəsini də süni mayalanma mütəxəssisi və baytar daxil edir. Buzov doğulduqdan sonra məlumatlar yoxlanılaraq təsdiqlənir və buzov sahibinə ödəmə edilir.
"Ənənəvi köçəri qoyunçuluq modeli getdikcə populyarlığını itirir"
Xatırladaq ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Report-a açıqlamasında, qoyunçuluqda olan problemləri ənənəvi köçəri qoyunçuluq modelinin bugünkü sosial həyat tərzi ilə bir o qədər uyğun olmaması ilə əlaqələndirib:
"Bəziləri bu sahədəki problemləri örüş sahələrinin az olmasında görür. Əslində isə daha ağır problem odur ki, ənənəvi köçəri qoyunçuluq modeli getdikcə populyarlığını itirir. Bunun əvəzində intensiv qoyunçuluq modeli var. Daxili bazarda isə insanlar daha çox ənənəvi qoyunçuluq məhsullarının istehlakına maraq göstərir. Bizim cəmiyyətin istehlak vərdişləri 8-15 kiloqramlıq xırdabuynuzlu heyvan əti üzərindən hesablanıb. Bu istehlak vərdişinə olan tələbi qarşılayan ənənəvi köçəri qoyunçuluq təklifi isə getdikcə azalır. Çünki cəmiyyətin ənənələri dəyişir və o təsərrüfat modeli ilə məşğul olmağa maraqlı şəxslər azdır".
F.Fikrətzadə hesab edir ki, getdikcə təbii olaraq bu modelin yerini intensiv və yarımintensiv qoyunçuluq modelləri tutacaq.
İri və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb
Əlavə edək ki, Dövlət Statistika Komitəsinə əsasən, 2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 7,2 milyon baş qoyun və keçi, 2,5 milyon baş iribuynuzlu mal-qara mövcud olub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 113,4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 705,1 min baş azalıb. Bu göstərici son 10 ilin ən aşağı həddidir.
© Sputnik / Игорь Зарембо / Mediabanka keçidBuzovlar ölkəsi, arxiv
Животноводческий комплекс - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Buzovlar ölkəsi, arxiv
"Qoyunlarda süni mayalanmanın tətbiqi" adlı layihə həyata keçirilir
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun məlumatına görə, dünya heyvandarlığında vəziyyəti təhlil edərkən belə bir qərara gəlmək olar ki, intensiv yetişdirmə zamanı heyvanların baş sayının artırılmasında, məhsuldarlığın yüksəldilməsində, yeni daha məhsuldar cinslərin yaradılmasında istifadə edilən ən etibarlı metodlar süni mayalanma, rüşeyin köçürmə və klonlaşdırmadır. Xarici ölkələrdə uzun müddət istifadə edilən təcrübələrin ölkəmizdə tətbiqi heyvanların baş sayının artırılmasına, məhsuldarlığın yüksəldilməsinə gətirib çıxaracaq. 2018-ci ildən başlayaraq institutda "Qoyunçuluqda süni mayalanmanın tətbiqi" adlı layihə icra edilməkdədir.
"Embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur"
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası başqa ölkələrdən damazlıq heyvan idxalından daha asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını dəfələrlə artırır.
Bildirilib ki, embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilir.
"Mal-qaranın sayı azalsa da ölkədə ət istehsalı artır"
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, mal-qaranın sayı azalsa da ölkədə ət istehsalı artır: "Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıblar. 1 il ərzində ölkədə təxminən 90 minə yaxın süni mayalanma yolu ilə heyvan doğulur. Bu səbəbdən ölkədə iribuynuzlu heyvanların baş sayı azalsa da diri çəkidə ət və süd istehsalı artır".
Kəlbəcər və Laçın yaylaqları...
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, yazın son ayından başlayaraq heyvanların yaylaqlara aparılmasına başlanılır. Bu zaman heyvanların sağlam olması və qısa müddətdə təyin olunmuş yerə, yəni yaylaqlara çatdırılması vacib şərtlərdən biridir. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. Köç prosesi müvafiq dövlət qurumları ilə razılaşdırılmış vahid reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, yaylaq mövsümü sentyabrın əvvəllərində başa çatır.
© AR Ministry of AgricultureAzərbaycanda yaylaq, arxiv
Azərbaycanda sürülərin yaylağa köçü başlayıb - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Azərbaycanda yaylaq, arxiv
Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etməlidir.
2023-cü il mövsümündə 1177 qoyunçuluq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına qalxıb. Bu il Kəlbəcər yaylaqlarında 748, Laçın yaylaqlarında isə 429 qoyunçuluq təsərrüfatları minalardan təmizlənmiş ərazilərdə yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına ümumilikdə 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi, ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır - 195936 baş. Laçın yaylaqlarına isə 114970 baş xırdabuynuzlu heyvan aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0