Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Perinatal Mərkəzdə baş vermiş yanğına görə kimlər günahkardır?

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Doğum evində baş vermiş yanğın
Doğum evində baş vermiş yanğın - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Elmar Nurəliyev bildirib ki, müəssisələrdə yanğın siqnalizasiyasının işlək vəziyyətdə olmasına da ciddi nəzarət edilməlidir ki, işçilər yanğından vaxtında xəbər tutsunlar.
BAKI, 11 yanvar — Sputnik. Respublika Perinatal Mərkəzində ötən gün baş vermiş, dörd körpənin ölümünə səbəb olan yanğın hadisəsi tibb müəssisələrində yanğın təhlükəsizliyi problemini aktuallaşdırıb. Hadisənin faciə ilə nəticələnməsi tibb müəssisələrində yanğından mühafizə ilə bağlı tədbirlərin də kobud şəkildə pozulduğundan xəbər verir.
Tibb müəssisələrinin yanğından qorunması ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən yanğın təhlükəsizliyi məsələləri üzrə ekspert Elmar murəliyev bildirib ki, əksər tibb təyinatlı binalarda bu məsələ arxa plana keçirilsə də, baş vermiş faciə heç bir tibb müəssisəsinin belə hadisələrdən sığortalanmadığını təsdiqləyir.
"Fövqəladə hadisələr içərisində ən çox yanğın zamanı insanlar zərər çəkir. Ona görə də bütün təyinatlı müəssisələr yanğın təhlükəsizliyi qaydasına əməl etməlidir. Hər bir müəssisədə yanğın təhlükəsizliyi rejimi yaradılmalıdır. İşçilərin yanğın təhlükəsizliyi ilə bağlı bilik-bacarıqları olmalıdır. Qanunvericiliyə görə də hər bir müəssisə bununla bağlı öhdəlik üzərinə götürür. Doğum evində baş verən hadisə göstərdi ki, işçilərin yanğınla mübarizə üzrə bacarıqlarının olması baş verəcək faciənin qarşısını ala bilərdi. Əgər hər hansı müəssisədə işçilər yanğınla mübarizədə müəyyən qaydaları bilsələr, yanğınsöndürən hadisə yerinə çatana qədər yanğının daha geniş miqyasa yayılmasının qarşısını almaq mümkün olar" deyə ekspert bildirib.
E.Nurəliyev deyir ki, əgər hər hansı müəssisədə işçi sayı 15-dən yuxarıdırsa, orada yanğınsöndürmə dəstələri yaradılmalıdır. Səhiyyə və digər müəssisələrdə yanğın təhlükəsizliyinə daha ciddi yanaşılmalıdır. Çünki, tibb müəssisələri insanların daha çox üz tutduğu yerlərdir. Profilindən asılı olaraq insanlar müalicə üçün bəzən günlərlə belə müəssisələrdə qalmağa məcbur olurlar.
E.Nurəliyevin sözlərinə görə, müəssisələrdə yanğın siqnalizasiyasının işlək vəziyyətdə olmasına da ciddi nəzarət edilməlidir ki, işçilər yanğından vaxtında xəbər tutsunlar. Belə məkanlarda xəbərdaredici qurğular, ehtiyat su çəni, yanğın hidratları, yanğın dolabları, ilkin yanğınsöndürmə vasitələri, yanğın şitləri olmalıdır. Bu qurğular həm də saz vəziyyətdə saxlanılmalıdır. Texniki qulluq isə ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir.
Ekspert deyir ki, səhiyyə müəssisələrinin spesifikasına uyğun yanğın qaydaları hazırlanmalıdır:
"İşçi bilməlidir ki, yana bilən materialları, maddələri qızdırıcı cihazlara yaxın qoymaq olmaz. Yanğından sığortalanmaq mümkün olmasa da, qaydaları bilməklə yanğının baş verməsinin qarşısını almaq, eləcə də yanğının yayılmasının qarşısını almaq olar. Belə müəssisələrdə elektrik naqillərinin, elektrik avadanlıqlarının vəziyyətinə nəzarət olunmalı, sınaq protokolu tərtib olunmalıdır. Hadisənin baş verdiyi doğum evində elektrik naqillərinin və avadanlıqlarının vəziyyətinə nə vaxt nəzarət olunduğu araşdırılmalıdır".
Mütəxəssisin qeydinə görə, tibb müəssisələrində bəzi tezalışan məhsulların saxlanılmasının çəki və saxlanma qaydasına da ciddi əməl edilməlidir. Elə məhsullar var ki, onları ancaq dəmir dolabda, müəyyən çəkiyə qədər saxlamaq olar. Məhsulun yerdə qalan hissəsi anbarda saxlanılmaldır ki, hər hansı yanğın, partlayış olarsa yanğının miqyası böyüməsin. Bu məsələlər obyektin təyinatına görə fərqlənir.
Ekspert deyir ki, xəstəxanalarda çarpayılar arasında məsafə 80 sm, keçidlər arası məsafə 1 metr 20 sm olmalıdır ki, yanğın zamanı evakuasiya tədbirləri çevik həyata keçirilsin. Hər tibb müəssiəsində iki köçürmə yolunun olması, iki yanğınsöndürmə vasitələrinin göz önündə olması vacibdir.
Məlumat üçün onu da bildirək ki, Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara məlumat verib. Bu barədə jurnalistlərə baş prokuror Kamran Əliyev məlumat verib.
Qeyd edək ki, Perinatal Mərkəzdə baş vermiş yanğın hadisəsinə görə, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, yanğından sonra Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub, üç uşaq tüstüdən zəhərlənib. Yanğın zamanı 60 uşaq təxliyə olunub, onların vəziyyətləri nəzarətdədir.
Xəbər lenti
0