Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ehtiyatlar artacaq: Azərbaycan dünya bazarına nə qədər qaz təklif edə bilər

© iStock.com / NiseriNQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Respublika həm ənənəvi qazıntı enerji resurslarının növləri, həm də bərpa olunan enerji potensialı ilə zəngindir. Onun dünya bazarlarına nəyin hesabına təbii qaz ixracını artıra biləcəyi haqqında daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 1 dekabr — Sputnik. Dünya bazarının mühüm və etibarlı təbii qaz təchizatçısı olan Azərbaycan öz imkanlarını genişləndirməyə çalışır - yeni "mavi yanacaq" yataqları hazırlanıb işə salınır və istismar olunan quyulardan hasilat optimallaşdırılır.
Karbohidrogen yataqlarının inkişafı ilə paralel olaraq, respublikada bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü də genişləndirilir. Ölkədə istehsal olunan "yaşıl" enerjinin bir hissəsinin dünya bazarlarına çıxarılması, bir hissəsinin isə ölkə daxilində istehlak edilməsi nəzərdə tutulur. Beləliklə, Azərbaycan sərbəst buraxılan təbii qaz həcmlərini satmağı planlaşdırır ki, bu da ölkənin ixrac imkanlarının genişləndirilməsinə mühüm töhfə olacaq.
Dünya Bankının hesablamalarına görə, 2060-cı ilə qədər Azərbaycanın ixrac üçün nəzərdə tutulan təbii qaz ehtiyatları 35% artacaq, çünki hasil edilən qazın daha kiçik bir hissəsi ölkənin daxili bazarında istehlak ediləcək.
Bərpa olunan enerji mənbələri karbohidrogen ixracının xeyrinə olduqda
Azərbaycan həm ənənəvi qazıntı enerji resurslarının növləri, həm də "yaşıl" enerji potensialı ilə zəngindir. Belə ki, bu gün ölkədə quraşdırılmış bərpa olunan enerji mənbələrinin gücü 1569 MVt-a çatır. Lakin ölkə yalnız "yaşıl" enerji gücünün inkişafının başlanğıcındadır. Milli strategiyaya əsasən, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansında payı 30%təşkil edəcək. Bərpa olunan enerji mənbələrinin payının artırılması strategiyası ölkənin alternativ enerji potensialının 27700 MVt səviyyəsində qiymətləndirilməsinə əsaslanır.
Eyni zamanda, 2027-ci ilə qədər Azərbaycan 3 GVt-dan çox "yaşıl" enerji gücünün istifadəyə verməyi, 2030-cu ilə qədər isə ümumi gücü 5 GVt olan bərpa olunan enerji layihələrini həyata keçirməyi planlaşdırır.
Eyni zamanda, bərpa olunan enerji gücünün genişləndirilməsinə işğaldan azad edilmiş ərazilərin enerji ehtiyatlarının milli enerji balansına inteqrasiyası, eləcə də Naxçıvan Muxtar Respublikasının (NMR) potensialından istifadə də şərait yaradır.
Belə ki, hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikilən və ya tikiləcək elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 370 MVt-ı ötəcək. Qeyd edək ki, bu gün işğaldan azad edilmiş torpaqlarda su elektrik stansiyalarının (SES) ümumi quraşdırılmış gücü təxminən 80 MVt təşkil edir.
Naxçıvana gəlincə, muxtar respublikanın bərpa olunan enerji mənbələri üzrə potensialı 5 min MVt-dır. Azərbaycanın Energetika Nazirliyi xarici investisiyalar hesabına Naxçıvanda 1,5 min MVt külək və günəş enerjisi istehsal gücü yaratmağı və bu enerjinin ən azı 1 min MVt-ını ixrac etməyi qarşısına məqsəd qoyub.
Beləliklə, Azərbaycan daxili istehlak bazarında qənaət edilən qazın həcmini ixrac etməyə yönəltməyi planlaşdırır ki, bu da bəzi hesablamalara görə, təxminən 1,5 milyard kubmetr təşkil edəcək.
Perspektivli qaz yataqları
Azərbaycanda qaz hasilatı son bir neçə ildə durmadan artmaqdadır - 2023-cü ilin yanvar-oktyabr aylarının yekunlarına görə, onun hasilatı 40,1 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq ayları ilə müqayisədə 4,2% çoxdur.
Qaz hasilatının daha da sabit artımını təmin etmək üçün "Şahdəniz" layihəsinin üçüncü mərhələsinin işə salınması planlaşdırılır və bunun hesabına 2030-cu ilə qədər yataqdan əlavə 15 milyard kubmetr qaz çıxarılacaq.
Eyni zamanda, ehtiyatları 360 milyard kubmetrə çatan "Abşeron" yatağında bu il kommersiya hasilatına başlanılıb. İlkin mərhələdə burada 1,5 milyard kubmetr hasil ediləcəyi və tədricən hasilatın ildə 5 milyard kubmetrə çatdırılacağı gözlənilir.
Hələ də mənimsənilməsini gözləyən digər zəngin qaz yatağı "Qarabağ"dır - onun ehtiyatları 13 milyard kubmetr qiymətləndirilir. Burada hasilata 2025-ci ildə başlanılması planlaşdırılır və birinci mərhələdə yataqdan ildə təxminən 1,5-1,8 milyard kubmetr hasil oluna bilər.
Artıq istismar edilmiş və ya tədqiq edilmiş yataqlardan başqa, Azərbaycanda perspektivli qaz strukturları da mövcuddur ki, onların ümumi ehtiyathəcmi 1 trilyon kubmetrdən çox qiymətləndirilir.
Eyni zamanda, bu ərazilərdə artıq seysmik kəşfiyyat işləri aparılıb və yataqların təxmini ehtiyatları müəyyən edilib, lakin hələ burada işlənməyə başlanmayıb.
neft - Sputnik Azərbaycan, 1920, 22.11.2023
NEFT-QAZ
Azərbaycanın neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlıq müzakirə edilib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0