CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörəyin müqəddəs sayıldığı Azərbaycanda çörək məhsullarının 30%-i zibilliyə atılır

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
FAO hesab edir ki, Azərbaycanda çörək məhsullarının zibilliyə atılmasının səbəblərindən biri də onun keyfiyyətsiz hazırlanmasıdır.
BAKI, 30 oktyabr — Sputnik. Ölkədə çörəyin qiymətləri qismən aşağı düşüb. Aparılan müşahidələrə görə bundan əvvəl çörəyin qiymətinin artması onun istehlakını aşağı salmayıb. Üstəlik, bahalaşma dönəmində çörək və un məmulatları tullantılarının kütləsi artıb.
Bu gün dünyada çörək qırıntılarının ümumi bazar dəyəri 987.6 milyon ABŞ dollarıdır. Növbəti 10 ildə isə bu dəyərin 7.1 faiz daha da artacağı gözlənilir. 2033-cü ilədək bu dəyərin 1961 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.
750 milyon insan aclıqdan, qida çatışmazlığından əziyyət çəkdiyi dünyada şirniyyat mağazalarının yaratdığı ən böyük problemlərdən biri məhz qida artıqlarının sayının ildən-ilə artmasıdır. Araşdırmalar göstərir ki, un və un məmulatlarının istehsalı zamanı bütün qida zəncirində itki baş verir. İstehsal olunan ərzaq məhsullarının 14%-i piştaxtalara çatanadək itir.
Ümumi tullantılar sırasında un və un məhsulları - çörək və onun qırıntıları əsas yerlərdən birində qərarlaşıb.
Azərbaycan bu vəziyyətlə necə mübarizə aparır?
"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda məşhur şirniyyat mağazalarından biri onların rezidentidir və bu mağaza satışda vaxtı keçən un məmulatlarını heyvan yeminin tərkibi kimi yenidən istehsal edir.
"Bizdə çörəyə and içirlər, çörək bizim üçün müqəddəsdir deyə, bu proses elə zibil qutularının yanında başa çatır. Yəni, bunun üçün əhali özü artıq və insan qidası üçün yararsız hesba etdiyi vaxtı keçmiş çörəyi zibil qutularının yanına qoyur. Demək olar ki, ümumi tullantıların içində çörək bir tullantı olaraq çıxmır", - deyə bildirilib.
Qeyd olunub ki, geyim tullantıları kimi, çörək tullantıları üçün də xüsusi qutunun olması yaxşı olardı.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) vəziyyəti necə dəyərləndirir?
FAO-dan sorğumuza cavab olaraq bildirilib ki, ərzaq və ya qida itkiləri, tullantıları hazırda dünyanın hər yerində aktual problemlərdən biridir:
"İnsan tələbatını ödəmək üçün kifayət qədər ərzaq istehsal edilməsi bir problemdirsə, istehsal olunan ərzaq və qida məhsullarında itki və tullantılar da digər problemdir. Təbii ki, bu məsələ Ərzaq və Kənd Təsərrüfatı təşkilatı olaraq bizim üçün də aktualdır. Biz bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə müxtəlif faəliyyətlər və layihələr icra edirik. Buna nümunə olaraq, 2020-2023-cü illər ərzində FAO tərəfindən icra edilən regional layihəni qeyd etmək olar. Layihə çərçivəsində Azərbaycanda aidiyyəti qurumlarla birgə ərzaq itkisi və tullantıları ilə bağlı araşdırmalar aparılıb və bu mövzuya aid strategiya sənədi hazırlanıb".
FAO-nun qeydinə görə, un məmulatları və çörəklə bağlı layihə çərçivəsində ayrıca bir qiymətləndirmə aparılıb. Sözügedən dəyər zəncirinin hər bir mərhələsində baş verən itkilər, tullantıların həcmi və bu problemin aradan qaldırılması yolları araşdırılıb və tövsiyələr verilib.
"Qiymətləndirmənin nəticələrinə əsasən onu demək olar ki, çorək məhsulunda itkilər 30%-ə qədərdir və bunun əsas səbəbləri istehsalda aşağı keyfiyyət, tələb olunandan artıq satınalma və eləcə də düzgün olmayan saxlama şəraitidir. Tövsiyələrə gəlincə, keyfiyyətin artırılması üçün istehsala nəzarətin artılması, düzgün qidalanma ilə bağlı istehlakçı maarifləndirilməsinin gücləndirilməsi, eləcə də tullantıların çeşidləndirilməsinin zəruriliyi qeyd edilməlidir." - FAO-dan bildirilib.
FAO belə tullantıların yaranmaması, ya da onların daha səmərəli istifadəsi üçün nə tövsiyə edir?
FAO-nun qeydinə görə, ən vacib məqam istehsalçı və istehlakçıların maarifləndirilməsidir: "Çünki ümumi nəticə - itki və tullantılar hər iki tərəf üçün maddi itkiyə səbəb olacaq. İstehsalda düzgün planlama, saxlama şəraiti və eləcə də insanların düzgün qıdalanması çox vacibdir. Bu iş tək dövlət qurumlarının işi olmamalıdır. FAO kimi beynəlxalq qurumlar, qeyri-hökümət təşkilatları, özəl sektor, eləcə də media öz töhfəsini verməlidir".
Qeyd edək ki, bu gün Filandiyada ümumi tullantıların 12, Hollandiyada 22, Yeni Zellandiyada 23, Norveçdə 27, Portuqaliyada 7, Səudiyyə Ərəbistanıda 2.2, Cənubi Koreyada 12, İsveçdə isə 17 faizini çörək və qırıntılar təşkil edir.
Böyük Britaniyada gündəlik olaraq 20 milyon dilim çörək israf olunur.
Xəbər lenti
0