Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

BMT komitəsi QAİ-nin qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib

© AFP 2023 / LUDOVIC MARINBMT bayrağı
BMT bayrağı - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır.
BAKI, 18 oktyabr — Sputnik. BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Açıqlamada deyilir:
"Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim etmişdir. Bundan əlavə, İcmanın nümayəndəsi Kamal Cəfərov Komitənin iclasında iştirak etmişdir.
İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat vermiş və Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırmışdı.
Bu günlərdə Komitə Ermənistanın sözügedən Paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc etmişdir. İcmanın qaldırdığı bir çox iradlar, ələlxüsus, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması, mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər Komitənin yekun sənədində öz əksini tapmışdır.
Komitə Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları qorumaq üçün tədbirlər görməyə çağırmışdır.
Komitə həmçinin Ermənistanın qanunvericiliyi və praktikasının milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirmiş və Ermənistandan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb etmişdir.
Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə səylərini davam etdirəcək".
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0