CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suitilərə toxunmayın! Onlar insanlar üçün təhlükəli deyillər - Alim - VİDEO

© AFP 2023 / JONATHAN NACKSTRANDSuiti
Suiti - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Mütəxəssis bildirir ki, suiti insanlar üçün təhlükə törətmir, insanlar qorxularından onlara nəsə edirlər.
BAKI, 7 sentyabr — Sputnik. Suiti əsasən kilkələrlə qidalanır. Dənizdə də təxminən beş il öncə kilkənin sayı azalmışdı. Bu səbəbdən də suitilər məcbur olmuşdular ki, balıqçıların toruna düşən balıqlarla qidalansınlar.
Bunu Sputnik Azərbaycan-a Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov bu günlərdə Xəzər çimərliklərində suitilərin adamlara hücumu barədə xəbərləri şərh edərkən deyib.
Onun sözlərinə görə, balıqçılar tora düşən suitiləri ordan çıxararaq yaralayırlar.
"Dəfələrlə sahildə bu kimi hallar baş verib. Küt alətlərin izi onların bədənində qalıb. Onlar balıqçılar tərəfindən hücuma məruz qalırlar. Nəticədə, bəzən çox qan itirərək məhv olurlar. Son yüz ildə suitilərin sayı 60 faiz azaldığına görə onların adı Qırmızı kitaba daxil edilib" - ekspert deyib.
O bildirib ki, suitilər insanlara normalda heç nə etmirlər:

"Suiti insanlara cummur, onlar üçün təhlükə törətmir. Sadəcə, insanlar qorxularından onlara nəsə edirlər, bir az küyə gedirlər. Dənizdə ilan görəndə qorxurlar, məgər dəniz ilanı adam vurur?! Suitilərə dəymək lazım deyil. Onsuz da onlar az saydadır. Onların sayının azalmasının əsas səbəbkarlarından biri də balıqçılardır".

Suitilərin hazırkı sayına gəldikdə, həmsöhbətimiz bildirir ki, bununla bağlı dəqiq rəqəm yoxdur:
"Suitilərin sayı ilə bağlı dəqiq rəqəm deyə bilmərəm. Çünki dənizdə bu canlını qeydə almaq mümkün deyil. Son videoda da biz Xəzərdəki suitilərin körpə olduğunu gördük. Bu da onu deməyə əsas verir ki, suitilərdə çoxalma prosesi gedir. Onların sayı yox dərəcəsində olmasa da, öncəki dövrlərlə müqayisədə həddindən artıq azalıb".

"Xəzər sahillərində müşahidələr apardıqda da suitilərə rast gəlmişik. Ötən əsrin 80-ci illərindən dənizdə tədqiqat aparıram. Həmin dövrlərlə müqayisə etdikdə suitilərin sayında azalmaların olduğunu deyə bilərik" - mütəxəssis bildirib.

Həmsöhbətimiz qeyd edib ki, suitilər yay fəslində Abşeron yarımadasının sahil sularında yaşayırlar:
"Yay bitdikdən sonra onlar şimala miqrasiya olunurlar. Xəzərin şimal-şərqində balalayırlar. Bu yırtıcılar Xəzərin yeganə məməlisi sayılır".
Qeyd edək ki, bir neçə gün öncə Bakıda Xəzər dənizində suitilərin olmasını özündə əks etdirən video sosial şəbəkələrdə böyük rezonansa səbəb olmuşdu.
Xatırladaq ki, ötən ilin sonunda Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0