CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Volt" işini dayandırıb? Kuryerlər iş başında, restoranlar sifariş qəbul edir - Foto-Video

Wolt - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Kuryerlər onlayn sifarişləri qəbul etdiklərini, "volt" proqramının işlədiyini bildiriblər.
BAKI, 15 avqust — Sputnik. ""Volt Azərbaycan"-nın fəaliyyətinin dayandırılması barədə məlumatlar həqiqətə uyğun deyil. Hazırda biz iş başındayıq. Müştərilərin sifarişlərini ünvana çatdırırıq". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Volt Azərbaycan" MMC-də kuryer işləyən Emil Abbasov söyləyib. O bildirib ki, rəsmi qurum "Volt Azərbaycan"-nın fəaliyyətinin dayandırıldığını açıqlasa da, sifariş proqramı işləyir. Onlar müştərilərdən sifariş qəbul edirlər.
"Volt" sürücüləri iş başında
İki ildir ki, "Volt"da kuryer işləyən Emil Abbasov onlarla əmək müqaviləsinə xitam verilmədiyini də bildirib. Onun sözlərinə görə, gündəlik sifarişlərə görə ödənişləri əməkhaqqı kartlarına ödənilir.
Kuryer həmçinin bildirib ki, hər sifarişə görə 1 kilometr məsafəyə daşıma xərci şəklində 1 manat 80 qəpik ödənilir. Əlavə isə hər kilometrə 30-40 qəpik ödəniş edilir. İşindən razı olan E.Abbasov daşıma xidməti göstərən şirkətlərin ölkəmizdə fəaliyyətinin gənclərin məşğulluğuna müsbət təsir göstərdiyini söyləyib.
Onun sözlərinə görə, hazırda 5 minə qədər gənc Bakıda kuryer xidməti göstərir:

"Mən əvvəl mağazada satıcı işləyirdim. Ayda 300 manat əməkhaqqı alırdım. Dostlarım kuryer işinə keçməyi məsləhət gördülər. Sərbəst iş qrafiki olduğundan razılaşdım. Səhər saat 10:00-dan 20:00-a qədər işləməklə ayda 1000 manat qazanıram. Üstəlik iş qrafikim sərbəstdir. İş saatlarını özüm seçə bilərəm. Bir sözlə çatdırma xidmətində işləməklə dolanmaq mümkündür".

Qeyd edək ki, dünən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Volt Azərbaycan" MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul etdiyini açıqlayıb.
AQTA-"Volt"u nədə ittiham edir?
Məlumatda bildirilir ki, "Volt Azərbaycan" MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
© Sputnik / Zullfiye Guluyeva«Volt Azərbaycan»-nın əməkdaşları
«Volt Azərbaycan»-nın əməkdaşları - Sputnik Azərbaycan, 1920, 15.08.2023
«Volt Azərbaycan»-nın əməkdaşları
Müəssisənin "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.
Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar "Volt Azərbaycan" MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub.
Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.
Göstərilənlərə əsasən, AQTA insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırıb.
© Sputnik / Zullfiye Guluyeva«Volt Azərbaycan»-nın əməkdaşları
«Volt Azərbaycan»-nın əməkdaşları - Sputnik Azərbaycan, 1920, 15.08.2023
«Volt Azərbaycan»-nın əməkdaşları
Kuryerlərdən AQTA-ya etiraz
"Volt"da kuryer işləyən Emil Abbasov isə tibbi müayinədən keçdikdən sonra işə götürüldüyünü deyir. O, AQTA-nın səsləndirdiyi ittihamlarla razılaşmır.

"Bizdə bütün işçilər tibbi müayinədən keçib sağlam olduqları barədə arayış gətirdikdən sonra işə qəbul edilir. Əməkhaqqımız da karta vurulur. Hər kuryerin termo-çantası var. Həmin çantalar yeməyin lazımi temperaturda saxlanılmasını təmin edir. Müştərilərimiz də bizim çatdırma xidmətimizdən razıdır. Çox uzaq məsafələrə çatdırmada temperatur bir-iki dərəcə düşə bilər. Amma indiyədək yeməyin soyuq, yaxud xarab olmasından şikayətlənən olmayıb. Ona görə də "Volt"un fəaliyyətinə mane olub minlərlə gənci işsiz qoymasınlar".

"Uklon" kuryer bazarına daxil olur?
Əlaqə saxladığımız digər "Volt" kuryerləri isə qida məhsullarının daşınması bazarına yeni "Uklon" şirkətinin daxil olacağı barədə məlumatlar eşitdiklərini söylədilər. Bildirdilər ki, qida məhsullarının daşınması bazarına süni maneələr daşınma qiymətlərinin diktə olunmasına, nəticədə onların qazancının azalmasına gətirib çıxaracaq.
"Bir-iki" restoranının qarşısında sifariş qəbul edən kuryer Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, isti havada velosipedlə daşıma xidməti göstərmək asan olmasa da, ölkədə normal əməkhaqqı ödənilən iş az olduğundan bu işdə çalışmağa məcburdur. Adının çəkilməsini istəməyən kuryer daşıma şirkətlərinin işsiz gənclərin əsas ümid yeri olduğunu söyləyib.
© Sputnik / Zullfiye Guluyeva«Volt Azərbaycan»-nın əməkdaşları
«Volt Azərbaycan»-nın əməkdaşları - Sputnik Azərbaycan, 1920, 15.08.2023
«Volt Azərbaycan»-nın əməkdaşları
Restoranlardan "Volt"un bağlanması xəbərinə reaksiya
Paytaxtda fəaliyyət göstərən restoranlar da hələ ki, "Volt" proqram tətbiqinin işlədiyini, sifarişlərin göndərildiyini söylədilər. "Qoç ət" restoranından bu gün "Volt" proqramı ilə xeyli sayda sifariş verildiyini bildirdilər.
"Bir-iki" restoranından da hazırda "Volt" tətbiqi üzərindən yemək çatdırıldığını söylədilər. Bildirdilər ki, proqramın işləməsində heç bir maneə yoxdur. "Lunc box" restoranından Sputnik Azərbaycan-a bildirdilər ki, onlar bir neçə daşıma şirkəti ilə əməkdaşlıq edir. Onlardan biri də "Volt" şirkətidir.
"Volt" şirkətinin bu sahədə ixtisaslaşdığını bildirən restoran adminstratoru daşınma üçün xüsusi qablardan istifadə olunduğunu, gigiyenik qaydalara tam əməl olunduğunu söylədi:

"Həmin qablar termo-çantalarda daşınır. Termo-çantalar yeməyi lazımi temperaturda saxlayır. Hələ ki, bizə yeməyin soyuq olduğu barədə şikayət daxil olmayıb".

"Zəm Zəm Ailəvi Restoran"dan da bildirdilər ki, onlar "Volt" daşıma şirkəti ilə əməkdaşlığı davam etdirirlər. Həmçinin öz daşıma xidmətləri də möcvuddur. Müştərilər yeməyin hansı daşıma şirkəti ilə çatdırılmasını seçməkdə sərbəstdirlər.
Restoranlar qida daşıma şirkətlərinin fəaliyyətinə məhdudiyyətlərin tətbiq edilməsinin arzuolunmaz olduğunu söylədilər. Bildirdilər ki, istər-istəməz bu onların müştərilərinin azalmasına gətirib çıxardacaq.
Əlaqə saxladığımız digər restoranlar isə artıq öz daşıma xidmətlərinin olduğunu, kuryer şirkətlərin bağlanmasının onlara təsir etməyəcəyini söylədilər.
© Sputnik / Zullfiye Guluyeva«Volt Azərbaycan»-nın əməkdaşları
«Volt Azərbaycan»-nın əməkdaşları - Sputnik Azərbaycan, 1920, 15.08.2023
«Volt Azərbaycan»-nın əməkdaşları
"Volt"dan şikayətlər nə ilə bağlıdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a bildirdi ki, qida daşınma şirkətləri ilə bağlı müəyyən şikayətlər daxil olsa da, bu qidaların keyfiyyəti ilə barədə deyil:

"Kuryer şirkətlərindən bizə də şikayətlər edilir. Ən çox şikayətlər sifariş verilən yeməyin yolda yeyilməsi ilə bağlıdır. Amma hələ ki, keyfiyyəti barədə şikayətlər edilməyib. AQTA-nın "Volt" şirkətinin fəaliyyətini dayandırması isə qəbuledilməzdir. AQTA çalışmalıdır ki, şirkətlə birgə nöqsanlar aradan qaldırılsın. Kuryer şirkətini bağlamaq vəziyyətdən çıxış yolu deyil. Bu bazara monopolist şirkətin daxil olmasına şərait yaratmaq məqsədi daşıya da bilər".

© Sputnik / Murad OrujovEyyub Hüseynov, arxiv
Председатель Союза свободных потребителей Эюб Гусейнов - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Eyyub Hüseynov, arxiv
AQTA niyə susur
AQTA-dan isə "Volt"şirkətinin fəaliyyətini davam etdirməsi barədə sorğumuza belə cavab verildi:

"Biz "Volt Azərbaycan" MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı iki məlumat yaymışıq. Əlavə açıqlama verməyi düşünmürük".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
wolt - Sputnik Azərbaycan, 1920, 14.08.2023
İQTİSADİYYAT
“Volt Azərbaycan”ın fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib
Xəbər lenti
0