Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ən çox tərəvəz, yumurta, kərə və bitki yağları ucuzlaşıb - Qiymətlər

© Sputnik / Murad OrujovBakıda supermarketdə
Bakıda supermarketdə - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Ərzağın qiymətləri ötən ilin aprelindən başlayaraq azalmağa meylini davam etdirib və mayda aylıq 2,6 faiz azalıb.
BAKI, 26 iyun — Sputnik. Bu il Azərbaycanda ərzaqların qiymətində bahalaşma baş versə də, lakin may ayında aylıq müqayisədə ucuzlaşma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, may ayında əvvəlki aya nəzərən ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,1 faiz ucuzlaşıb, illik ərzaq inflyasiyası 12,7 faizə enib.
Ən çox tərəvəzlər ucuzlaşıb
2023-cü ilin may ayında əvvəlki aya nisbətən ərzaqlar içərisində ən çox tərəvəzlər ucuzlaşıb. Belə ki, tərəvəzlərin istehlak qiymətləri aylıq müqayisədə 8,6 faiz aşağı düşüb. Məsələn, kartofun 1 kiloqramının (kq) orta qiyməti 1,48 manatdan 1,36 manata, baş soğanın 1 kq-nın orta qiyməti 1,44 manatdan 1,22 manata, pomidorun 1 kq-nın orta qiyməti 4,23 manatdan 2,98 manata, xiyarın 1 kq-nın orta qiyməti 2,67 manatdan 1,74 manata düşüb.
Yumurta ucuzlaşıb
İkinci ən çox ucuzlaşma yumurtada qeydə alınıb. Belə ki, ötən ay yumurtanın qiyməti aylıq müqayisədə 1,4 faiz ucuzlaşıb. Toyuq yumurtasının 10 ədədinin orta qiyməti 2,01 manatdan 1,98 manata enib.
Kərə yağının qiyməti aşağı düşüb
Üçüncü ən çox ucuzlaşma kərə və bitki yağlarının qiymətlərində (0,8 faiz) müşahidə edilib. Məsələn, kərə yağının 1 kiloqramının orta qiyməti 19,83 manatdan 19,72 manata, günəbaxan yağının 1 litrinin orta qiyməti 5,47 manatdan 5,37 manata düşüb.
Bundan başqa, keçən ay balıq və balıq məhsulları 0,6 faiz, çörək, çörək məmulatları və yarmalar 0,2 faiz, çay, qəhvə, kakao 0,1 faiz, spirtli içkilər 0,1 faiz ucuzlaşıb.
Bəzi ərzaqlar isə bahalaşıb
May ayında ucuzlaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində nisbətən bahalaşma da baş verib. Ən çox bahalaşma ət və ət məhsullarının qiymətlərində (0,8 faiz) qeydə alınıb. Sümüklü mal ətinin 1 kq-nın orta qiyməti 13,77 manatdan 13,86 manata, sümüksüz mal ətinin 1 kq-nın orta qiyməti 15,98 manatdan 16,10 manata qalxıb.
Bundan başqa, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2 faiz, süd və süd məhsulları 0,1 faiz bahalaşıb.
İnflyasiyanın aşağı düşəcəyi gözlənilir
Qeyd edək ki, Mərkəzi Bank bu il inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına əsasən, may ayında əvvəlki aya nəzərən 0,4 faizlik deflyasiya qeydə alınıb, illik inflyasiya 11,5 faiz təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4,1 faiz bəndi aşağıdır. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, valyuta bazarında tarazlığın qorunması və qəbul edilmiş pul siyasəti qərarları illik inflyasiya tempini azaltmaqdadır.
Ötən ay dünyada ərzaq ucuzlaşıb
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2,6 faiz azalıb. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən mayda aylıq əsasda əmtəə qiymətləri 8,6 faiz, o cümlədən enerji qiymətləri 11,3 faiz, qeyri-enerji qiymətləri 3,6 faiz azalıb. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozu dəyişməz qalır" ,- Mərkəzi Bankın məlumatında qeyd edilib.
Ekspertlərin də fikrincə, növbəti aylarda inflyasiyanın bir qədər aşağı düşəcəyi gözlənilir.
Xatırladaq ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, bu il orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır.
Onu da əlavə edək ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0