NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır - Səbəb nədir?

© AP Photo / David ZalubowskiNef tburuğu, arxiv şəkli
Nef tburuğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Çində zəif iqtisadi artım və ABŞ Mərkəzi Bankının sərt pul siyasəti tələbi azaltdığına görə neft bu il təxminən 12 faiz dəyər itirib.
BAKI, 7 iyun — Sputnik. Dünya bazarlarında tələb ilə bağlı narahatlıqlar fonunda neft ucuzlaşıb.
Səudiyyə Ərəbistanın hasilatı daha da azaldacağını açıqlamasından sonra neft bir qədər bahalaşsa da tələb narahatlığı qiymətləri aşağı salıb.
ABŞ xam nefti bir barel üçün 71 dollara düşüb. "Brent" markalı neftin qiyməti 0,5 dollar azalaraq 75,79 dollar olub. Çərşənbə günü Çindən gələn ticarət məlumatları da zəif qlobal tələbi əks etdirir. Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, Çinin ixracatı may ayında üç ayda ilk dəfə azalıb.
Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti də ucuzlaşıb. Azərbaycan neftinin qiyməti 0.96 dollar və ya 1.2% azalaraq 78.56 dollar təşkil edib.
Çində zəif iqtisadi artım və ABŞ Mərkəzi Bankının sərt pul siyasəti neftə tələbi azaltdığına görə neft bu il təxminən 12 faiz dəyər itirib.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Onu da əlavə edək ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
Azərbaycan "OPEC plus"un qərarını dəstəkləyib
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında "Əməkdaşlıq Bəyannaməsi" ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı "OPEC plus" üzrə 40,46 milyon barel, Azərbaycan üçün 551 min barel həcmində müəyyən edilib.
"OPEC plus"un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.
"OPEC plus"un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.
Səudiyyə Ərəbistanı "OPEC plus" toplantısında neft hasilatını iyul ayında könüllü şəkildə gündəlik 1 milyon barel azaldacağını açıqlayıb. Bu addım Səudiyyə Ərəbistanın bazarı sabitləşdirmək üçün öz bazar payından daha çox güzəştə getməsinə səbəb olub.
Xəbər lenti
0