CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq icra başçısının 600 minlik əmlakı yenidən müsadirə olunub

© Agstafa Region Execution PowerAğstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ortada
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ortada - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Prokuror qərardan kassasiya protesti verib, Ali Məhkəmə protesti təmin edərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
BAKI, 5 may — Sputnik. Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi əmlaklarla bağlı hissədə yenidən araşdırılıb.
Sputnik Azərbaycan-ın APA-a istinadən xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsində prokurorun protesti ilə yenidən baxılan iş üzrə qərar elan olunub.
Hakim Salman Hüseynovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qərara əsasən, Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı yenidən müsadirə olunub.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı müsadirə olunub. Lakin Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirədən azad olunması ilə bağlı qərar edib, əmlaklar müsadirədən azad olunub.
Prokuror qərardan kassasiya protesti verib. Ali Məhkəmə protesti təmin edərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
Xatırladaq ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb.
Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib.
Ali Məhkəmə Nizaməddin Quliyevin əmlakları ilə bağlı qərarı ləğv edib, Ramiz Tatarovun cəzasını 6 ilə endirib.
Onu da yada salaq ki, bir müddət öncə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun bazar dəyəri 26 milyon manata yaxın qiymətləndirilən 17 əmlakı müsadirədən azad olunub. Prokuror onlardan 11 əmlaka münasibətdə narazı qalıb. Həmin əmlakların 13 milyon 342 min manatlıq hissəsinin müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsində yeni baxışa təyin olunması istənilir.
Xəbər lenti
0