CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QİÇS, yoxsa vərəm? - Ekspertlər xəstəliklərin yayılma səbəbləri və profilaktikası barədə

© AFP 2023 / NOEL CELISQİÇS
QİÇS - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
ÜST-ün Qlobal hesabatına görə, 2021-ci ildə Azərbaycanda vərəmlə xəstələnən HİV pozitiv xəstələrin sayı 130 olub.
BAKI, 24 fevral — Sputnik. Son günlər Ağciyər Xəstəlikləri üzrə həkim Həsən Həsənzadənin vərəm xəstəliyi ilə bağlı ölkədəki vəziyyətin çox acınacaqlı olması haqda sosial şəbəkələrdə paylaşdığı status rezonansa səbəb olub. Həkim görülən tədbirlərin, müalicənin belə yetərsizliyini vurğulayaraq vəziyyətin çox acınacaqlı olmasına diqqət çəkməyə çalışıb. Sputnik Azərbaycan ölkədə vərəmlə bağlı son vəziyyətə nəzər salıb.
Həqiqətən də ölkədə vərəmlə bağlı vəziyyət acınacaqlıdırmı?
Öncə rəqəmlərdən başlayaq:
2007-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan vərəm xəstələrinin sayı 3 min 713, 2021-ci ildə isə bu rəqəm 2 min 535, ötən il isə rəqəmlər artaraq 2 min 939 olub. Ötən il 2 min 381 xəstə təkrar olaraq qeydiyyata alınıb.
2007-ci ildə əhalinin hər yüz min nəfərinə düşən xəstə sayı 43.2, 2021-ci ildə isə 25,3, ötən il isə bu rəqəm bir qədər də yüksəlib.
Mütəxəssislər ölkədə vərəmlə bağlı epidemoloji vəziyyətin gərgin olaraq qaldığını bildirirlər.
Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə rəqəmlər artmaqda davam edir:

"COVID-19 dövründə bəzi təcridlər oldu, insanlar tibb müəssisəsinə baş çəkməkdə çətinlik yaşadılar. Onların əlaqələri yoxlanılmadığı üçün COVID-19 dövründə vərəmin aşkarlanması halları kəskin aşağı düşdü. COVID-19 dövründə bu xəstələr həkimə getmədiklərinə görə evdə qalaraq ailə üzvlərini yoluxdurdular. Baxın, 2019-cu ildə hər yüz min nəfərə 38-39 vərəm xəstəsi düşürdüsə, 2020-ci ildə bu rəqəm 25 oldu. Beləcə, vərəmin aşkarlanması 32 faiz aşağı düşdü. Təkcə Azərbaycanda deyil, dünyada da bu dövrdə xəstəliyin aşkarlanması 18 faiz aşağı düşsə də, vərəmlə xəstələnmə halları artdı".

© Sputnik / Nigar IskanderovaPərvanə Vəliyeva
Pərvanə Vəliyeva - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Pərvanə Vəliyeva
Vərəmlə bağlı ölkədə vəziyyətin rezonans doğurmasının səbəbi nədir?
COVID-19 pandemiyasının vərəmin profilaktikası, diaqnostikası və müalicəsinə mənfi təsirinin hələ də davam etdiyini deyən P.Vəliyeva bildirib ki, ən böyük problem vərəm xəstələrinin kontaktlarının izlənilməməsidir:
"İzlənilmə aparılarsa, xəstəlik bu qədər yayılmaz. Vərəmlə xəstələnmə daha çox kontakt zamanı olur. Bu şəxslər evdə övladlarını da yoluxdurduqlarından uşaqlar arasında da yoluxma artıb".
Aşkarlanmanın artması, pandemiyadan sonra müraciətlərin artmasıdır - deyən P.Vəliyeva qeyd edib ki, əsas probemlərdən biri də xəstələrin müalicələrinin sonadək izlənilməməsidir:
"Vərəm xəstəsi müalicəyə qoşulduqda on gündə bir, yaxud da ayda bir dəfə müəssisəyə üz tutur, dərmanlarını götürərək gedir. Yəni xəstənin bu dərmanları içib-içmədiyini kimsə bilmir, bunun üçün hansısa monitorinqlər də aparılmır".
Ekspertin sözlərinə görə, əksər xəstələr dərmanların əks təsirlərinə dözə bilmədiyi üçün müalicəni yarımçıq qoyur:

"Təəssüflər olsun ki, elə bir QHT yoxdur ki, gedib bu şəxslərə psixoloji dəstək göstərsin, danışsın, müalicənin vacibliyini başa salsın, ölüm və ətrafdakıları yoluxdurma riskindən söz açsın. İndiki halda şəxs müalicədən imtina etdisə, kimsə onun arxasınca düşmür. Bu səbəbdən də belə xəstələr ətrafdakıları, ailə üzvlərini rahatlıqla yoluxdura bilirlər", - deyə o əlavə edib.

Dünya praktikasında necədir?
P.Vəliyeva deyir ki, dünya praktikasında da bu xəstələrin müalicəsinin sonadək izlənilməsinin vacibliyi vurğulanır, davamlı olaraq monitorinqlər aparılır, vərəm xəstələrinə psixoloji-sosial dəstək göstərilir:

"Gürcüstanda hər aşkar olunan vərəm xəstəsinə görə sahələr üzrə çalışan ixtisaslı həkimlərə bonuslar verilir. Bonuslar onu həvəslədirir ki, çalışdığı rayonda, ərazidə daha çox xəstə aşkarlaya bilsin. Bizdə isə tibb işçiləri buna görə əlavə bonus almır və həmin xəstəni də sonadək izləməkdə maraqlı olmurlar. Həkim deyir ki, "nə qədər əmək haqqı alıram ki, bir də pulumu kontura xərcləyim?". Hesablamara görə bir aktiv vərəm xəstəsinin il ərzində 15 nəfəri yoluxdura bilmə riskini nəzərə alsaq, vəziyyətin çox ciddi olduğunu deyə bilərik".

P.Vəliyeva onu da qeyd edib ki, 2019-cu ilədək "Qlobal Fond"un vəsaiti hesabına Azərbaycanda da belə həkimlərə bonuslar, hər xəstəyə görə isə 30 manat verilib, sonrakı illərdə bu prosesin dayandırılması aşkarlanmanı da azaldıb.
QİÇS və antibiotiklər də vərəmlə bağlı rəqəmlərə təsir edir
P.Vəliyeva qeyd edir ki, rəqəmlərin artımında QİÇS əsas indikator olaraq qalmaqdadır:

"QİÇS xəstələri arasında vərəmlə ölüm halı daha yüksəkdir. 2021-ci ildə vərəmdən ölüm halları 1.6 milyon təşkil edir ki, onların da 187 mini QİÇS nəticələri pozitiv olan xəstələrdir".

Bundan başqa, mütəxəssis bildirir ki, antibiotiklərdən istifadənin düzgün olmaması, şəxslərin antibiotikləri apteklərdən rahat şəkildə və reseptsiz əldə etməsi, anaların həkim göstərişi olmadan uşaqlarına antibiotik verməsi də bu rəqəmlərə təsir edir.
Həbsxanalardakıların vəziyyəti azadlıqda olanlarla müqayisədə daha yaxşıdır
P.Vəliyeva bildirib ki, pentensiar müəssisədə ildə iki dəfə məcburi şəkildə məhbusların ümumi müayinəsi aparılır, onlara suallar verilir, simptomların olub-olmaması öyrənilir, kütləvi müayinə keçirilir, şübhəli şəxslərdən bəlğəm nümunəsi götürülür:

"Yəni, Azərbaycanın Pentensiar Müəssisələrində Vərəmə Nəzarət Təlimatına uyğun olaraq aktiv aşkarlanma aparılır. Pentensiar müəssisələrdən fərqli olaraq ölkədə vərəmin aktiv aşkarlanma prosesi aparılmır. Əslində beynəlxalq protokollara uyğun olaraq ölkə üzrə aktiv aşkarlanma aparılmalıdır".

"Müqayisə üçün deyim ki, pentensiar müəssisədə vərəm xəstəsi aşkar edildikdə, həmin şəxs orada müalicəyə qoşulur. Bu şəxs azadlığa çıxdıqda bizim QHT vərəm xəstəsi ilə əlaqə saxlayır, onun müalicəsi ilə maraqlanır və prosesi sonadək izəyirik. Hər ay həmin şəxsə baş çəkilir, müalicə bitənədək o dərmanla təmin olunur. Bakteroloji müayinə üçün bəlğəm toplanılır. Lakin təəssüflər olsun ki, mülki sektorda belə izlənmə, bunun üçün təşəbbüs yoxdur", - deyə o əlavə edib.
Həmsöhbətimiz onu da bildirib ki, yalnız məcburi müalicə ilə cəmiyyəti bu cür xəstələrdən qorumaq olar. Lakin təəssüflər olsun ki, məcburi müalicə yoxdur, hər hansı bir şəxsi qapalı mühitə cəlb etmək qeyri-mümkündür:

"Aşkarlanmanı sürətləndirmək üçün risk qrupları arasında ildə iki dəfə rentgen müayinələri aparılmalıdır. Qeyd edim ki, kişilərdə ən çox 18-21 yaşda, əsgərlik dövründə bu xəstəlik aşkar edilir. Çünki əsgərlik dövründə məcburi vərəm müayinəsi tələb olunur. Qadınlarda isə bu xəstəlik hamiləlik zamanı - 18-30 yaşda daha çox aşkarlanır. Çünki bu dövrdə qadınlar lazım olan bütün müayinələrdən keçir".

Uzun müddət Ədliyyə Nazirliyinin penitensiar müəssisəsində işləmiş və 2017-ci ildən Pasient hüquqlarının müdafiəsi və onlara psixo-sosial dəstək istiqamətində fəaliyyət göstərən "Vərəmsiz gələcəyə doğru" İctimai Birliyinin təsisçisi və direktoru Çingiz Ramazanlı Sputnik Azərbycan-a açıqlamasında bildirib ki, sayın artmasının əsas səbəbi məlumatsızlıqdır:

"Bu xəstəlik hava-damcı yolu ilə ötürüldüyü üçün kütləvi xarakter alır və bu səbəbdən də dünyada artıqpandemiya halı alır. ÜST-ün məlumatına görə, Azərbaycanda stiqma, əsası olmayan damğalanma 98 faizdir. Bunun da əsas səbəbi xəstəlikdən yayınanların, bunu bildirməyənlərin sayının çox olmasıdır. Yarımçıq saxlanılan müalicə xəstəliyə növbəti davamlılığı yaradır və nəticədə vərəmlə bağlı xəstələnmə halları artır".

© Photo : Courtesy of Chingiz İslamzadeÇingiz Ramazanlı
Çingiz İslamzadə - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Çingiz Ramazanlı
Vərəm olan yerdə QİÇS, QİÇS olan yerdə vərəm var
Həmsöbətimiz deyib ki, harada vərəm varsa, orada QİÇS də var, eləcə də QİÇS olan yerdə vərəmə meyillilik artır:

"Çünki QİÇS immun sistemini məhv edir, bütün infeksiyalar, o cümlədən də vərəm də geniş miqyasda yayılmağa başlayır".

Onun sözlərinə görə, cəmiyyətdə adı belə qorxulu bir termin kimi qəbul olunan bu xəstəlik əslində tez sağalandır. Bu xəstəliyi çox sadə bir xəstəlik kimi qiymətləndirən Çingiz Ramazanlı bildirib ki, profilaktik qaydalara düzgün əməl olunduqda xəstəlikdən daha tez sağalmaq mümkündür.
Digər həmsöhbətimiz kimi o da vurğulayıb ki, həbsxanalarda vəziyyət mülki sektordan daha yaxşıdır və bu qapalı müəssisələrdə təcridolunma və virusun aşkarlanması daha asandır:
"Azərbaycanda həbsxana sistemində bu iş çox gözəl qurulub".
Antibiotiklərə gəldikdə isə, mütəxəssis deyib ki, hər bir dərmanın müsbət və əks təsirləri var:

"Dərman orqanizmin bir hissəsini sağaldırsa, digər yerinə ziyan vura bilər. İstənilən dərman zəhərdir, zəhəri dərman edən onun dozasıdır. Dozanı həkim müəyyənləşdirməlidir. Bir qədər qızdırması olan dərhal antibiotik alır. Antibiotiklər respetlə verilməlidir".

Anasını və bacısını bu xəstəlikdən itirən, vərəmdən beş il müalicə alaraq sağalan Kənan Bayramov Sputnik Azərbaycan-a müalicəyə, sağalmaya mane olan və nəticə etibarı ilə rəqəmlərdəki artıma səbəb amillərdən danışıb. O bildirib ki, cəmiyyət arasında vərəm qorxunc termin olaraq qəbul edildiyindən özü də bir müddət bunu gizlətməli olub:

"Düşünürəm ki, rəqəmlərin sayını azaltmaq üçün vərəm xəstəliyi haqda düzgün maarifləndirmə işləri aparlmalıdır. Lakin təəssüflər olsun ki, xəstəlikdən məlumatı olmayanlar belə vərəmi cəmiyyətə elə tanıdıblar ki, vaxtı ilə mən də bu xəstəliyin adını çəkə bilmirdim, xəstəliyimi gizlədirdim".

© Photo : Courtesy of Kanan BayramovKənan Bayramov
Kənan Bayramov - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Kənan Bayramov
K.Bayramov bildirib ki, qısa müddətdə sağalmaq üçün həkimlərin təlimatına əməl etmək kifayətdir:

"Təxminən 5 ilədək müalicə aldım. Müalicə müdətinin bu qədər uzun olmasının günahkarı özüməm. Çünki dərmanları vaxtında atmadım, həkimin göstərişlərinə əməl etmədim".

"Həkimlərim olmasaydı, bəlkə, artıq həyatda yox idim. Həkimlər mənə bu xəstəliyi elə izah etdilər, elə bir formada təqdim etdilər ki, müalicəyə cəlb olundum, sağaldım", - deyə o əlavə edib.
Daha çox soyuqdan, nəmişlikdən, zəif qidalanmadan bu xəstəliyin yarandığını söyləyən Kənan Bayramov deyir ki, bu xəstəliyə tutulmaqda da, gedişatında da sosial durumun çox böyük təsiri var.
Keçmiş məhkum Amal Allahverdiyev həbs olunub təcridxanaya göndərilərkən ağ ciyərində yüngül formada kölgə müşahidə olunub, 11 ay təcridxanada qalıb, lakin heç bir narahatçılığı olmayıb, ona məhkəmədə hökm oxunduqdan sonra 13 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və bir aya yaxın burada karantində qalıb. Həmin müddətdə onunla eyni otaqda bir məhbus da olub və bu şəxsin vərəm xəstəsi olduğu sonradan məlum olub:
"Burada ildə iki dəfə yoxlanışdan keçirdik. Bizdən həm bəlğəmlə analizlər götürülürdü, həm də rentgen müayinələri təşkil edilirdi. Məndən də analiz götürmüşdülər, karantindən çıxandan ay yarım sonra xəbər gəldi ki, məndə həssas vərəm aşkar olunub".
© Photo : courtesy of Amal AllahverdiyevAmal Allahverdiyev
Amal Allahverdiyev
 - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Amal Allahverdiyev
"Müalicənin 5-ci ayında, vaxtından əvvəl azadlığa buraxıldım. Altı aylıq müalicə keçdim", - deyə müalicəyə tabe olan keçmişxəstə əlavə edir.
Həmsöhbətimiz onu da deyib ki, bəzi məhkumların dərman qəbul etmək istəyinin olmaması müalicəni çətinləşdirir və şəxslərin səhhətində ağırlaşmalar yaranır.
Azərbaycanda vərəmlə xəstələnən HIV xəstələrinin sayı nə qədər olub?
ÜST-ün Qlobal hesabatında, 2021-ci ildə ölkəmiz üzrə açıqlanan rəqəmlərə görə, vərəmlə xəstələnən HİV pozitiv xəstələrin sayı 130 olub. HIV nəticəsi neqativ olanlar arasında vərəmdən ölüm 890, nəticəsi pozitiv olanlar arasında vərəmdən ölüm 35 olub,
Hesabata görə, ölkə üzrə 2021-ci ildə ümumi vərəm xəstələrinin sayı isə 6 min 400 olduğu ehtimal olunub ki, onların da 4 min 100-ü kişilər təşkil edib. 0-14 yaş arası vərəm xəstələrinin sayı 360 olub. Lakin Milli Vərəm Proqramında 2022-ci ildə 5 min 320 xəstə qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0