Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın pambıq istehsalı və ixracı - TƏFƏRRÜAT

© AFP 2023 / EVARISTO SAPambıq yığımı, arxiv şəkli
Pambıq yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2023
Abunə olmaq
Ölkədə pambıq istehsalı artsa da, ixracda azalma müşahidə edilir. Ötən ilin iyun ayından başlayaraq dünyada pambığın qiyməti ucuzlaşıb.
BAKI, 4 fevral — Sputnik. 2022-ci ildə pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Məhsuldarlıq artıb
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib. Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35 min 259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.
Məhsuldarlığın artmasında sahələrdə düzgün aqrotexniki qulluq aparılması, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizənin təşkili, yığım prosesinin 100 faizə yaxın müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilməsi, texnikaların yığımdan əvvəl düzgün dislokasiyası, gübrə və pestisid ilə lazımi təminat, düzgün toxum seçimi və digər amillər əsas rol oynayıb.
Başa çatmış mövsümdə məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub ki, bu da məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verib.
Yalnız məhsul subsidiyası verilir
Qeyd edək ki, dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.
Pambığın alış qiyməti artırılıb
Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.
Pambıq ixracı azalıb
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ötən il Azərbaycan 175,5 milyon dollar dəyərində 77 min 580 ton pambıq lifi (mahlıc) ixrac edib. Bu, 2021-ci illə müqayisədə həcm baxımından 39 faiz, dəyər baxımından isə 16,8 faiz azdır.
Ötən il 33,1 milyon dollar dəyərində 8 min 623 ton pambıq iplik xaricə göndərilib. Bu isə 2021-ci illə müqayisədə həcm baxımından 2 dəfədən çox az deməkdir. Dəyər baxımından isə 43 faiz aşağıdır.
Dünyada pambıq ucuzlaşıb
Xatırladaq ki, 2022-ci ilin son üç ayında pambığın dünya bazarı qiyməti demək olar ki, dəyişməz olaraq qalıb. Dekabr ayında pambığın 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən cüzi azalaraq 2,22 ABŞ dolları olub. Ümumiyyətlə, ötən ilin iyun ayından başlayaraq pambığın qiymətində enmə müşahidə edilir.
Xəbər lenti
0