SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Rusiya-Ukrayna müharibəsi başlayandan qazla bağlı 10-dan çox ölkə bizə müraciət edib"

© Photo : SOCARСотрудник SOCAR на месте работы
Сотрудник SOCAR на месте работы - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
İlham Əliyev deyib ki, mövcud təchizatçılar qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir.
BAKI, 10 yanvar - Sputnik. "Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olub. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik".
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlət başçısı deyib ki, biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik:
"Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir”.
Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımızın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, diqqət Azərbaycan üzərinə yönəldilir: “Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq”.
Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başlamışıq
Prezident qeyd edib ki, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb.
Azərbaycanın Avropa ittifaqı ilə enerji sahəsində əməkdaşlığının perspektivlərinə dair sualı cavablandırarkən İlham Əliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb:
“Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq”.
Prezident qeyd edib ki, həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözlənilir: “Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” hasilatına başlamağı planlaşdırırıq”.
"Transxəzər qaz kəməri mövzusunun siyasiləşdirilməsinin əleyhinəyəm"
Əliyevin sözlərinə görə, Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir.
“Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir”, - deyə dövlət başçısı qeyd edib.
Prezident deyib: “Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil”.
Azərbaycan Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib - Sputnik Azərbaycan, 1920, 10.01.2023
SİYASƏT
Prezident İlham Əliyev Azərbaycandakı inflyasiyanı idxal edilmiş inflyasiya adlandırıb
Xəbər lenti
0