Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bu il üçün aqrar subsidiya əmsalları - CƏDVƏL

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidÇəltik əkini, arxiv şəkli
Çəltik əkini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Abunə olmaq
Subsidiya əmsalları üzrə yenilikləri iki istiqamət üzrə qruplaşdırmaq olar. Yeniliklərin bir istiqaməti ərzaq təhlükəsizliyinin daha da inkişaf etdirilməsi, digəri isə ixrac potensialının artırılmasıdır.
BAKI, 4 yanvar — Sputnik. Ötən ilin sonunda Aqrar Subsidiya Şurası 2023-cü il üçün subsidiya əmsallarını açıqlayıb. Şura "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na müvafiq olaraq 2023-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Subsidiya əmsalları üzrə yenilikləri iki istiqamət üzrə qruplaşdırmaq olar. Yeniliklərin bir istiqaməti ərzaq təhlükəsizliyinin daha da inkişaf etdirilməsi, digəri isə ixrac potensialının artırılmasıdır.
Qeyd edək ki, subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. Aqrar Subsidiya Şurası aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqandır.
Hansı yeniliklər var?
Yeniliklərdən danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Fərid Rəhimli bildirib ki, dənli və dənli paxlalıların (buğda, arpa, çovdar, vələmir, noxud, lobya, mərci və s.) əkin subsidiyası hər hektara görə 210 manatdan 220 manata, xüsusilə yem bazasının inkişaf etdirilməsi üçün təkrar əkinlərə görə ödənilən subsidiya isə 86 manatdan 100 manata qaldırılıb.
O diqqətə çatdırıb ki, məhsul subsidiyasında isə bu il ilk dəfə yenilik tətbiq edilərək Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məhsul subsidiyası veriləcək. Bu, əsas yeniliklərdən biridir.
AKİA-nın sədr müavini vurğulayıb ki, pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2023-cü ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək:

"Fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 180 manat (bundan əvvəl 170 manat), Virciniya sortu üzrə yaş tütünün hər tonuna görə 30 manat (əvvəl 26 manat), quru tütünün hər tonuna görə 200 manat (əvvəl 180 manat) və yaş tütünün hər tonuna görə 20 manat (əvvəl 18 manat), şəkər çuğundurunun hər tonuna görə 18 manat (əvvəl 12 manat) məhsul subsidiyası alacaqlar".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əsas əkinlərdən sonra təkrar əkin olaraq çəltik, qarğıdalı, kartof, günəbaxan, darı, sorqo, soya əkən fermerlər hər hektara görə 100 manat subsidiya alacaqlar. Təkrar əkinlərin subsidiyalaşdırılması fermerlərə ildə iki dəfə məhsul götürməyə və iki dəfə subsidiya almağa imkan verir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
Ağdam, Ağsu, Cəlilabad, Cəbrayıl, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağlarının hər hektarına görə 8000 manat məbləğində əkin subsidiyası veriləcək.
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5000 manat məbləğində əkin subsidiyası ödəniləcək.
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan hər hektar intensiv limon bağlarına görə 11600 manat, intensiv naringi və portağal bağlarına görə 9600 manat, intensiv nar bağlarına görə 3000 manat məbləğində əkin subsidiyası veriləcək.
Qeyd edilən bağlara görə əkin subsidiyasının alınması üçün bu bağların "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan:
intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;
şabalıd bağlarının hər hektarına görə 800 manat;
damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;
damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcək.
Aqrar Subsidiya Şurasının qərarına görə,
Çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.
Fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Limon, kinkan, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq 2023-cü il üzrə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilib.
Pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2023-cü ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 180 manat (bundan əvvəl 170 manat), Virciniya sortu üzrə yaş tütünün hər tonuna görə 30 manat (əvvəl 26 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 200 manat (əvvəl 180 manat) və yaş tütünün hər tonuna görə 20 manat (əvvəl 18 manat), şəkər çuğundurunun hər tonuna görə 18 manat (əvvəl 12 manat) məhsul subsidiyası alacaqlar.
Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
2023-cü ildə əkin subsidiyasının verilməsi üçün "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilib.
Aqrar Subsidiya Şurası,
2023-cü il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü il üzrə dövlət büdcəsi çərçivəsində Aqrar Subsidiya Şurası tərəfindən istehsal vasitələrinin qiymətlərinin artımının fermerlərin xərclərinə təsiri nəzərə alınmaqla əmsallara yenidən baxıla bilər. Bununla bağlı yeni qərar verildikdə ictimaiyyətə məlumat veriləcək.
Yaşayış məntəqələrinin torpaqlarında aparılmış əkinə görə subsidiya verilmir
Xatırladaq ki, əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
Məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır.
Təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir. Yaşayış məntəqələrinin torpaqlarında aparılmış əkinə görə subsidiya verilmir.
Fermerlərə subsidiyaların verilməsini, habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.
Xəbər lenti
0