Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan dünyanın ən böyük animasiya film festivalında təmsil olunur

Kinoteatr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Abunə olmaq
İqlim dəyişikliyinə həsr olunmuş festivalın bilet satışından əldə olunan bütün gəlir ağac əkilməsinə xərclənəcək.
BAKI, 14 iyun — Sputnik. Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın “Annecy” Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur. Ötən gün başlayan festival iyunun 18-nə qədər davam edəcək. “Annecy” festivalında Azərbaycanı “Animafilm”in təşkilatçıları Rəşid Ağamalıyev və Nəzrin Ağamalıyeva, həmçinin rejissor Cavid Əhədov təmsil edirlər.
Cavid Əhədov 4-cü “Animafilm” festivalının qalibi Firəngiz Qurbanovanın "Birlik" animasiya studiyasının animatorudur. Onun “Annecy”də iştirakı "Birlik" studiyasının 4-cü “Animafilm” festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub.
Qeyd edək ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və “Annecy” festivalının özü olub.
Xatırladırıq ki, 5-ci “Animafilm” festivalının müsabiqə proqramına filmlərin qəbulu davam edir. Bu il də “Animafilm” festivalı Fransanın Azərbaycandakı səfirliyi və IFA-nın tərəfdaşlığı və “Annecy” festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə ənənəvi mükafat təqdim edəcək.
Həmin kateqoriya üzrə qalib 2023-ci ildə MIFA adlı peşəkar akkreditasiya əldə edərək Fransada keçiriləcək “Annecy” festivalına qatılacaq. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək. Yerli müəlliflər öz filmləri ilə iyulun 15-nə qədər müraciət edə bilərlər.
Onu da qeyd edək ki, 5-ci “Animafilm” festivalının uşaq münsiflər heyətinə də qəbul davam edir. Məhz uşaqların səsverməsi ilə "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" və "Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi" müsabiqəsinin qalibləri müəyyən olunacaq. Uşaq münsiflər heyətinə seçilmək üçün müraciət iyulun 15-nə qədər davam edəcək.
5-ci “Animafilm” Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr 2022-ci il tarixlərində keçiriləcək. Builki festivalın mövzusu iqlim dəyişikliyidir. Təşkilatçıların qərarına əsasən, bilet satışından əldə olunan bütün gəlir ağac əkilməsinə xərclənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0