CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda baxımsız qalan körpələrin valideynləri barədə sərt qərar veriləcək

© Pexels freestocks.orgKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Abunə olmaq
Azərbaycanda baxımsız qalan körpələrin anaları valideynlik hüququndan məhrum edilir. Monitorinqlər zamanı aşkarlanan neqativ halların qarşısı müvafiq komissiyalar tərəfindən alınır.
BAKI, 3 may — Sputnik. Bir müddət öncə Gəncədə qadın körpəsini imkansız ailəyə verərək, “uşağa bax, pulunu verəcəyəm” deyib və bundan sonra yoxa çıxıb. Daha sonra həmin qadın telekanalların efirinə çıxaraq övladından imtina etdiyini bildirib. Bu, ölkədə baş verən ilk belə hal deyil.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə belə halların aradan qaldırılması üçün valideynlik hüququnun məhdudlaşdırlması və valideynlik hüququndan məhrumetmə ilə bağlı müvafiq işlərin görülməsinini zəruri olduğunu qeyd edib.
Onun sözlərinə görə, icra hakimiyyətləri yanında qəyyumluq komissiyaları birbaşa olaraq bu məsələdə səlahiyyətlidirlər: "Ailənin vəziyyətinin qiymətləndirilməsi, uşaqların baxımsız vəziyyətdə olması monitorinq zamanı aşkarlandığından icra hakimiyyətləri yanındakı komissiyalar birbaşa rəy verirlər. Məhkəmənin qərarı ilə bu iş icra olunur".
K.Ağazadə Baş Prokurorluq yanınca Cinayət Təqibindən Kənar İşlərin İcrası üzrə İdarənin fəaliyyətindən, eyni zamanda da Sosial Xidmətlər Agentliyi tərəfindən bu istiqamətdə görülən işlərdən danışaraq qeyd edib ki, 2021-ci ildə Xırdalanda "Bombey" adlanan ərazidə baxımsız vəziyyətdə aşkarlanan 4 bacı-qardaşın anasının valideynlik hüququ məhdudlaşdırılıb. O, bunun səbəbini qadının içki düşkünü olması ilə izah edib:
"Qadının övladlarından ən böyüyünün 8, ən kiçiyinin isə 1 yaşı vardı. Qadın məhkəmədə dəyişəcəyinə söz vermişdi. Hazırda həmin uşaqlar dövlətin sosial sığınacağındadırlar".
Birlik sədrinin sözlərinə görə, valideynin hüququ məhdudlaşdırılarkən ona zaman verilir ki, davranışlarını, həyat tərzini dəyişsin, uşaqlar üçün münbit yaşam mühiti yaratsın, onların sosial rifahı düzəldilsin. Dəyişiklik olarsa, bu zaman uşaqlar ailəyə qaytarılır, əks halda dövlət müəssisəsinə yerləşdirilir.
Bir müddət öncə Gəncədə imkansız ailəyə verilən körpə ilə bağlı danışan K.Ağazadə qeyd edir ki, həmin körpənin anası övladının sığınacaqda qalmasını istəyib: "Əslində bu da şifahi imtina idi. Tərəfimizdən uşağın qəyyumluğunun əldə olunması, sənədlərinin düzəldilməsi, məhkəmə tərəfindən qadının valideynlik hüququndan məhrum edilməsindən sonra planlaşdırılır. Biz bununla bağlı müraciət edəcəyik və aidiyyəti qurumları onu icra edəcəklər".
Birlik sədri bildirir ki, qadının digər iki övladını da nənə-babaları böyüdür. Bu isə valideynin öz öhdəliklərini bilmədiyi anlamına gəlir.
K.Ağazadə qeyd edir ki, ümumiyyətlə bu kimi hallarla bağlı Abşeron, Binəqədi, Nizami, Suraxanı rayon icra hakimiyyətlərinin müvafiq komissiyasının fəaliyyətini yüksək qiymətləndirmək olar. Məqsəd valideynlərin bu hüquqdan məhrum edilməsi deyil. Lakin zərurət varsa, bu addım atılmalıdır.
QHT-lərin daha çox cəmiyyətlə iş qurmalarının vacibliyini vurğulayan K.Ağazadə qeyd edir ki, artıq sosial şəbəkələr üzərindən hüquq-mühafizə orqanlarına edilən müraciətlərin nəticələri görünür. Maariflənmə işləri sosial şəbəkələr üzərindən düzgün qurularsa, qısa zamanda belə halların qarşısı alınar:
"İcra hakimiyyətlərindən böyük məsuliyyət tələb edirik. Komissiyaların işçi heyətinin sayı artırılsa, sosial işin gücləndirilməsinə dəstək verilsə, bu hallar daha çox monitorinq zamanı da aşkarlana bilər".
Uşaq hüquqlarının müdafiəçisi qanunvericilikdə nəzərdə tutulan bəndlərin düzgün icra olunmasının tərəfdarıdır. Əsas mexanizmlərə diqqət yetirilməlidir.
Rəqəmlər nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində valideynlik hüququndan məhrumetmə ilə bağlı 123 işə baxılıb, iddiaları təmin olunan işlərin sayı 44 olub. Valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı isə 15 işə baxılıb, iddiaları təmin olunan işlərin sayı 5 olub.
2020-ci ildə isə validyenlik hüququndan məhrumetmə ilə bağlı 98 işə baxılıb, iddiaları təmin olunan işlərin sayı isə 38 olub. Validyenlik hüququnun məhdudlaşdırılması ilə bağlı isə 5 işə baxılıb, iddiaları təmin olunan işlərin sayı 3 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0