Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əlixan Səmədov: "Sanki, musiqi ruhumuz getdikcə yox olur"

balaban - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Bir musiqi alətini sadəcə qoruyub saxlamaq, "Bizimdir" deməklə olmur. Gərək onu istifadə edəsən, gələcək nəsillərə çatdırasan.
BAKI, 19 mart — Sputnik. O, Azərbaycan musiqi sənətini inkişaf etdirmək məqsədi ilə 1993-cü ildə Türkiyəyə köçüb. Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edən sənətkar balabanı ilə orada böyük dinləyici kütləsi qazanır. İndi onu təkcə Türkiyə yox, dünyanın digər ölkələri də tanıyır, sevə-sevə dinləyir. Söhbət Xalq artisti Əlixan Səmədovdan gedir. Dünyada işıq üzü görən yüzdən çox əcnəbi musiqidən ibarət albomda öz ifası ilə yer alıb. "Balaban metodu" kitabının müəllifi olan sənətkar müxtəlif mükafatlara layiq görülüb. Tarixdə ilk dəfə olaraq simfonik orkestrin müşayəti ilə balabanda simfoniya ifa edən Əlixan Səmədov yaradıcılığı və Azərbaycan musiqisinin bugünkü vəziyyətindən Sputnik Azərbaycan-a bəhs edib.
- Əlixan bəy, uzun illərdir ki, ermənilər və azərbaycanlılar arasında mübahisə yaradan məsələrdən biri də balabanın hanı xalqa məxsus olmasıdır. Bəzi musiqiçilər deyirlər ki, balaban bizimdir, onlarda isə düdükdür. Bəzi musiqiçilər də deyir ki, elə hər ikisi türkmənşəli sözdür, bizə aiddir. Sizin fikrinizi bilək istərdim.
- Sözsüz ki, balaban Azərbaycanın Milli Musiqi alətidir. Hətta Türk dünyasının deyə bilərəm. Sadəcə, bir musiqi alətini qoruyub saxlamaq, "Bizimdir" deməklə olmur. Gərək onu istifadə edəsən, gələcək nəsillərə çatdırasan. Məktəblərdə, musiqi dərslərində, milli musiqi alətlərimiz haqqında geniş yer ayrılmalıdır ki, oxuyan uşaqlarımız da, bu bilgilərə sahib olsun. Artıq zəmanə dəyişib. Balaban haqqında hər bilgi, rəqəmsal portallarda qeydiyyatdan keçməlidir ki, başqa ölkələrdə yaşayan insanlar da, araşdırdığı zaman bu bilgiləri oxuya bilsin. İstər məqalə olsun, istər musiqi. Xaricdə yaşayan insanlarla bu barədə söhbət etdiyiniz zaman o an internetdən verdiyiniz bilgiləri axtarmağa başlayırlar. Doğru bildiyiniz bilgilər onun qarşısına çıxmadığı zaman sizə inanmaz. Mənim fikrim isə çox danışmaqdansa, çox iş görmək lazımdır.
- Bildiyim qədəri ilə siz balabanı erməniləşdirən yüzlərlə saytı bağlatdırmısınız. Bu, çox güman ki, elə də asan olmayıb...
- Elədir, çünkü mən zamanında bir çox musiqimizi və bu günə qədər ifa etdiyim bütün musiqiləri rəqəmsal portallarda qeydiyatdan keçirdiyim üçün yalan məlumat yazan hansı sayt olursa olsun, bağlatdıra bilirəm. Ən çox da, "YouTube" kanallarında belə yalan bilgilərə rast gəlmək olur. Sağ olsunlar, milli ruh daşıyan gənclərimiz də, bu barədə mənə kömək edirlər. Mənim görmədiyim video linklərini mənə yollayırlar və anında o videonu ordan yox edirəm. Əslində musiqi ümumbəşəridir, hər kəs dinləyə bilər, amma musiqinin adını, hansı ölkəyə aid olduğunu dəyişərək, öz uydurma adlarıyla yayınladıqları zaman, bu heç də xoş olmur. Onları dinləyən öz xalqının gəncləri də elə bilir ki, bu musiqi onlara aiddir. Mən sadəcə bu yalanların qarşısını almağa çalışıram. Başqa millətlər bizim musiqimizi ifa edəndə qürur hissi keçirirəm.
- Uzun müddətdir ki, Türkiyədə yaşayırsınız. Ölkəmizdə musiqi sahəsində hansı dəyişikliyi görürsünüz?
- Mən uzun illərdir ki, Türkiyədə yaşayıram. Ümumən, Azərbaycan musiqilərini təbliğ edərək bir çox konsert salonlarında konsert verirəm. Bunun üçün də sevənlərim, dinləyənlərim çoxdur. Çünkü, sadəcə Azərbaycan musiqisini bir azərbaycanlıdan dinləyirlər. Çox gözəl musiqiçilərimiz var, hətta elə musiqiçilərimiz var ki, heç bir dəfə də Türkiyədə olmayıb, amma ifa etdiyi bütün Azərbaycan musiqiləri Türk ladındadır. Hər xalqın musiqisini mahir ifa edə bilirlər. Amma unutduqları bir şey var o da, Azərbaycan musiqisidir. Milli musiqilərimizin gözəlliyi ruhumuzdadır. Sanki, musiqi ruhumuz getdikcə yox olur. Gözəl musiqiçi, mahnını sözsüz olaraq dinləyicisinə çadıra bilən musiqiçidir. Xalq çalğı alətləri ansambıllarımız demək olar ki, yox oldu. Bizlər o musiqilərlə böyüdük. Üzülərək demək istəyirəm ki, artıq gənclərimiz o musiqilərimizdən xəbərsiz böyüyürlər. Bunları bərpa etmək hamımızın borcudur.
- Son zamanlar yazılan musiqilər demək olar ki, bir-birinə bənzəyir. İnsanın ruhunu oxşayacaq musiqilər demək olar ki, nadir hallarda yazılır. Sizcə, səbəb nədir? Musiqimiz tükənmişlik sindromumu yaşayır?
- Bunun başlıca səbəbi yaşam fəlsəfəsidir. Yaradıcı musiqiçilərimiz də var. Sadəcə onlara şərait yaradıldığı zaman inanın ki, gözəl musiqilərimiz də, üzə çıxar. Hal-hazırda bütün musiqilərin 90%-i toy biznesi üçün yaradılır. Xalq, musiqi mədəniyyəti, festival, adına nə istəyirsəniz deyin, kimsə bunları düşünmür. Hər kəs, "toya gedim, 3-5 quruş qazanım və ailəmə baxa bilim" dərdindədir. Çünki, elə olur ki, gözəl bir layihəm olur istəyirəm ki, Azərbaycandakı, dostlarımla bərabər bu işi görüm. İnanın, işin içində qazanc olmayanda sənət üçün heç kim bu işə yanaşmır. Halbuki, sənət üçün nəisə yaratmalısın ki, insanlar dinləyib bəyəndikdən sonra, səni konsertlərə dəvət etsinlər. Nə yaxşı ki, sənət adına yaşayıb, yaratmak istəyən dostlarımız, istər Türkiyədə, istər Azərbaycanda hətta dünyanın bir çox ölkəsində var. Yoxsa, dediyiniz kimi, musiqilərimiz tükənmişlik sindromunu yaşamağa davam edəcək.
- Əvvəllər Türkiyədə bizim musiqilərimizi ifa edirdilər, bilərəkdən, ya bilməyərəkdən "anonim" yazırdılar. Son illər sizin sayənizdə bu problem aradan qalxıb. Amma digər ölkələrdə, bu hələ də davam edir. Zaman-zaman bizim musiqilərimizi mənimsəyirlər. Ümumiyyətlə, sizcə Azərbaycan hökuməti bu məsələ ilə bağlı hansı addımlar atmaldır ki, musiqi sərvətimiz talan edilməsin?
- "Anonim" bəstəkarı bilinməyən musiqidir. Daha öncə bu barədə bilgi olmadığı üçün belə yazmaq məcburiyyətində qalırdılar. İndi şükürlər olsun ki, bilmədikləri bilgiləri, məni tanıyanlar məndən, tanımayanlar isə rəqəmsal portallardan öyrənmə imkanları olur. Bunun üçün də, sadəcə musiqilərimizin qeydiyyatdan keçməsinin nə qədər vacib olduğu bir daha ortaya çıxır. Başqa ölkələrin musiqilerini mənimsəyən ölkələr arasında elə Azərbaycanın özü də var. Belə ki, istəyən hər kəs istədiyi musiqini icazə almadan televiziya programlarında istifadə edə bilir. Halbuki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azerbaycan Respublikasının Qanununda belə bir maddə yazılıb. Sadəcə inkişaf etmiş ölkələrdə bu qanunlar tədbiq olunur. Ümidvaram ki, çox yaxın zamanda ölkəmizdə də, bunula əlaqədar islahatlar aparılacaq. Bu mövzuda mənim, bir ildən çoxdur ki, Azərbaycan Mədəniyyət Nazirliyinə təqdim etdiyim layihəmdə hər şey detalları ilə yazılıb. Sadəce həyata keçməsini gözləyirəm. Ümidvaram ki, tezliklə həyata keçər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Balaban  - Sputnik Azərbaycan, 1920, 19.02.2022
MƏDƏNİYYƏT
Balaban və düdük - hansı Azərbaycana, hansı ermənilərə məxsusdur? - VİDEO
Xəbər lenti
0