Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İki şagird buraxılış imtahanından xaric edilib

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 06.03.2022
Abunə olmaq
Martın 5-6-da imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3620 imtahan zalı ayrılıb.
BAKI, 6 mart - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi martın 6-da respublikanın 16 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Mərkəzdən verilən xəbərə görə, 2 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
İmtahanda iştirak etmək üçün sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Bu gün Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verib.
DİM-dən verilən xəbərə görə, imtahanlarda 24824 abituriyentin iştirakı gözlənilir. İmtahanlar saat 11:00-da başlanıb. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatıb. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunub.
Xatırladaq ki, martın 5-6-da imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3620 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 216 ümumi imtahan rəhbəri, 586 imtahan rəhbəri, 4506 nəzarətçi-müəllim, 442 buraxılışı rejimi əməkdaşı (mühafizə), 216 bina nümayəndəsi ayrılıb. İmtahanlarda ümumilikdə 17 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. İmtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0