Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Baş prokurordan Tərtər cinayəti ilə bağlı yeni məlumat

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidKamran Əliyev
Kamran Əliyev  - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Əliyev deyib ki, heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə bilməyəcək, bu, yolverilməzdir.
BAKI, 20 yanvar — Sputnik. "Tərtər işi" ilə bağlı istintaq qrupu yaradılıb. İntensiv istintaq hərəkətləri aparılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
"Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə bilməyəcək, bu, yolverilməzdir. Tərtər hadisələri olub. Onun istintaqı təzələnib. Bununla bağlı araşdırma aparılır", - baş prokuror qeyd edib.
Qeyd edək ki, bir müddət öncə "Tərtər işi" ilə bağlı Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatda deyilir:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb ediblər.
Onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə, yaxud digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.
Həmin faktlarla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb, aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər.
Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi, nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Hərbi Prokurorluqdan tələb edilib ətraflı surətdə öyrənilib.
Hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.
Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülmüş, prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.
Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir. İstintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcəkdir.
Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".
Xəbər lenti
0