Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qiymət və xərclərdə dəyişiklik olacaq: Türk lirəsindən daha nələr gözləyək?

© AP Photo / Petros GiannakourisTürkiyə lirəsi, arxiv şəkli
Türkiyə lirəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Deputatın sözlərinə görə, lirə dəyər itirdikcə bu, Azərbaycanın valyuta bazarına mənfi psixoloji təsir göstərir. Ancaq hələlik Türkiyə mallarının Azərbaycan bazarında ucuzlaşması gözlənilmir.
BAKI, 24 noyabr — Sputnik. Ticarət göstəricilərinə görə, türk lirəsi çərşənbə günü bir sıra antirekordlardan sonra korreksiya çərçivəsində dollar qarşısında 9% bahalaşıb.
Son məlumatlara görə, dolların lirə qarşısında məzənnəsi 9,39% ucuzlaşaraq 1 dollar üçün 11,61 lirə olub. Noyabrın 8-dən bəri ilk dəfə türk lirəsi Amerika valyutası qarşısında bahalaşıb. Bir gün əvvəl türk valyutası bir dollar üçün 13 lirədən daha aşağı səviyyəyə düşüb. Noyabrın əvvəlindən lirə dollar qarşısında 23,12% ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı noyabrın 18-də uçot dərəcəsini 16%-dən 15%-ə endirmək qərarına gəlib. Və bazar ertəsi, noyabrın 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya ilə çıxışında yenidən uçot dərəcəsinin aşağı salınmasının tərəfdarı olduğunu bildirib. Türkiyə prezidentinin uçot dərəcəsinin azaldılmasının tərəfdarı olduğunu bir daha bəyan etməsi dünən dolların məzənnəsini 13,45 lirəyə yüksəldib.
Lirənin kəskin ucuzlaşmasının Azərbaycana təsirlərindən danışan deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, lirənin ucuzlaşması gözlənilən idi. Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı mütəmadi qərarlar qəbul etdi. Amma bu addım lirənin ucuzlaşmasının qarşısını almağa imkan yaratmadı.
İqtisadçının sözlərinə görə, burada iqtisadi və siyasi səbəblər var. Xüsusilə də xarici hesablaşmalar balansında olan kəsir və bəzi ölkələr ilə Türkiyə arasında siyasi münasibətlərdə olan gərginlik lirəyə təsirsiz ötüşmür. Türkiyə Azərbaycanın qeyri-neft ixracında ən böyük tərəfdaşlarından biridir. Belə ki, 2 milyard dollarlıq qeyri-neft ixracatımızda Türkiyə Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Ümumi qeyri-neft ixracatımızın təxminən üçdəbiri Türkiyənin payına düşür. Bu, isə ondan xəbər verir ki, 2021-ci ildə də ölkələrimiz arasında qeyri-neft ixracatı təxminən 700 milyon dollardan çox olacaq.
Vüqar Bayramov bildirib ki, lirənin ucuzlaşması qonşu ölkələr, o cümlədən Azərbaycan üçün psixoloji təsirlər baxımından arzuolunan deyil. Çünki qonşu ölkələrdə azalmalar müşahidə olunursa, avtomatik olaraq bu, valyuta bazarlarına psixoloji olaraq mənfi təsir göstərir. Azərbaycan investisiyası Türkiyədə enerji sektorundadır və o qiymətlər tənzimlənir. Xammal olaraq birbaşa milli valyuta ilə bağlı olmayan qiymətlərdir. Ona görə də bu, Azərbaycanın Türkiyədəki investisiyasına ciddi təsir göstərməyəcək.
"Eyni zamanda qeyri-neft ixracatımızda da Türkiyəyə ixrac etdiyimiz məhsullar strateji məhsullardır. Lirənin ucuzlaşması Azərbaycan məhsullarının Türkiyə bazarında bahalaşmasına gətirib çıxardır. Amma bütövlükdə qeyri-neft ixracatımızda ciddi dəyişikliyin olacağı gözlənilmir. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini enerji, xüsusən də mavi qaz nəqli təşkil edir. Mavi qazın da qiyməti dünya bazarında müəyyən edildiyi üçün lirənin məzənnəsində dəyişiklik enerji əməkdaşlığımıza xüsusi təsir göstərmir", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, iqtisadi əlaqələr baxımından lirənin ucuzlaşmasının xüsusi təsirləri olmayacaq, amma lirə dəyər itirdikcə bu, Azərbaycanın valyuta bazarına mənfi psixoloji təsir göstərir:
"Lirənin ucuzlaşması Türkiyə mallarının ucuzlaşmasına gətirib çıxarda bilər. Amma lirənin ucuzlaşması ilə yanaşı, Türkiyədə inflyasiya, qiymət artımları da müşahidə olunur. Ona görə də gözlənilir ki, bir sıra türk mallarının qiymətlərində və ya xərclərində müəyyən dəyişikliklər olsun. Amma bütövlükdə Türkiyənin özündə xüsusən son aylar inflyasiya yüksək olduğuna görə lirənin dəyərdən düşməsi türk mallarının ucuzlaşmasına ciddi təsir göstərməyəcək. O baxımdan hələlik Türkiyə mallarının Azərbaycan bazarında ucuzlaşması gözlənilmir".
Xəbər lenti
0