CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır - Əli Məsimlidən narazılıq

© Photo : REPORTƏli Məsimli, arxiv şəkli
Əli Məsimli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Millət vəkili deyib ki, Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı onlarla eyni səviyyədədir.
BAKI, 17 noyabr — Sputnik. Bu gün Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinət sahəsindədir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, indiyədək müharibədə iştirak edən qazilərə pensiya müavinəti təyin edilməyib.
O, ölkədə pensiya yaşının yuxarı olmasına da etiraz edib:
"Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı onlarla eyni səviyyədədir. Orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə pensiya yaşı bizdən aşağıdır. Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır".
Əli Məsimli Azərbaycanda pensiyaya çıxan insanların vəziyyətinin acınacaqlı olmasına da diqqət çəkib:

"Azərbaycanda pensiyaların artırılması əməkhaqqının artırılması ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə insan pensiyaya çıxanda onun ömrünün romantika dövrü başlayır. Azərbaycanda isə pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır. Çünki onun aldığı pensiya minimum tələbatının ödənilməsinə kömək etmir. Bu istiqamətdə ciddi araşdırmaların aparılması çox vacibdir".

Qeyd edək ki, bu gün Milli Məclisdə "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur.
Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8%-i qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1%, qeyri-büdcə sektorunda isə 13,1% təşkil edəcək.
Xəbər lenti
0