BAKI, 26 iyul — Sputnik. Ukrayna Mərkəzi Seçki Komissiyası Seçki protokollarının 100%-ni hesablayıb. Bu barədə Sputnik Azərbaycan Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, seçkilərdə Ukrayna prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi "Xalqın xidmətçisi" partiyası seçicilərinin 43,16% səs toplayaraq birinci pillədə qərarlaşıb.
İkinci yerdə 13.05% göstərici ilə "Həyat uğrunda - müxalifət platforması" qərarlaşıb.
Üçüncü yerdə sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi "Batkivşina" partiyası qərarlaşıb. Belə ki, onun partiyası 8,18% toplayıb.
Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun rəhbərlik etdiyi Avropa Həmrəyliyi Partiyası 8,10% səslə dördüncü yerdə qərarlaşıb.
Beşinci pillədə isə 5,82% səslə musiqiçi Svyatoslav Vakarçukun rəhbərlik etdiyi "Səs" partiyası gəlir.
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.
Parlamentdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər.